Mikayıl Cabbarov Xaləddin İsgəndərovun övladının 65-ci vergi məmuru kimi adı üzərindən xətt çəkib; Elnur İsgəndərovun ismi yanan bina işindən tutmuş qanunsuz tikinti işlərinə qədər hallanır…
Fazil Məmmədovdan sonra İsgəndərovlar kabus yaşamaqdadır; Azərbaycanın Daxili İşlər Nazirini öldürən icra başçısının əmisi çıxdı - Şok iddialar
Fazil Məmmədovun işdən qəfil qovulması və Mikayıl Cabbarovun vergilər naziri postuna gətirilməsindən 1 aydan bir qədər artıq vaxt ötür. Gözlənildiyi kimi yeni nazir köhnənin komandasını postlarından uzaqlaşdırmağa başlayıb. M.Cabbarovun 1 qərarı ilə Fazil Məmmədovun işə götürdüyü 64 vergi məmuru işdən uzaqlaşdırılıb.
65-ci məmur oğlu məmur kimdir?
“Gündəm Xəbər”in özəl məlumatına görə, işdən çıxarılanların siyahısında 65-ci şəxs Fazil Məmmədovun bacısı oğlu, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun oğlu Elnur İsgəndərov olub. Lakin onun adı üzərindən xətt çəkilib. Nazirə onun kimliyi haqda məruzə edilib. Belə ehtimal var ki, Fazil Məmmədovun bacısı oğlunu digər 64 nəfər kimi “sağ ol” deyib yola salmaq istəməyiblər. Onunla bağlı digər hərəkətliliyin olacağı da gözləniləndir. Onların arasında Qabil Tarquliyev Diaspora ilə İş üzrə Dövlət Komitəsi sədri Nazim İbrahimovun bacısı oğlu, Fəxrəddin Poluxov Azərbaycanın Cənubi Afrika Respublikası, Anqola, Mozambik, Svazilend və Zimbabvedəki səfiri Elxan Poluxovun qardaşı, Azər Hüseynov Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədovun kürəkəni var. Nəsimi Cəfərov İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun kürəkəni, Famil Miriyev Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun bibisi oğlu, Kəmaləddin Baxşəliyev və Çingiz Abdullayev isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun tələbə yoldaşları da var. Turac Mahmudov və Firdovsi Aslanov keçmiş vergilər naziri Fazil Məmmədovun tələbə yoldaşları, Rahim Əfəndiyev isə yaxın dostu və ailə biznesini idarə edən şəxsdir. Xaləddin İsgəndərovun oğlu Elnur İsgəndərovun vəzifədə saxlanmasına səbəb kimi onun təzyiq altında saxlamaq niyyəti güdülüb.
“kiçik İsgəndərovun” “Range Rover”də padşahlığı
“Gündəm Xəbər”in media üzərindən araşdırmaları zamanı məlum olub ki, təkcə Binəqədi Rayon İcra Hakimiyyətinin qarşısındakı parkın salınması adı ilə büdcə vəsaitinin 28 milyon manatı mənimsənilib. Faktiki isə həmin məbləğin hətta üçdə biri xərclənsəydi, ərazidə daha rahat və gözoxşayan park salmaq mümkün idi. Üstəlik, parkdakı kafe-restoranın kimə məxsus olması da aydınlaşdıırlıb. Belə məlum olub ki, park salınarkən inşa olunan kafe-restoran başçının oğluna yaxın şəxsin adına rəsmiləşdirilib. Yəni dövlətin puluna tikilib, amma özəl mülkiyyət kimi Xaləddin İsgəndərovun oğlu Elnur İsgəndərovun çoxsaylı obyektləri sırasına qatılıb. Amma digər şəxsin adına isə sənədləşdirilib. O da bilinir ki, park salınarkən orada görülən işlərə Elnur İsgəndərov nəzarət edib. Düzdür, Elnur İsgəndərov hazırda Binəqədi İcra Hakimiyyətində işləmir, adı mətbuatda neqativ planda hallanandan sonra dayısı, ötən ilin dekabrına qədər vergilər naziri olan Fazil Məmmədov öz yanına işə aparıb. O gündən Elnur İsgəndərovun bahalı “Range Rover” markalı, Az 99 AA 812 nömrə nişanlı maşınını Binəqədi İcra Hakimiyyəti önündə ara-sıra görən olub. Bakı Vergilər Departamentində dayısının verdiyi iş isə bir şöbənin müavini vəzifəsi olub. Rayon ərazisində tikinti üzrə bütün işlər onun nəzarətində aparılır. İş görmək istəyən hər kəsə “kiçik İsgəndərovun” telefon nömrəsi verilir. E.İsgəndərovun Binəqədi ərazisi üzrə hər kənd və qəsəbədə 3-4 nəfər işçisi var. Bu şəxslər həmin ərazidə tikinti aparan şəxslərdən pul alaraq birbaşa icra başçısının oğluna çatdırır. Hətta kimsə həyətində tikinti işi görürsə, E. İsgəndərov əmisi oğlu Valeh İsgəndərovu həmin əraziyə yollayaraq məlumatı öyrənir. Əgər həmin şəxs pul vermirsə, Valeh İsgəndərov və dostları müdaxilə edirlər. Valeh İsgəndərov da qeyri-rəsmi olaraq Binəqədi İcra Hakimiyyətində əsas vəzifələrdən birini tutur.
Yanan bina işində başçı oğlunun izi
İcra başçısının oğlu Elnur İsgəndərovun tezalışan üzlük biznesində əlinin olması X.İsgəndərovu daha da çətin vəziyyətə salıb. Dəhşətli yanğın 15 nəfərin həyatına son qoymuş, 56 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Olaydan dərhal sonra hüquq-mühafizə orqanları binanın bu şəkildə yanıb külə dönməsini tezalışan - poliuretan adlı materialla üzlənməsi ilə izah etdilər. 2015-ci il mayın 19-da Binəqədidə yanan binanın üzlənməsi də Qüdrət Seyfullayevin sifarişi ilə gerçəkləşib. Həmin üzləmə işlərini Fazil Məmmədova məxsus “Synergy Group” MMC-nin nəzdində yaradılmış firmalardan biri maliyyələşdirib. Xaləddin İsgəndərov Qüdrət Seyfullayevi Binəqədi Rayon Təsərrüfat Şöbəsinin müdiri vəzifəsinə işə götürüb. Binaların tezalışan poliuretanla üzlənməsini sifariş edən də Qüdrət Seyfullayev olub. Onun bu işlərində köməkçisi isə həmin vaxt Binəqədi Rayon İcra Hakimiyyətində atasının “yerdə qalan məsələlər” üzrə “müavini” Elnur İsgəndərov olub. M.Cabbarovun qərarı ilə Fazil Məmmədovun işə götürdüyü 64 vergi məmuru işdən uzaqlaşdırılıb. Onların arasında Qüdrət Seyfullayev də var. Bu şəxs Fazil Məmmədovun müşaviri olub.
Naziri öldürən başçının əmisidir?
Bu əsnada Azərbaycan SSR Ali Sovetinin deputatı, respublika daxili işlər naziri general-leytenant Arif Heydərovun xidməti kabinetində güllələnməsi haqda ilginc nüanslar ortaya çıxıb. Arif Heydərovla birgə kabinetdə olan müavini, general Səlahəddin Kazımov və köməkçisi – podpolkovnik Əziz Səfixanov da qətlə yetirilmişdi. Şuşa həbsxanasının zabiti Ziya Muradovun törətdiyi bu hadisə ilə bağlı təfərrüatlar sonralar açıqlansa da, sözügedən olay zaman-zaman xırdalanıb və hər dəfə fərqli prizmalardan izah olunub. Bilinən o idi ki, Z.Muradov iş yerinin dəyişdirilməsi ilə bağlı bir neçə dəfə rəhbərliyə müraciət edib. Müraciətə baxılması uzanıb və bu Z.Muradovu özündən çıxarıb. 2 silahla Bakıya gələrək Daxili İşlər Nazirliyin binasını gedib. Kadrlar şöbəsinə qalxmaq üçün icazə istəyib. Üzərindəki tabel silahını təhvil alan mühafizə xidmətinin əməkdaşları heç ağıllarına gətirə bilməyiblər ki, Z.Muradov DİN-ə qətl törətmək üçün gəlib və müvafiq hazırlıq görüb, üzərində tabel silahından əlavə bir tapança da var. Kadrlar şöbəsinə qalxmaq adı ilə nazirin olduğu mərtəbəyə qalxan Z.Muradov nazirin kabinetinə daxil olaraq odlu silahla qarşısına keçən hər kəsə atəş açmışdı. Criminal.az-a daxil olan məlumata görə Ziya Muradov bu gün Bakının rayonlarından birində icra başçısı vəzifəsini tutan şəxsin əmisidir. İddiaya görə, həmin şəxs Binəqədinin icra başçısı Xaləddin İsgəndərovdur. Onun əmisi dəhşətli olayı törədəndən sonra yaxınları qohumluq əlaqələrini gizlətmək üçün soyadlarını dəyişiblər. Beləcə Muradovların İsgəndərovlara çevirildiyi iddia olunur.
İsgəndərovun fors-major iclası
Ötən həftənin sonu mediada xəbər yayıldı ki, Binəqədinin icra başçısı Xaləddin İsgəndərov Almaniyada müalicəsini yarımçıq qoyaraq ölkəyə qayıdıb. Gecə yarısı təyyarədən düşən başçı iş yerinə gəlib, ətrafındakılara başına toplayaraq rayon ərazisində satılan torpaq sahələri ilə bağlı sənədləri təcili sahmana salmağa tapşırıb. Qanunsuz tikintilərlə mübarizə aparmaq görüntüsü yaratmaq üçün addımlar atılması göstərişini verib. Yanvarın 12-də səhər rayonun Sulutəpə qəsəbəsində söküntü işlərinə başlanıb. Tikinti aparanlar başçının əraziyə göndərdiyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramova, başçının qardaşı oğlu Valeh İsgəndərova deyiblər ki, işə başlamazdan əvvəl onların nümayəndələrini razı salıblar. Buna baxmayaraq tikintilərin sökülməsinə verilmiş göstərişin icrası bəzi ünvanlarda baş tutub. Narazı qalan 100-ə yaxın rayon sakini Sulutəpə bələdiyyəsinin qarşısına toplaşaraq icra başçısının qanunsuz göstərişinin qarşısının alınmasını tələb ediblər. Xaləddin İsgəndərov qəsəbədə böyük gərginliyə səbəb olan bu olaya münasibət bildirməyib. Rayon sakinləri iddia edir ki, Xaləddin İsgəndərovun söküntü işlərini gerçəkləşdirən dəstələrinə ümumi rəhbərliyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov həyata keçirir. Atası Həsən Bayramov Binəqədi Seçki Dairəsinin sədridir. Həsən Bayramov Azərbaycan Beynəlxalq Universitetində Elşad Abdullayevin müavini olub. Qüdsi Bayramov əvvəl Binəqədi Gənclər və İdman İdarəsinin müdiri olub. Sonra Xaləddin İsgəndərov onu Binəqədi Rayon Təsərrüfat Şöbəsinin müdiri vəzifəsinə gətirib və tikintilərdən qeyri-rəsmi pul yığımı işlərini də ona tapşırıb. İddiaya görə, Binəqədi rayonu ərazisində aparılan bütün tikintilərdən pullar Qüdsi Bayramovda toplanır. Vətəndaşın tikinti aparmağa sənədi var, yoxdur – bu, Qüdsi Bayramovu maraqlandırmır. Deyir ki, tikinti aparılırsa, rəsmi icazə ilə yanaşı, qeyri-rəsmi icazə də alınmalı, buna görə pul verilməlidir. Verilmirsə, vətəndaşı tikinti aparmağa qoymurlar, işinə mane olurlar. Tikinti-söküntü ilə əlaqəli maliyyə məsələlərinə Sulutəpə qəsəbəsində Ramin, Fuad, Azər, Biləcəridə Orxan, Novxanıda Rəşad, Binəqədi kəndində Pərviz, Zaur, Arif nəzarət edirlər. Orxan başçının vaxtilə sürücüsü olan Azər Kazımovun oğludur. 26 yaşlı Orxan Kazımov Biləcəri qəsəbəsi icra nümayəndəsinin müavinidir. Bu şəxslərin qeyri-rəsmi icazəsi olmasa, kimsə tikinti apara bilməz. Binəqədi rayonunda vəziyyət belədir və əhali arasında da haqlı narazılıqlara səbəb olur. Başçı rayonda vəziyyəti sanki bilərəkdən gərginləşdirməyə, xalqı ayağa qaldırmağa çalışır.
Sorğu
Yeni dizaynımız necədir?