Mehman Əliyev: “Sınmamışıq, qaçmamışıq, öz mövqeyimizdə olmuşuq, çətin dövrlər yaşamışıq”
Bir nəfər Mehman Əliyev, bir mən
– …Yəni medianın iqtisadi durumunun pisləşməsi üçün. Köşklərin götürülməsi, mətbəələrdə qiymətlərin artırılması, reklamların mediadan, medianın isə reklam bazarından çıxarılması və s. kimi medianın iqtisadi dayaqlarının vurub dağıdılması prosesi oradan başladı. Ona görə də bu prosesdə olan media həmin o görüşdə Heydər Əliyevdən nəsə istəməyə başladılar: “Bizə kömək eləyin, borclarımız var”. Bir nəfər Mehman Əliyev, bir mən ayağa durub dedim ki, “cənab prezident, sizin yardımınız bizə lazım deyil.” Hətta mənə təəccüblə baxdı. Dedim, “biz kommersiya qurumlarıyıq. Bizə şərait yaradın, biz işləyək, pul qazanaq, bu dövlətə gətirib verək. Yəni vergi şəklində. Bizə şərait yaradın. Bizə sizin pulunuz lazım deyil. Sizin yardımlarınız bizə lazım deyil”. Bunu deyən yeganə adam mən oldum. Məndən başqa hamı durub nəsə istədi.
– O toplantı mənim də yadımdadır. Rauf Arifoğlu çıxışında qəzetin məbəələrə borcundan danışdı. 60 milyondan söhbət getdi. O zaman Heydər Əliyev Əli Həsənovdan soruşdu, “mətbuatın nə qədər borcu var?” O da dedi, “60 milyon…” Dedi, “dondurun”. Mənim yadımdadır, o zaman mən də yazmışdım ki, “siz 60 milyon istədiniz, o da dondurdu. Bundan başqa hansı problem həll olundu?”
– Mən onu da qeyd eləmək istəyirəm ki, 60 milyon o vaxtkı rəqəmlərlə müqayisədə heç 1 milyon 200 min də eləmirdi.
– Çox aşağı rəqəm idi.
– Hələ təxmini deyirəm. Amma iş ondadır ki. mən sonra baxdım. Onda da dedim ki, bu düzgün deyil, bunu eləmək olmaz. O zaman ya “Yeni Müsavat” qəzeti olsun, ya da “Azadlıq” qəzeti özlərini kifayət qədər yaxşı maliyyələşdirə bilirdilər. Onların yaxşı da pulları var idi. Nəyə lazım idi ki, deyəsən borcları dondur?
– Elə hər şey də o vaxtdan başladı.
– İş ondadır ki, borcların 97 faizi hakimiyyət qəzetlərinin üzərində idi. Və onların borclarını sildilər. Bunların balaca, cüzi borcları var idi. Əsasən isə hakimiyyət öz himayəsində olan informasiya vasitələrinin borclarını sildi. Onlara kömək elədi. Bunlara nə kömək oldu ki? Ondan sonra yenə də sərtləşmə davam elədi və medianın iqtisadi cəhətdən çökməsinə gətirib çıxardı.
– Mehriban xanımın adamları ilə ilin əvvəlində aparılan danışıqlar bitdi, iflasa uğradı, yoxsa 2018-ci ildə hansısa islahatlar olacaqmı?..
– Açığını deyim ki, bu gün bu istiqamətdə hansısa danışıqlar yoxdur. Yəni belə danışıqlar getmir. O vaxtdan dayanıb. Məncə hansısa hakimiyyətdaxili problemlər yaranıb. Mən fikirləşmirəm ki, mənim verdiyim təşəbbüs də həyata keçə bilərdi. Açığını deyim, ona hələ hazır da olmaq lazımdır. Ona biz hazırıq. Biz azad media olaraq, ona həmişə hazır olmuşuq.
Hakimiyyət həmişə istəyir ki, media onun nəzarətində olsun
– Biz hazır olmuşuq, amma…
– Bu, necə deyərlər, bizim problemimizdir, bizim vəziyyətimizdir, bizim duyğularımızdır…
– Gərək ilk növbədə hakimiyyət buna hazır olsun…
– Hakimiyyət həmişə istəyir ki, media onun nəzarətində olsun. Ən aşağısı, media onun dostu olsun. Bütün bu yeniliklərə ilk növbədə hakimiyyətin özü hazır olmalıdır. Mən hesab eləmirəm ki, onların hamısı buna hazırdır. O problem də var. Ona görə də bu gün siz deyirsiniz ki, dialoq davam olunacaq? Dialoq o zaman davam olunar ki, onların özləri özlərində qərar verməlidirlər ki, bəli, biz Azərbaycanda azad, müstəqil, peşəkar medianın yaradılmasında maraqlıyıq. Ancaq mənə elə gəlir ki, bu gün onlar hələ ki, buna hazır deyillər. Bu gün hələki media siyasətini Əli Həsənov formalaşdırır. Çünki, bayaq dedim, mən sordum ki, həmin sənəd Əli Həsənovun əlinə düşüb, ya yox? Dedilər ki. “bəli”.
– Hər şey aydındır, əgər bu gün də bütün sənədlər ora gəlirsə…
– Bəli, ora gəlirsə, artıq hər şey aydındır. Həmin komanda hələ də işləyir, köhnə qaydalarla media siyasəti aparılır və s. Baxın, Mətbuat Şurasının özünü aparma qaydasına – saytların bloklanmasına, həbslərin aparılmasına və s. O söhbətin üzərindən 6 ay keçib. Hər şey onu göstərir ki, proses davam edir. O baxımdan, demək olar ki, bu islahatlara onlar da hazır deyillər. Mən hesab edirəm ki, indiki mərhələdə dialoqu davam etdirmək mümkün deyil. Mehman Əliyevə nəsə təklif eləmək, almaq-vermək mənasızdır. Mən ona getmirəm.
– Məşhur bloqqer Azər Kərimzadənin sualı var: “Mehman bəy sizin işinizdə qətiyyət göstərən və sonda sizin azadlığınıza nail olan Amerika niyə Mehman Huseynov, Seymur Həzi, Əziz Orucov və digər jurnalist və bloqqerlərin işində bu qətiyyəti göstərmir?” Orxan Məmmədov da soruşur ki, “Digər siyasi və vicdan məhbuslarından fərqli olaraq, Mehman bəyin həbsi bir ay belə çəkmədi. Əlbəttə, kaş bütün siyasi məhbuslarımız azad olunaydı tezliklə. Amma bu müddətin digərlərinkindən az olması, sonradan hətta siyasi sifarişlə həbs etdirmiş nazirin belə vəzifədən getməsi Mehman bəy tərəfdən nə ilə xarakterizə olunur?” Məşhur jurnalistlərimizdən Məhəmmədəli Qəribli də soruşur ki, “vergilər naziri Fazil Məmmədovun işdən azad edilməsi ilə Mehman Əliyevin həbsi arasında bir əlaqə ola bilərmi? Çünki ara-sıra belə versiyalar səslənir”. Əslində, bu da maraqlı oldu. Sizin Vergilər Nazirliyi ilə işinizin getdiyi ərəfədə nazir Fazil Məmmədov vəzifəsindən istefa verdi.
– Əslində, biz siyasi motivlərlə həbs olunan insanlara baxsaq, məsələn, Xədicə İsmayıl həbs olunmuşdu, təxminən bir ildən sonra azadlığa buraxıldı.
– Təminən ilyarım sonra…
– Leyla Yunus…
– O da təxminən o müddətdə…
– İlqar Məmmədovu götürsək, məsələn, Avropa Məhkəməsinin verdiyi qərarlar. Yenidən proses başlayıb. Yenə də dirənirlər, yenə də vəziyyət sərtləşir. 2013-cü ildən bu yana təxminən 4 il çəkir də bu proses? Yəni demək istəyirəm ki, onun da haqqında Avropa Məhkəməsinin qərarları var. Yəni bu formada İlqar Məmmədovun müdafiəsi var. O baxımdan, demək istəyirəm ki, bizdə siyasi məhbusların sayı 161-dir. Onlardan qabaq da olanlar olub çıxıb. Yanaşmalar fərqli olub. Avropa, ya da Amerika institutlarını götürəndə standart yanaşmalar olmayıb.
– Hər kəsə fərqli yanaşma olub.
– Bəli. Açığı, mən deyə bilmərəm ki, niyə burada belə oldu, orada qərar niyə elə oldu? Niyə onunku 6 ay çəkdi, bununku bir il çəkdi? Demək çətindir. Çox çətindir demək. Mən sadəcə bilirsinizmi, nəyi demək istəyirəm. “Turan” İnformasiya Agentliyi 1990-cı ildə yaranıb. Sovetlər Birliyi dövründə.
– Olarmı bir sual da əlavə edim, məhz bununla bağlı?
– Buyurun.
– Ru Az Talıs profilindən belə bir sual gəlib: “Niyə görə onların informasiya agentliyinin adı “Turan” qoyulub? Bu adı qoymaqda kimin va yaxud kimlərin töhfəsi var? Bu adın qoyulmasında hansısa bir məqsəd olubmu?”
– “Turan” İnformasiya Agentliyi 1990-cı ildə yarandı. Sovetlər Birliyi dönəmində Azərbaycanda yaradılmış ilk müstəqil informasiya agentliyi idi. Sovetlər Birliyi deyirəm. Hələ nə Azərbaycanı deyirəm, nə Qafqazı, nə də Orta Asiyanı… Qafqazda da, Orta Asiyada da birinci biz idik. Moskvada o vaxt İnterfax, Postfaktum var idi. Yadımdadır ki, bizdən sonra RİA Novosti yaranırdı və mən getdim Moskvada onlarla tanış oldum. Sonradan onlar qaçıb getdilər, informasiya agentliyini onların əlindən alıb Ali Sovetə verdilər – RİA Novostini. Onlar Rusiya Federativ Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin bir binasında oturmuşdular. Mən onlarla orada tanış olmuşdum. Vinoqradov idi rəhbərləri.
“Turan” Sovetlər Birliyində ən birinci yaranan müstəqil KİV olub
– Deməli, onlar da sizdən sonra yaranmışdılar?
– Onlar da bizdən sonra yaranmışdılar. Yəni demək istəyrəm ki, “Turan” Sovetlər Birliyi dövründə ən birinci yaranan müstəqil Kütləvi İnformasiya Vasitəsi olub. Özü də onu özümüz yaratmışıq. Bir qrup jurnalist onu yaratmışıq, işlətmişik, çalışmışıq, belə də bu xətti aparmışıq. Müstəqil. Sınmamışıq ki? Qaçmamışıq. Öz mövqeyimizdə olmuşuq. Çətin dövrlər yaşamışıq. Bir tərəfdən jurnalist olaraq, digər tərəfdən media təşəbbüskarı olaraq, bütün media qurumlarının yaradılmasında, medianın apardığı bütün mübarizələrdə, bütün mitinqlərdə, piketlərdə, çağırışlarında, toplantılarında həmişə iştirak eləmişəm.
– Bəli, hər zaman iştirak eləmisiniz. İndiyə qədər…
– Yadınızdadır, biz Qələndərovun məzarını ziyarət etdik. Orada neçə nəfər idik?
– 3-4 nəfər.
– Buyurun. Media gəlmişdimi ora? İctimai nümayəndələr ora gəlib bizimlə yanaşı durmuşdularmı? Yox, artıq gəlmirdilər. Vəziyyət belə yaranmışdı. Yəni ki, bu xətt uzun müddət, 27 illik davamlı bir xətt – mən başqalarının mübarizəsini alçaltmaq istəmirəm, hörmətlə yanaşıram. Mən sadəcə olaraq faktı deyirəm, reallığı deyirəm ki, budur. Budur bunun tarixi. Onu da onlar qeyd edirlər. Onu qiymətləndirirlər ki, Sovetlər Birliyi dönəmində yaranan və indiyə qədər duran, dirənən yeganə müstəqil media qalası qalıb. Ona görə də deyirlər ki, biz onu yıxılmağa qoymarıq. SSRİ-yə qarşı mübarizəni aparan Amerika soyuq müharibə dövründə və s. yaranan KİV-i Qərb standartlarına, demokratiyaya sadiq olan bir qurumun məhvi onlar üçün, mən hesab edirəm ki, ciddi bir çağırışa çevrildi.
– Bayaq maraqlı bir söz dediniz ki, “Amerika dedi ki, biz qoymarıq ki, “Turan” İnformasiya Agentliyi belə bağlansın”…
– Bu, onların qərarı idi. Mən açığı gözləmirdim ki, bu qədər çevik şəkildə nəsə baş verəcək. Mən gözləyirdim ki, hə, bəyanatlar, müdafiə olacaq. Əslində, böyük müdafiə qurulurdu. Əgər vaxtında həbsdən buraxılmasaydım, burada çox böyük bir proses başlayacadı. Hətta mənə dedilər ki, “niyə tez buraxıldın, o boyda kompaniyaya başlayırdıq”… Məsələn, mənim 60 illiyimə bütün paytaxtlarda, bütün səfirliklərin qarşısında böyük izdihamlı mitinqlər olmalı idi. Yəni böyük bir kampaniya başlayırdı, onlar məni buraxdılar. Orada böyük bir peoses başlayırdı. Bu, mənə verilən qiymət idi. Əgər onlar mənə bu cür qiymət verirlərsə, o zaman mən sadəcə indiyədək “Turan” olaraq keçdiyimiz yolu nümunə gətirirəm. Biz agentliyi yaradanda adını “Turan” qoyduq. Bunun məsuliyyətini bilirdik. Həmin dövrlərdə də “Turan” adı qoymaq sadə bir şey deyildi.
– “Turan”, yəni Türk dövlətləri birliyi mənasında?
– Açığı, biz onda hesab eləmirdik ki, Sovetlər Birliyi dağılacaq. Amma biz dəyişikliklərin getdiyini görürdük. Biz birinci növbədə fikirləşirdik ki, xarici investorlar və s. Qafqaza, Orta Asiyaya, Rusiyaya gələcək və bu proseslər başlayacaq və ümumi maraq kəsb edəcək. Biz fikirləşirdik ki, Orta Asiyanı, Qafqazı və Rusiyanın cənub hissəsində olan türkdilli respublikaları əhatə edə bilək – “Turan” informasiya məkanı kimi. Çünki bu, çox böyük bir məkan idi, böyük bir maraq kəsb edən bazar idi. Bu gün də baxırıq ki, Xəzər regionunu götürsək – neft, qaz və s. – biz fikirləşirdik ki, böyük bir informasiya məkanını götürürük. Hətta Qazaxıstanda, Özbəkistanda və başqa yerlərdə “Turan”-ın təmsilçiliklərini də açmaq istəyirdik. Biz beynəlxalq agentlik kimi fəaliyyət göstərməli idi. Buna doğru gedirdik. Təəssüflər olsun ki, qoymadılar. Bu hakimiyyət imkan vermədi ki, bu fəaliyyətimizi genişləndirək. Ona görə də “Turan” adı buradan gəldi.
– Yeri gəlmişkən, Qənimət Zahidin “TuranTV”-si bu adla çıxanda əsəbiləşmədiniz ki, bu haradan çıxdı belə?
– Yox, əsəbiləşmək… Bilirsinizmi, necədir…
– Mən bunu Qənimət bəydən soruşdum, dedi ki, “biz bunu bilərəkdən eləmədik, elə təsadüfən belə alındı”…
– Bilirəm. Onlarda belə bir platforma var idi – “TuranTV”. Onun bazasında elədilər. Mən bir daha deyirəm, o qədər də oturub fikirləşmirəm ki, bu niyə belə oldu? Oldu, oldu. Sadəcə ilkin vaxtlarda müəyyən qədər çaşqınlıq yaradırdı. Çünki mənə də zəng eləyirdilər ki, ““TuranTV” sizindir?” İndi də çoxları hesab edir ki, “TuranTV” mənimdir. Bizə bağlayırlar. Həqiqətən də, deyirlər ki, “bax, sizdə “TuranTV” filan şeyləri elədi”. Mənə bunun dəxli yoxdur. Yəni bu çaşqınlıq yaradıb. Çünki “Turan”-ın öz adı, xətti var. Özü də mən bir şeyi də qeyd eləmək istəyirəm ki, bizdə “TuranTV” xəbərləri 1991-94-cü illərdə AzTV-də gedirdi. Rəhmətlik Fərhad Kərimov, Adil Bünyadov, indi Kanadada yaşayan Xalid Əsgərov idi. Bizdə Qarabağdan, Çeçenistandan, Abxaziyadan verilişlər hazırlanırdı. Bütün bu bölgələrdən hazırlanan verilişlər “TuranTV”-nin loqosu ilə gedirdi. Yəni biz bunu eləyirdik. Biz hətta fikirləşirdik ki, 1998-ci ildən sonra qəzetlər açacağıq. Artıq jurnalımız çıxırdı. Daha sonra televiziya olacaqdı. Sonradan bütün bu imkanlar verilmədi. Və biz demək olar ki, 90-cı illərin sonu bütün media tənəzzülə uğramağa başlayanda, biz də o yolu getməyə başladıq. Bizim əsas məqsədimiz, vəzifəmiz o idi ki, bu bazarda özümüzü qoruyub saxlaya bilək. Yəni belə vəziyyətdə inkişafdan danışmaq çox çətin idi – indiki durumu və təzyiqləri nəzərə alsaq.
– Əslində, sizin həbsiniz cəmiyyətdə o qədər böyük rezonans doğurmuşdu ki… Hətta mən də başqaları həbs olunanda o həddə rezonans görməmişdim. İctimai-siyasi mühitdə də çox narazılıqlar, söz-söhbətlər oldu. Çünki sizi hər kəs dəstəklədi. Hakimiyyət tərəfində olanlar, hakimiyyətin cinahında yer alanlar, hakimiyyətlə bağlı olanlar, müstəqillər də sizi dəstəklədilər. Bununla bağlı bir sual var. Şəhriyar Səmədov soruşur: “Həbsi müddətində ölkənin tanınmış jurnalistlərindən, misal üçün Elçin Şıxlı, Arif Əliyev, Qulu Məhərrəmli, Rauf Arifoğlundan hər hansı dəstək aldımı?”
– Bəli, aldım. Onlardan dəstək aldım.
Xədicə İsmayılın səsindəki istehzadan anladım ki…
– İkinci bir sualı var: “Həbs edilən gecə dostlarından sovqat olaraq tort istəmişdi. Bu, simvolik istək idi, yoxsa?..”
– Hə, əslində mən zarafat elədim. Siz də bilirsiniz ki, mən tort-zad, belə şirniyyatlar yemirəm. Sadəcə olaraq, Xədicə İsmayıl orda dedi ki, “Mehman müəllim, nə gətirim sizə?” Səsindəki istehzadan anladım ki, bu, bir az da ələ salmaq idi. Mən bunu başa düşdüm. Axı, mən həmişə deyirəm ki, islahatlar olacaq, vəziyyət yaxşılığa doğru dəyişəcək…
– Bəli, optimist fikirləriniz çoxdur.
– Bəli. Optimist danışmışam və bu mənada Xədicə İsmayıl irad tuturdu ki, Mehman Əliyev belə danışır və s. Bəlkə də məni hakimiyyətə yaxın olmağım, hətta hakimiyyətlə hər hansı bir formada əməkdaşlıq etməyim barəsində söz-söhbət də gəzirdi. Bəziləri üçün şübhəli idi ki, bu niyə belə danışır? O mənada mən hiss elədim ki, o bir az da mənə sataşmaq idi ki, “sizin indiki vəziyyətinizdə sizə nə gətirim”. Mən də gülə-gülə dedim ki, bir dənə tort gətirərsiniz. Soruşdu ki, “hansı tortdan?” Mən də “Teramisu” dedim. Və gətirdilər. Balaca bir tort gətirmişdilər. Ümumiyyətlə, yanıma hər şey gətirmişdilər – yemək gəldi, uşaqlar diş fırçası gətirmişdilər və s. Normal idi.
– Həbsinizlə bağlı sizinlə 3-5 dəqiqəlik söhbət eləmək istəyirəm. Qorxdunuzmu?
– Yox.
Həbsə çoxdan hazırlaşırdım…
– Fikirləşdiyiniz kimi qorxmaq yox. Yəni psixoloji olaraq narahat oldunuzmu ki, işləriniz, planlarınız yarımçıq qaldı. Ev, ailə, məsələn, maşın harada qaldı, açar nə oldu və s.
– Yox. Məsələ ondadır ki, həbsə çoxdan idi ki, hazırlaşırdım. Məsələn, hələ 2014-cü ildə də bilirdim ki, məni həbs eləmək istəyirlər və bu, müzakirə olunur. Mənə dedilər ki, hətta Novruz Məmmədov toplantıda deyib ki, “Mehman Əliyev fond pulu alır, onun villası-filan var”… Deyiblər ki, onun heç evi-eşiyi də yoxdur, bu necə olur-filan. Xırdalayanda gördülər ki, bir şey yoxdur. Bu adama əgər hardansa pul gəlirsə, o qədər yaxşı yaşayırsa, o zaman evi niyə yoxdur…
– Hələ də kirayədəsiniz?
– Hə. Yəni belə bir şey eşitmişdim. Sonra 2015-ci ildə mənə ölkəni tərk eləmək təklif olundu. Xaricdən siqnal gəldi ki, təcili surətdə ölkədən çıxım. Təxminən fevral ayı idi. Mən də dedim ki, heç yana gedən deyiləm. Yəni mən həbsə hazırlaşırdım və deyirdim ki, bunlar nə edirlərsə etsinlər, mən ölkədən qaçan deyiləm. 2016-cı ilin dekabrında da hətta mənə qarşı nəsə hazırlanırdı. Belə bir təşəbbüs var idi. O zaman da yekdil fikir olmadı, prosesi dayandırdılar. Qərar verilmirdi. Bu dəfə artıq proses başlamışdı. Onda da haqqımızda cinayət işi açılanda prosesin hara getdiyi görünürdü. Mən bunu gözləyirdim. Hətta mənimlə görüş oldu və təklif etdilər ki, “gəl bizimlə işlə və səni bu prosesdən qurtaraq”. Dedim ki, yox. Yəni mən şüurlu şəkildə qərarı verdim ki, ora – həbsə gedirəm.
– Budəfəki görüşdə dedilər?
– Yox, hakimiyyət tərəfindən başqa adamlar dedilər. Mənə qarşı yaxşı münasibətdə olanlar, mənim qayğıma qalanlar dedilər ki, “gəl sən razılaş, biz də səni bu prosesdən qurtaraq”. Dedim ki, yox. Mən qərarı verdim, qurtardı, getdi. Özü də bir neçə görüşüm olub, cürbəcür adamlarla. Cürbəcür adam göndəriblər və danışıq aparıblar. Mən dedim ki, yox. Yəni ki, mən həbsə getməyə hazır idim. Mənim üçün də şərəfli idi ki, mən belə yolla qurtarım. Əslində, bunun baş verməsi mənim üçün bir qələbə idi ki, məni sındıra bilmədilər. Bax, bu vəziyyətdən mən bu formada çıxdım. Mənə qarşı nə qədər rəqiblər yaratdılar, məni nə qədər deyək ki, sıxdılar, elədilər, axırda mənim fəaliyyətimi, “Turan”ın fəaliyyətini bu formada dayandırdılar. Bu həbs, güc və s. hesabına oldu. Ona görə də mən bunu qəbul edirəm. Sadəcə olaraq, mənə elan olunanda ki, sən həbs olunursan, bir məsələyə görə narahat oldum ki, bu xəbəri evə necə çatdıracam. Daha çox da atam, həyat yoldaşım narahat olacaqdılar. Bax, onda mən narahat oldum və dedim ki, mənə imkan verin, zəng eləyim.
Kameraya girdim, uzandım və başladım vəziyyəti təhlil eləməyə
– Onda Vergilər Nazirliyində idiniz?
– Vergilərdə idim. İstədim ki, məndən əvvəl evə xəbər eləsinlər, sonra mən evə zəng vurum. Ona görə də dedim ki, imkan verərsizsə, mən xəbər eləyim. Dedilər, “hə, yaxşı”. Zəng elədim, uşaqlara dedim. Nə isə, xəbəri çatdırdılar və mənə dedilər ki, artıq bu haqda evdəkilərin də xəbəri var. Ondan sonra mən zəng elədim. Gördüm, həyat yoldaşım kifayət qədər sakit, təmkinli qəbul elədi. Mənə dedi ki, özünü qoru, özünə yaxşı bax, bizdə hər şey yaxşıdır. Atama da heç nə deməmişdilər. Demişdilər ki, mən xaricə getmişəm. Ondan sonra artıq mən sakitləşdim, demək olar ki… Mən artıq ora gedəndə sakit idim.
– Sizi həmin gecə harada saxladılar?
– Yasamal rayon Polis İdarəsində…
– Bir gecə orada qaldınız?
– Hə, orada qaldım.
– Yatdınızmı, həmin gecə? Yoxsa düşündünüz, fikirləşdiniz?
– Orada ilk gün kameraya girdim. Kamerada tək idim. Sadəcə uzandım və başladım vəziyyəti təhlil eləməyə. Sonra da yatdım. Hə, yemək gəldi. Gəldilər ki, bəs, yemək gətiriblər. Özü də 3 dəfə yemək gəlib. Bir dəfə uşzqlar gətirdilər, Xədicəgilin tortu gəldi və s. Sonra mənim müavinim Şahin yemək göndərdi, daha sonra isə evdən gəldi. Yəni 3 dəfə yemək gələndə məni çağırırdılar. Mən yeməyi yeyəndən sonra yatmışam. Səhər durdum. Orada – bayırda yeriməyə imkan var idi. Qapalı şəraitdə. Sonra otururdum, uzanırdım, yatırdım. Belə də…
– Sizi Kürdəxanı təcridxanasına həmin gün apardılar?
– Yox. Məni Kürdəxanaya şənbə günü apardılar. Demək olar ki, beşinci gün də mən orada qaldım. Şənbə günü səhər apardılar.
– Orada karantində qaldınız?
– İki gün karantində qaldım. 3-cü gün – bazar ertəsi kameraya köçürdülər. Məni Kürdəxanı təcridxanasının rəisinin yanına apardılar, ona dedim ki, vergi maddəsi formaldır, məni siyasi fəaliyyətimə görə, jurnalist fəaliyyətimə görə həbs ediblər. Dedim ki, məni Əli Həsənov tutdurub. Özü də rəisin kabinetində dedim bunu. O da belə qəribə baxdı mənə. Dedi, yaxşı, yaxşı, sonra danışarıq. Düzdür, ondan sonra mən onunla görüşməmişəm. Sonra da məni apardılar kameraya…
– Mehman müəllim, sizin məhkəmələr qapalı keçirildiyi üçün məlumatımız azdır. Məhkəmədə də deyirdiniz?
– Yox, məhkəmədə demirdim, çünki məhkəmə kifayət qədər formal idi. Fuad Ağayev vəsatət qaldırmışdı ki, haqqımda verilən qətimkan tədbirini dəyişdirsin. Prokuror və müstəntiq isə ayağa durub deyirdilər ki, “yox, onu buraxmaq olmaz, çox təhlükəlidir”. Hakim də ənənəvi olaraq bir neçə belə məhkəmə prosesində olub, ona görə də həbs qətimkan tədbiri qüvvədə qalırdı. Çox qısa bir müddətdə baş verirdi.
– Amma səhv etmirəmsə, cümə günü sizi Apellyasiya məhkəməsinə gətirəndə məni muştuluqlamışdılar ki, sizi həbsdən azad edəcəklər.
– Hə.
– Amma həmin gün də szi məhkəməyə gətirmədilər. Həbsdən çıxan günün gecəsi maraqlı bir yuxu görmüşdünüz.
– Hə.
Senatdakı müzakirələri yuxuda gördüm
– İndi də yadınızdadırmı o yuxu?
– Yuxu, hə. Ayın 7-si axşam idi. Gecə mən yuxu gördüm. Gördüm ki, otağa girirəm, bir nəfər oturub və düz baxır. Mən ondan sol tərəfdə idim. Yanında da Amerikanın bayrağı. Tərpənmədən düz istiqamətə baxır və susur. Bir az da Amerikanın sabiq prezidenti Kennediyə oxşayır. Sonradan mən senator Durbin gördüm və fərqində oldum ki, o adam Durbinə də oxşayırdı. Sonra elə bil ki, mən yatmaq üçün uzanmışam və üstümdə də Amerikanın bayrağı var. Ancaq üzərindəki ulduzlar olan yerdə mavi rənglər yox idi. Bayrağın parçası da nazik ipək parça idi. Sol tərəfimdə də hansısa bir qara qüvvənin olduğunu hiss edirəm, görürəm ki, məni tutmaq istəyir. Fikirləşirəm ki, əgər yavaş-yavaş o istiqamətə dönsəm, o məni tutacaq. Gərək fikrimi bir yerə cəmləşdirib, birdən-birə bunun üzərinə hoppanıb, onu zərərsizləşdirim. Bunu tutum, mübarizə aparım ki, məni tuta bilməsin. Və mən yuxuda çəmləşirəm. Birdən-birə elə bil ki, özümü sola atıram. Sola atılanda çarpayıdan yıxılıb, yerə dəyirəm. Əlimlə döşəmədən yapışdım. Kameralarda da işıqları söndürmürlər, axşam da yanır.
– O məqamda oyandınız?
– Hə. Gözümü açdım, görürəm ki, stolun üstündə “budilnik” saatı var və saata baxıram ki, gecə saat ikinin yarısıdır. Həmin radələrdə, əgər 9 saat geriyə götürsək, həmin saatlarda Amerika Senatında bu məsələyə baxılıb. Mənimlə bağlı qərar artıq verilib.
– Allah… Allah… Nə maraqlıdır…
– Hə, maraqlı bir şeydir. O artıq ayın 8-i gecə idi də… Gecə saat ikinin yarısı… Səhər məni məhkəməyə apardılar və döndərdilər gətirdilər şəhərə – danışıqlara…
– Danışıqların nəticəsi də…
– Hə, danışıqların nəticəsində dedilər ki, “cənab prezident çox təəssüfünü bildirir ki, belədir. Yanlış olub. O, çox istərdi ki, siz azadlığa çıxasınız.” Orada belə bir söhbət oldu. Elə orada dedim ki, bu Əli Həsənova mənim… Yenə də qeyd eləmək istəyirəm, qoy özləri açıb desinlər ki, bu proses necə gedib? Əslində vergi məsələsinə gələndə mən onu da qeyd eləmək istəyirəm ki, bizə ilkin olaraq 27 min AZN vergidən yayınma yazmışdılar. Hər ilə bir rəqəm yazıblar. Məsələn, 2014-cü ilin birinci yarısı 9 min, 2015-ci il 9 min manat, 2016-cı il 9 min manat və 2017-ci ilin ilk 6 ayı da buna daxil. Məsələ ondadır ki, 2016-cı il iyunun 30-da Vergilər Nazirliyi bizə qərarın surətini sənəd şəklində verib ki, “Turan” İnformasiya Agentliyinin 2016-cı il üçün bir qəpik də borcu yoxdur. İş ondadır ki, ondan qabaq bizə 3 min vergi yazmışdılar, 2 min manat da cərimə elədilər, hesabımızdan 5 min manat çıxarmışdılar. Qeyri-qanuni. O zaman mən nazir Fazil Məmmədova şikayət elədim. Bir həftədən sonra yoxlama təyin elədi. Həmin yoxlamanın nəticəsində bizə qərar verdilər ki, bizim borcumuz yoxdur. Həmin il üçün cəmi bir aydan sonra yenidən 9 min vergi yazıblar.
Fazil Məmmədovun məni tutdurmaq kimi bir təşəbbüsü olsaydı…
– Həmin 5 min manatı da sizə qaytardılar?
– 5 mini qaytardılar. İndi mən nəyi demək istəyirəm? Burada iki məsələ var. Birincisi, bu onu göstərirdi ki, bu iş qondarmadır. Çünki ondan əvvəl də mən səfirlərlə görüşəndə göstərirdim ki, baxın, bu sənədi görürsünüzmü? Bu, çox vacib sənəddir. Mən uşaqlara demişdim ki, Allah-Təala bizi çox istəyir ki, vaxtında bu sənədi bizə verib. Ümumiyyətlə, bu proseslər çox maraqlıdır. Mən müstəntiqə bu sənədi göstərəndə təəccüblənirdilər ki, bu nə sənəddir? Deyirdim ki, necə yəni nə sənəddir? Bu sizin nazirliyin qərarıdır. Mənim borcum yoxdur və həmin 9 mini də oradan çıxarın. Onu da çıxarsalar, cinayət işi bağlanır. “Vsyo”, yoxdur. Buna baxmayaraq, proses gedirdi. Yəni bu da onun göstəricisi idi ki, sifariş var. İkinci bir məsələ… Fazil Məmmədova gələk. Əgər Fazil Məmmədovun məni tutdurmaq kimi bir təşəbbüsü olsaydı, elə may ayında da bu proses davam edərdi. Deməli, haqqımda siyasi qərar o vaxt yox idi. Fazil Məmmədov o yoxlamanı təyin eləmişdi və qərar da qəbul eləmişdilər ki, bizim borcumuz yoxdur. Fazil Məmmədovla mənim heç bir münasibətim yoxdur – “nol”. Amma fakt odur ki, bunu eləmişdilər. Məsələnin üstündən bir ay keçir. Mən Fazil Məmmədova artıq avqust ayında yazanda ki, bunu bizə qarşı tam olaraq qeyri-qanuni irəli sürüblər, artıq o bizə cavab vermirdi. Yəni ona tapşırıblar, tapşırıblar ki, sən bu işi belə aparmalısan. Bu, onun şəxsi təşəbbüsü ola bilməz. İlk olaraq siyasi qərar verilir və sonra da qurumlar işi düşür. Və bu da bir sübut olaraq onu göstərir ki, burada vergi məsələsi yox idi. Bu, siyasi bir məsələ idi. Bir şeyi də qeyd eləmək istəyirəm. Avqustun 8-dən sonra Vaşinqtondan, Konqresdən əlaqə saxladılar ki, biz səfirliyə müraciət elədik ki, bu nə məsələdir? Onlar da “P” hərfi ilə başlayan bir təşkilat var, hakimiyyətlə işləyir, onları bunların üstünə göndəriblər və onlar da deyiblər ki, bu vergi məsələsidir, bu siyasi məsələ deyil, onlar bu borcu ödəsinlər, problem yoxdur. Bunlar Konqresə belə cavab veriblər. Konqresmenlər mənə xəbər göndərdilər ki, biz istəyirik Konqresdə kampaniyaya başlayaq və “Turan”a pul yığaq ki, bu vergini ödəyək. Bu açıq siyasi kampaniyadır. Mən də onlara dedim ki, nəbadə siz bu pulu yığasınız. Bu pulu yığmaq və onlara vermək, o deməkdir ki, mən bu borcu tanıyıram. Mənim bir qəpik də borcum yoxdur. Siz bunu eləməyin. Mən onlara bunu demişəm. Bunlar üçün də bu əsas olub ki, “aha, əgər bu adam puldan imtina eləyirsə, deməli, bu siyasi məsələdir.” Mənə də xəbər göndərdilər ki, Konqres sentyabr ayından işə çıxır və sanksiyalar məsələsi real olaraq tətbiq olunacaq. Sadəcə olaraq, bunlar tələsib, məni tez həbs elədilər. Ona görə də işə Senat qoşuldu. Proses başladı. Açığını deyim ki, bizim müdafiəmizdə ilk olaraq Ağ Evin özü oldu – indiyənə qədər heç kəsdə olmayıb – Prezident Administrasiyası, Departament, Konqres, Senat.
Heç kimdə olmayan müdafiə – Ağ Ev, Prezident Administrasiyası, Departament, Konqres, Senat
– Hamısı…
– Amerikada dövlət institutlarının hamısı işə düşmüşdü. Konqress də, hamısı da məsələni belə qoyurdular ki, “həbsdən buraxılmalıdır”. Nəyə görə belə olmuşdu? Çünki bizim əlimizdə kifayət qədər faktlar var idi ki, bu iş qondarmadır. Real sənədlər əlimizdə var idi ki, bu iş qondarmadır. Ona görə də qətiyyətli idilər ki, vəziyyət həqiqətən də budur.
– Siz sonra Amerikaya da səfər etdiniz? Nə yaxşı getmişdiniz? Təşəkkür eləmək üçün?
– Getdim. Yox. Təşəkkür bildirmək məsələnin bir tərəfidir. Ondan ötrü buradan ora getmək də lazım olmazdı. Elə buradan da təşəkkürümü bildirərdim. Mən Amerikaya ona görə getdim ki, Azərbaycandakı durum və Azərbaycan mediasının durumunu onlara çatdırım. Məsələ bu idi. Və çox vacib idi onlar bilsinlər ki, burada nə baş verir. Bəli, mənim həbsim də bura daxil idi, bu başqa. Əsas vəziyyəti onlara göstərmək ki, Azərbaycanda medianın durumu budur.
– Bilirlərmi vəziyyəti?
– Əlbəttə ki, bilirlər. Amerika zarafat deyil. Orada böyük institutlar işləyir. Kifayət qədər məlumat çoxdur. Sadəcə olaraq belə deyək, təzə-təzə bu prosesdən keçmiş bir adamdan, bu vəziyyətin içində olan bir adamdan şəxsən bu məlumatları eşitmək vacib məsələ idi. Çünki hesab edirəm ki, 2018-ci il üçün ABŞ Azərbaycanla bağlı hansısa qərarları verəcək, addımları atacaq. Mən hiss elədim ki, onlar bu vəziyyətdən narazıdırlar, ona görə də nəsə ola bilər. Bu ərəfədə o görüşün olması məncə onlar üçün də vacib idi.
– Durbini orada görəndə fikirləşdinizmi ki, yuxuda gördüyünüz adam odur?
– Hə, əslində elədir.
– Özünə dedinizmi ki, belə bir yuxu görmüsünüz?
– Yox, demədim ki, onu yuxuda görmüşəm. Açığı, vaxtın bu məsələyə getməsini istəmədim.
– Mənə də çox maraqlı gəldi. Ola bilsin ki, deyirsiniz, Kennedi də olsun?
– Yox, əvvəlcə bir az Kennediyə oxşatdım. Ancaq Durbini görəndən sonra gördüm ki, yox, Durbinə daha çox oxşayır.
KİVDF təzə yarananda verilən pulları götürmüşük
– Tural Turan soruşur ki, “Turan”-a tarixin bu və ya digər dövründə dövlətdən vəsait ayrılıbmı və ya dövlət rəhbərliyi (Əbülfəz Elçibəy, Heydər Əliyev və ya başqaları) agentliyin inkişafında nə kimi xidmət göstərib?”
– O vaxt KİVDF təzə yarananda müstəqil, müxalifət mediası və hökumətyönlü mediaya pul ayrılırdı. Bayram günləri 5-10 min manat. Biz onu da götürmək istəmirdik, amma hamıya – müstəqillərə və müxalifətə – verdikləri üçün hakimiyyətin hörmət addımı kimi biz onu qəbul eləyirdik. Halbuki biz onu istəsək, qəbul eləməzdik də… Sadəcə olaraq, bunu bir xoşməramlı addım kimi qəbul edirdik.
– Yəni siz o pulları götürübsünüz?
– Hə, olub, götürmüşük və agentliyin fəaliyyəti üçün də həmin pulu xərcləmişik. Mən cibimə qoymamışam. Yəni o pullar birbaşa agentliyin xərclərinə otuzdurulub və xərclənib. İki-üç il belə olub məncə… Sonra bitdi. Yəni siyasət tam dəyişəndən sonra – müstəqillər aradan çıxdı və s. – biz onu almadıq. Bizə mənzillər də təklif olunanda ondan imtina eləmişik. Vəziyyət belə idi. O ki qaldı Elçibəy hakimiyyəti dövrünə, bizə heç vaxt heç bir prezident, heç bir hakimiyyət yardım eləməyib. İş ondadır ki, AXC hakimiyyətə gələndə, mənim yanıma gəldilər və mənə AzərTAG-ın direktoru vəzifəsini təklif elədilər. Hörmətli Nəcəf Nəcəfov gəlmişdi. Dedi ki, bəs belə bir qərar var. Dedim ki, yox. Orada tələbi belə qoydum ki, AzərTAG dövlət agentliyi ola bilməz. O aksioner cəmiyyətə çevrilməlidir. Əslində, anormaldır ki, bu dövlət agentliyidir və heç bir dövlətdə belə bir nümunə, anlayış yoxdur. O aksioner cəmiyyət olmalıdır və onun payı müxalifət partiyalarında da, hakimiyyətdə də olmalıdır. Dövlətdə nəzarət paketi olsun, amma onun apardığı siyasətə heç kəs müdaxilə eləməsin. Belə. O zaman bu, normal, müstəqil, güclü bir agentlik ola bilər. Onlar razılaşmadılar. Dedilər ki, buna hazır deyillər. Hələ onlar demokratlar idilər. İş ondadır ki, AXC hakimiyyətinin media siyasətini birinci tənqid edən adam mən olmuşam. 1992-ci ilin iyul ayında mən bəyanat yazdım. Cəmi bir ay idi hakimiyyətə gəlmişdilər. İnformasiya siyasətini aparanlar o vaxt Prezident Aparatına gəlmişdilər – Niyazi İbrahimli.
AXC hakimiyyətinin media siyasətini birinci tənqid edən adam mən olmuşam – məni cəzalandırdılar
– Arif Əliyev o zaman var idi?
– Yox idi. Orada informasiya sektoru var idi. Çox zəif, mətbuata heç bir dəxli olmayan adamlar işləyirdilər. Heç bir siyasət getmirdi. İnformasiya problemləri var idi. Onları əldə eləmək çox çətin idi. Ümumiyyətlə, müharibə gedirdi, bununla bağlı informasiya dəstəyi yox idi. Çox pis vəziyyət idi, ağır bir durum idi. Mən də bununla bağlı bir bəyanat götürüb yazdım, 5-6 nəfər də imzaladı. O zaman bizi parlamentin sədri kimi İsa Qəmbər qəbul elədi. Dedi ki, “Mehman müəllim, siz bunu niyə elədiniz? Biz axı, belə edirik”. Dedim, İsa bəy, vəziyyət budur, vəziyyət belədir. Bu vəziyyəti dəyişmək lazımdır. Ondan sonra medianı yığdılar. Parlamentdə bu məsələyə baxılanda həmin bu mediaların hamısı ayağa qalxıb dedilər ki, “bizim iqtisadi məsələlərimiz var. Bizə pul verin, bizə kömək edin”.
– Allah… Allah… Çox maraqlı məsələdir.
– Çox maraqlıdır.
– Mən bu faktı bilmirdim.
– Mən yeganə adam, o toplantıda iştirak eləmədim. Onda da medianı vergidən azad elədilər, amma agentliklərin adını siyahıya salmadılar. Bizi cəzalandırdılar. Mən bunu belə başa düşdüm. Agentliklərin adını salmadılar. Hətta Etibar Məmmədov orada məsələ qaldırdı ki, “bəs, agentliklər də var axı, onları da siyahıya salın”. Yenə də salmadılar. Ancaq çap mediasını və s. vergidən azad elədilər. Bunu elədilər. Yəni məni cəzalandırdılar.
– Mən bu məsələni də araşdıraram.
– Birinci dəfə də mən bunu eləmişdim. Etirazımı bildirmişdim. O vaxt Nəcəf Nəcəfov mənim yanıma gələndə də hakimiyyətdə təmsil olunurdu.
– Deməli, Əbülfəz bəyin hakimiyyəti dövründə də bu medianı bir yerdə aparata yığıblar və orada da bunlara nəsə veriblər? Orada da ayrıseçkilik salıblar?
– Aparata yox, parlamentə.
Dedim ki, Nəcəf bəy, bu hakimiyyət yanvar ayında gedəcək
– Parlamentə yığıblarsa, yəqin ki, İsa Qəmbər yığıb.
– Bəli. Faktiki olaraq orada oldu. Qanunda da dəyişikliklər elədilər – vergi məsələsini dayandırdılar, müəyyən imtiyazlar verdilər və s. Amma biz orada yox idik. Mən o zaman da bunun əleyhinə idim ki, biz pula görə danışmamışıq. Bizim üçün vacib idi ki, normal siyasət aparılsın. Yəni dövlətin marağı nöqteyi-nəzərindən bu, çox vacib bir məsələ idi. Çünki informasiya – “informasiya müharibəsi” deyirlər, amma mən bu ifadəni sevmirəm, – təminatı sahəsində biz uduzurduq. Ermənilərə informasiya təminatı sahəsində uduzurduq. Məni də bu narahat edirdi ki, dövlət informasiya ilə bağlı siyasətini qura bilmirdi. Sonra rəhmətlik Nəcəf Nəcəfov oktyabr, haradasa noyabr aylarında Prezident Aparatına gəldi. Hətta mənə də dedi ki, “Turan”-ı bağla, gedək, orada çox ciddi işlər var. Bu nədir sən məşğul olursan? Dedim, sən nə danışırsan? O vaxt dedim ki, Nəcəf bəy, bu hakimiyyət yanvar ayında gedəcək. Allaha and olsun, demişəm. Mən dedim ki, ola bilsin yanvar ayında artıq gec olsun.
– Elçibəy hakimiyyətindən söhbət gedir…
– Bəli, mən dedim ki, yanvar ayında gedəcək. Elə yanvar ayında da hər şey qurtardı, bitdi. Səhvlər o qədər idi ki… Yanvar ayında həqiqətən də oldu Ağdərə, Sürət Hüseynovun satqınlığı, sonra Kəlbəcər gəldi və s. Proses artıq gedirdi. Rusiya maşınını işə salmışdı…
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?