Beynəlxalq ekspertlər Azərbaycandaki növbədənkənar seçkilərin müxtəlif səbəbləri olduğunu deyirlər. Bəziləri seçkidən sonra Azərbaycanda əhəmiyyətli dəyişikliyin baş verməyəcəyini düşünürlər, digərləri isə böyük siyasi islahatlar üçün imkanların yaranacağına ümid bəsləyirlər.
Carnegie Beynəlxalq Sülh Fondunun böyük elmi işçisi və Azərbaycan üzrə ekspert Thomas de Waal erkən prezident seçkisinin Azərbaycanda "heç nəyi dəyişməyəcəyini" deyib.
O düşünür ki, yeganə müsbət hal Respublikaçı Alternativ hərəkatının həbs edilmiş sədri İlqar Məmmədovun potensial olaraq seçkidən qabaq azadlığa buraxılmasıdır.
LİNKS təhlil mərkəzinin direktoru doktor Dennis Sammut isə seçkidən sonra Azərbaycanda böyük siyasi islahatlara start verilməsinə imkan yaradılacağına ümid bəslədiyini bildirib.
Chatham House Rusiya və Avrasiya proqramından analitik Stanislav Pritchin seçkinin tarixinin dəyişdirilməsinə iqtisadi səbəblərin olmadığını hesab edir. Lakin o, regional baxımdan Qarabağ münaqişəsinin həllinə daha böyük diqqət verilməsi üçün imkan yaranacağını bildirir.
Azərbaycanda bu ilin payızında keçiriləcəyi gözlənilən seçkilər, prezident İlham Əliyevin qəfil qərarı ilə aprelin 11-ə təyin olunub.
Dennis Sammut seçki tarixinin dəyişdirilməsinin beynəlxalq təcrübədə heç də qeyri-adi bir hal olmadığını və qərarın verilməsi üçün bir neçə səbəbin olduğunu hesab edir.
"Qarabağ daxil olmaqla, bu il çoxlu mühüm qərarlar verilməlidir...və seçki kampaniyası ortasında olmaq əvəzinə Azərbaycan bu qərarları verməyə hazır olmaq istəyir", o BBC Azərbaycancaya müsahibəsində bildirib.
Qərar həmçinin seçkidən qabaq iqtidarın nəzərindən kənar gözlənilməz faktorların təsirini azaldır və "onsuz da təzyiq altında olan müxalifətə öz tərəfdarlarını hərəkətə gətirməyə imkan vermir", o əlavə edib.
Thomas de Waal da razıdır ki, erkən seçki qərarı müxalifət üçün gözlənilməz idi.
"Bu ona (İlham Əliyevə) çoxlu üstünlüklər verir - o hazırdır və müxalifətin namizədləri hazır deyillər. Onlar artıq məhdud bir mühitdə qeydiyyatdan keçib kampaniya hazırlamağa tələsəcəklər", o BBC Azərbaycancaya deyib.
Lakin o həmçinin İlqar Məmmədovun həbsinin bu qərara təsiri olduğunu düşündüyü bildirib.
Thomas de Waal ReAl sədri İlqar Məmmədovun azad edildiyi təqdirdə bu seçkilərdə iştirak etməyə imkanı olmayacağını qeyd edib. "Həbs edildikdən sonra Ilqar Məmmədovun nüfuzu artıb. Onun azad edilməsi üçün beynəlxalq cəmiyyət və Avropa Şurasından Azərbaycana qarşı təziyq çoxdur...erkən seçkilər isə bu problemi həll edir. Onlar onu tezliklə buraxıb AŞ-dan təzyiqi azalda bilərlər və onun da namizəd kimi qeydiyyatdan keçməyə vaxtı olmayacaq", o deyib.
Stanislav Pritchin isə neftin qiymətinin stabilləşdiyini və Azərbaycanın keçən il bağladığı "əsrin müqaviləsi"ni xatırladaraq, seçkinin erkən keçirilməsi üçün iqtisadi səbəbin olmadığını deyib.
"Regional baxımdan aprel ayında həmçinin Ermənistanda yeni baş nazir seçiləcək və bununla Ermənistanda konstitusiyanın islahatı yekunlaşacaq. Bundan bir ay əvvəl isə Rusiyada prezident seçkisi keçiriləcək. Əgər Azərbaycanda prezident seçkisi oktaybrda baş versə idi, bu 6 aylıq boşluq yarada bilərdi", o, bildirib.
11 aprel erkən prezident seçkisi: YAP seçkiyə İlham Əliyevlə gedir
Prezident Adminstrasiyasında struktur dəyişikliyi
Seçkidən sonra "heç nə dəyişməyəcək" yoxsa islahatlar?
Thomas de Waal -ın zənnincə "beynəlxalq mühit dəyişir, amma hakim rejimə gəldikdə onlar heç nəyin dəyişməsini istəmir".
"Uzunmüddətli dəyişiklər var. Hazırda Azərbaycan cəmiyyəti əvvəlkindən daha məlumatlıdır və mən düşünürəm ki, hakimyyət bundan sonra artan tənqidlərlə üzləşəcək", o, əlavə edib.
Azərbaycanla Rusiya arasında çoxlu bənzərliklər olduğunu düşünən cənab de Waal qeyd edib ki, yeganə sual odur ki, növbəti yeddi il ərzində İlham Əliyev özü üçün "davamçı tapacaqmı"?
Denis Sammut isə prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) 6-cı qurultayında verdiyi çıxışa diqqəti yönəldərək, seçkidən sonra siyasi islahat üçün daha böyük şansın olduğu qənaətindədir.
"Dünən prezident Əliyev deyib ki, islahatlar prosesi davam edəcək və siyasi və iqtisadi islahatlar paralel xətlə davam etməlidir. Bu əvvəlki mövqedən fərqlidir", o vurğulayıb.
Bundan əvvəl hökumətin iqtisadi islahatlara üstünlük verdiyini qeyd edən cənab Sammut həmçinin bildirib ki, "əgər prezident böyük mandatla qalib gələrsə, bu ona dəyişiklər həyata keçirməyə şans qazandıracaq".
"Məncə burada əsas sual seçkinin tarixi deyil. Əsas sual odur ki, bu il erkən parlament seçkisi keçiriləcəkmi? Bu maraqlı bir hadisə olardı", o əlavə edib.
Dennis Sammut prezident Əliyevin YAP-ın VI-cı qurultayındakı çıxışında siyasi və iqtisadi islahatlar barədə sözlərinə xüsusi diqqət yetirib. "Bu sadəcə spekulyasiyadır, lakin biz prezidentlik müddətini yeddi ilə uzadan konstitusiya dəyişikləri daxil olmaqla seçkinin erkən keçirilmə qərarının siyasi prosesə start vermək üçün verildiyini qəbul etsək və siyasi islahatlar vədini nəzərə alsaq parlamentin ölkədəki rolunun yenidən qiymətləndirilməsi məntiqi addımdır", o deyib.
"Həm Azərbaycanda, həm də xaricdə insanlar anlayırlar ki, daha şəffaf və digər qüvvələrin iştirakına imkan yaradan parlament seçkiləri çox böyük addım ola bilər. Hamı buna ümid bəsləyi", o vurğulayıb.
Cənab Pritchin isə seçkidən sonra Azərbaycanla Ermənistanın Qarabağ üzrə sülh danışıqlarına tam diqqət verməsinə imkan yaranacağını deyib.
O, Ermənistanla Azərbaycanda seçki tsikllərinin bərabərləşdirilməsilə hər iki ölkənin liderlərinin münaqişənin həlli üçün mandat qazanacağını deyib.
Lakin o, prezident Əliyevin YAP qurultayında Ermənistan barədə sərt çıxışının regionda münaqişənin qızışması üçün təhlükənin hələ yüksək olduğunu göstərdiyini vurğulayıb.
Arxiv. 2017-ci ilin oktyabr ayında Ermənistan və Azərabaycan prezidentlərinin görüşü. Stanislav Pritchin Azərbaycanda və Ermənistanda seçkilərin eyni dövrdə keçirilməsinin Qarabağ sülh danışıqlarına imkan yaradacağını deyib.
Ədalətli, şəffaf və demokratik seçkilər
Cənab Pritchin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ODİHR) seçki müşahidəçilərinin Azərbaycandaki son seçkilərdə iştirak etmədiyini xatırladıb və bundan əvvəl də təşkilatın müşahidəçilərinin hesabatlarında "ənənəvi" problemlərin qeyd olunduğunu deyib.
Lakin buna baxmayaraq, enerji təhlükəsizliyi baxımından Azərbaycan Avropa İttifaqı (Aİ) və Avropa ölkələri üçün çox mühüm tərəfdaşdır, o vurğulayıb.
Dennis Sammut seçkilərin necə keçiriləcəyi barədə mülahizə yürütmək istəmədiyini deyib, lakin seçkinin "ədalətli və şəffaf" olmasına umid bəslədiyinə baxmayaraq "əvvəlki namizədlərin bir daha bu seçkidə iştirak etməsinin çox da ümidverici bir hal" olmadığını bildirib.
Bundan əvvəl keçirilən seçkilərdə beynəlxalq seçki müşahidəçilərinin rəylərinin "tamamilə mənfi" olmadığını deyən cənab Sammut, bu seçkilərin ümumiyyətlə çox tənqid edildiyini qeyd edib.
O, Milli Şuranın boykot qərarını anladığını lakin prinsipcə boykotla razı olmadığını vurğulayıb.
Arxiv. 2016-cı il. Milli Şura "Məhsul" stadionunda mitinq edir. Dennis Sammut boykotla razı olmadığını və siyasi qüvvələrin "onlara verilən bütün platformalardan istifadə" etməli olduqlarını deyib. "Siyasi qüvvələr onlara verilən bütün platformlardan istifadə etməlidirlər. Seçkilər isə alternativ səslərin eşidilıməsi üçün imkan yaradır. Bu bəzən pis sistemə legitimlik qazandırmaq kimi qiymətləndirilir...lakin iştirak etmək daha yaxşıdır", o deyib.
Thomas de Waal isə Azərbaycanda indiyədək heç bir seçkinin demokratik olmadığını və apreldəki seçkinin də heç nəyi dəyişməyəcəyi qənaətində olduğunu bildirib.
"Keçmişdə onlar müsbət qiymətləndirmələr almaq üçün çox səy göstərirdilər, lakin indi buna daha az diqqət verirlər. Keçmiş sovet dövlətlərindən bir-iki müşahidəçi olsa yetər, medianın bütün diqqəti onlara veriləcək", o deyib.
O, iqtisadiyyatda məhsuldarlığı artırmağa yönəlmiş islahatların mümkün olduğunu, lakin "sistemin quruluşundan" siyasi islahatlar gözləmədiyini qeyd edib.
"Gəlin görək İlqar Məmmədovu azadlığa buraxacaqlarmı? Bunu etsələr, bu müsbət addım olardı.", o əlavə edib./BBC
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?