Faciənin baş verdiyi gecə 1000 nəfərə yaxın dinc sakin bu və ya digər formada yaralanırlar və yəqin ki, onlardan bu günə kimi dünyasını dəyişənlər var, bundan sonra da olacaq
20 yanvar 2018-ci il tarixdə respublikamızın hər bir şəhər və rayonunda, kənd və qəsəbələrində, iri yaşayış məntəqələrində, hətta respublikamızın ərazi hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən, faciə qurbanlarının xatirəsi bir daha yad olundu. Qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mediyev tərəfindən “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edildikdən sonra, respublikamızın şəhər və rayonlarında, idarə və təşkilatlarında Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda canlarından keçən faciə qurbanlarının keçdikləri şanlı mübarizə yolu ilə bağlı müəyyən tədbirlər keçirildi, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşalar, bədii və sənədli filmlər nümayiş etdirildi və digər addımlar atıldı. Onu da bildirək ki, xalqımızın qürur mücəssəməsinə çevrilən 20 Yanvar faciəsi, məhz azadlıq, demokratiya və suverenlik uğrunda aparılan mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində birbaşa dönüş nöqtəsi oldu. 1990-cı il yanvarın 19-da Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış sovet ordusunun böyük kontingenti, xüsusi təyinatlı dəstələri və daxili qoşun bölmələri Bakı şəhərinə yeridilir və şəhərin zəbt olunması, dinc sakinlərə divan tutulması xüsusi qəddarlıqla və misli görünməmiş vəhşiliklərlə müşayiət olunur. Milli mənafeyinin və hüquqlarının qorunması yolunda ayağa qalxan xalqımızın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq, sovet hərb maşınının gücünü hər kəsə nümayiş etdirmək və s. totalitar rejimin azərbaycanlılara qarşı hərbi təcavüzü və ağlasığmaz cinayəti olur. Şəhərə yeridilmiş ordu hissələrinin tərkibində Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət etmiş ermənilər, hətta erməni kursantlarının olması belə, misli bərabəri olmayan cinayətin əhatə dairəsinin olduqca böyük olması ilə nəticələnir. SSRİ DTK-sının “Alfa” qrupunun yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatması, çox keçmir ki, respublikada televiziya verilişlərinin dayandırılmasına da səbəb olur. Gecə qoşun bölmələri şəhərə daxil olur və əhaliyə divan tutmağa başlayır. Verilən məlumatlara görə həmin gecə 137 dinc sakin xüsusi qəddarlıqla qətlə yetirilir və 1000-ə yaxın sakin isə, bu və ya digər formada yaralanır. Şübhəsiz ki, baş verənlər xalqımız üçün böyük dərdə, böyük bir faciəyə çevrilir. Eyni zamanda bu hadisə xalqımızın milli azadlıq və müstəqillik uğrunda apardığı mübarizəsinin kulminasiya nöqtəsinə də çevrilir.
Faciə qurbanlarının bir daha yad edilməsi onu söyləməyə əsas verir ki, xalqımız qərinələr, əsrlər keçsə belə yenə də həmin günü unutmayacaqlar, bir daha xatırlayacaqlar. Çünki, həmin gün xalqımızın qəhrəmanlıq tarixinə əbədi həkk olunan bir gündür. Onu da vurğulayaq ki, hadisənin baş verdiyi gün canını, qanını xalqının azadlığı, suverenliyi, istiqlaliyyəti uğrunda qurban verənlərin hər biri, bu gün Şəhidlər Xiyabanında uyuyurlar və onların uyuduqları yer, xalqımızın and yerinə də çevrilib. Hər ilin 20 yanvar günü onların xatirəsinin dövlət səviyyəsində qeyd olunması, məhz faciə qurbanlarının ruhuna göstərilən diqqət və ehtiramın varlığıdır. Çünki, onlar ölümləri ilə ölməzliyin ən yüksək zirvəsinə, məhz şəhidlik zirvəsinə ucalıblar. Odur ki, biz sakinlər onların ruhuna, adına hər zaman hörmətlə yanaşıb etiramımızı bildiririk və bu bizim birbaşa vətəndaş borcumuzdur, üzərimizə düşən vəzifəmizdir. Bütün bunları qeyd etməklə bərabər bir məqama da toxunaq ki, 1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə şəhid olan 137 dinc sakinin hər biri xalqımızın and yerinə çevrilən Şəhidlər Xiyabanında dəfn olunub və onların məzarları dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına da qaydaya salınıb. Yəni uzun illərdir ki, Şəhidlər Xiyabanında dəfn olunan 137 şəhidi (Allah-Təala onların hər birinə rəhmət eləsin!) ziyarət edirik və ruhlarına dualar da oxuyuruq. Bir sözlə, adı çəkilən yerdə dəfn olunanlar 1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə dünyasını dəyişənlər olduğundan, həmin yer 20 Yanvar faciə qurbanlarının xatirəsinə Şəhidlər Xiyabanı adlanır. Bu il 20 Yanvar faciə qurbanlarının iyirmi səkkizinci ildönümü ilə bağlı keçirilən tədbirlər zamanı, məzarlar arasında doğum tarixi 05 sentyabr 1959-cu il, rəhmətə getmə tarix isə 19 mart 2004-cü il qeyd olunan Adilov Musa Ramazan oğlunun (Allah-Təala rəhmət eləsin!) məzarını gördükdə bir qədər fikirləşməyə məcbur olduq. Çünki bu tək bizim fikirimiz deyil, hər kəs bilir ki, Şəhidlər Xiyabanında 20 Yanvar faciə qurbanları dəfn olunublar. Əgər bu şəxs həmin gecə yaralanıbsa və 19 mart 2004-cü ildə dünyasını dəyişibsə, o halda onun İlham və Fərizənin uyduqları sırada dəfn olunması, faciə zamanı yaralanan və bir neçə il sonra dünyasını dəyişənlərə qarşı sayğısızlıq olmazmı? Yəni, onu demək istəyirik ki, faciənin baş verdiyi gecə verilən məlumatlara görə 1000 nəfərə yaxın dinc sakin bu və ya digər formada yaralanırlar və yəqin ki, onlardan bu günə kimi dünyasını dəyişənlər var, bundan sonra da dəyişənlər olacaq. Hörmətli oxucular! Düşünürük ki, biz belə bir mövzuya toxunmaqla sizə nə demək istədiyimizi az da olsa çatdıra bildik. Çünki yaxşı hal deyil ki, faciə zamanı yaralanan və bir neçə illərdən sonra dünyasını dəyişənlərdən kiməsə diqqət göstərilsin, kimlərəsə sayğısızlıq olunsun. Bu mövzu haqda sosial şəbəkələrdə müzakirələr aparılarkən kimlərsə Musa Adilova məxsus məzarın üstündə yazılmış 19 mart 2004-cü il tarixin texniki səhv olmasını da dilə gətirdi. Amma belə bir texniki səhvə yol verilməsi, heç cür inandırıcı hala oxşamır. Mövzu ətrafında hər kəsin mövqe bildirməsi, bizim üçün də maraqlı olar.
Sorğu
Yeni dizaynımız necədir?