Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanov və oğlu, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin sahə rəisi Hüseyn Şabanov haqda ittihamlar var
Şəxsi avtomobili ilə avtoxuliqanlıq edən Hüseyn Şabanov növbəti dəfə yol nəqliyat hadisəsi törədib.
O, idarə etdiyi 90-OJ-090 dövlət nömrə nişanlı “Range Rover” markalı minik avtomobili ilə dekabrın 21-dən 22-nə keçən gecə Göygöldə tanışının evinə gedərkən yolu keçən piyadanı, kəlbəcərli məcburi köçkünü vurub.
Dəfələrlə deyilməsinə, mətbuatda yazılmasına baxmayaraq yenə də vəzifəsindən sui istifadə edərək qanunları pozan rəis oğlu hadisə zamanı sərxoş vəziyyətdə olub və avtomobili yüksək sürətlə idarə edib. Amma atası Faiq Şabanov övladının bu hərəkətini ört-basdır etməyə çalışıb.
O, daxili işlər naziri Ramil Usubov tərəfindən özünün və oğlunun vəzifədən uzaqlaşdırılacağından ehtiyat edərək yüksək məbləğdə pul qarşılığında işi başqa bir adamın üzərinə götürməsinə nail olub.
H.Şabanovun evində mühafizəçi işləyən xalası oğlu Racif bu qəzanın məsuliyyətini öz üzərinə götürüb.
Kəlbəcərlilər hadisənin Hüseyn Şabanov tərəfindən avtoxuliqanlıq edərkən törədildiyini və buna görə də məhz onun məsuliyyətə cəlb edilməsini tələb edirlər.
Sonra qəza törətdiyi 90-OJ-090 dövlət nömrə nişanlı “Range Rover” markalı minik avtomobilini həmin gün başqa adama satıb.
Həmçinin, vurduğu piyadanın ondan şikayətçi olmaması üçün avtomobil hədiyyə edib və pul verib.
FİA.Az mediaya istinadla xəbər verir ki, H.Şabanov avtoxuliqan hərəkətləri, bahalı məclisləri vərdiş edib.
Prezident məmur övladlarından özbaşınalıq etməməyi, qudurğanlığa son qoymağı tələb edir.
Onların harınlığı, qudurğanlığı faciələrə yol açır, insanların həyatına son qoyur, cəmiyyətdə bir gərginlik yaradır.
F.Şabanovun oğlu ötən il harınlıq edən məmur övladlarından biri olub. Amma atasının hesabına cinayət ört-basdır olunub və qohumunun üzərinə transfer edilib.
Kəlbəcərlilər isə deyirlər ki, H.Şabanov Göygöldə tanışının yanına gedib-gəlir, müxtəlif özbaşına hərəkətlər edir, avtomobil idarə edərkən yol hərəkəti qaydasına əməl etmir.
Elə bunun nəticəsidir ki, məcburi köçkünü vurub, sonra maşın bağışlamaqla canını qanunun cəzasından xilas edib.
F.Şabanov bilir ki, R.Usubov özbaşınalığı əfv etmir və həm özü, həm oğlu dərhal işdən azad ediləcək. Ancaq bunu fikirləşməzdən qabaq, məmurlar övladlarına nəzarət etməlidirlər.
Məmurlar, onların həyat və davranışları, övladları hər zaman insanların diqqət mərkəzində olur.
Bu, məntiqlidir, çünki məmurlar vətəndaşların verdiyi vergilərdən, ümumilikdə ölkənin sərvət və gəlirlərindən formalaşan dövlət büdcəsi hesabına yaşayırlar. Onların ictimai nəzarətin obyekti olmaları məhz bu səbəbdən doğrudur.
O məmurlar öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyəndə, korrupsiyalaşanda, ona idarə etmək üçün etibar edilmiş vəsaitləri talayanda, mənimsəyəndə, vəzifəsi olan işi görmək müqabilində rüşvət alanda və səlahiyyətlərindən sui-istifadə edəndə etirazla qarşılanırlar.
Onların ailələri, övladları həmin oğurlanmış, vəzifədən sui-istifadə yolu ilə qazanılmış vəsaitlər hesabına qudurğanlıq edəndə isə, cəmiyyət o məmurlara qarşı üsyan edir. /patriot.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?