Putin Qarabağ probleminin həllində Azərbaycanın mövqeyini müdafiə etsə, Rusiyanın Qafqaz siyasətinə xəyanət etmiş olar
Rusiyanın Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutacağı barədə rusiyadan sızan məlumatlar, Azərbaycan ictimaiyyətinin sakitləşdirilməsinə, Qarabağ probleminin həllinin uzadılmasına və status-kvonun saxlanmasına xidmət edir. Keçən ilin aprelindən indiyə qədər müxtəlif formalarda Rusiyanın Qarabağla bağlı münasibətlərdə Azərbaycanın mövqeyini müdafiə edəcəyi barədə mənasız məlumatlar Azərbaycanda bir çox qəzetlərin manşetinə çıxarılır. Guya, Ermənistan öz siyasətində qərbyönümlü mövqe tutarsa, o zaman Rusiya Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini müdafiə edəcək və ya Rusiyanın təsiri ilə Ermənistan dağlıq Qarabağ probleminin həllində, Azərbaycanla kompromisə gedəcək və s. Azərbaycan mətbuatına rus analitiklər tərəfindən yeridilən belə fikirlər boş cəfəngiyatdan başqa bir şey deyil.
Birincisi, Azərbaycan torpaqlarında ermənilərin mövcudluğu və Ermənistan adlı bir qurumun yaradılması Rusiyanın layihəsidir. Ermənistanı yaratmaqda Rusiyanın məqsədi, Rusiyaya olan xarici hücumları öz sərhədlərindən kənarda qarşılamaq olmuşdur. Bu Rusiyanın Putindən 100 il öncə düşündüyü plandır. Ermənilər öz milli müqəddəratlarını özləri təyin etməyiblər, Ermənistanı Rusiya yaradıb. Odurki, Ermənistan öz yaradanı Rusiyanın icazəsi olmadan müstəqil siyasət yürüdə bilməz. İkincisi, Ermənistan, Rusiyanın ciddi strateji ərazisidir. O, bu ərazi (Ermənistan) vasitəsi ilə bir çox Beynəlxalq qurumları, güclü dövlətləri müayinə edir zəif nöqtələrini axtarır. Üçüncüsü, Rusiyanın Ermənistanda saxladığı silah arsenalı, Ermənistanın təhlükəsizliyinə xidmət edir və Ermənistanı öz tərəfinə çəkmək istəyən qərb dövlətlərinə Ermənistanla münasibətlərdə ehtiyatlı davranmağı tövsiyyə edir. Dördüncüsü, Ermənistanın bütün müdafiə sənayesinə və nəhəng iqtisadi səmərə verə bilən qrumlarına rusiya rəhbərlik edir. Ermənistanın xarici ölkələrlə olan sərhədlərinin 70%-ni rus ordusu qoruyur. Beləki, Ermənistanda Sərkisyan deyil, Putin hakimdir. Bu “ölkənin” bütün addımlarına Rusiya qərar verir. Beşincisi, Başda Dağlıq Qarabağ olmaqla, keçmiş MDB ölkələrindən Azərbaycandan, Gürcüstandan, Ukrayniyadan, Moldaviyadan zorla qoparılmış ərazilər, Rusiyanın dünyada strateji xəttini gücləndirir, üçüncü dünya dövlətlərini onunla davranmaqda ehtiyatlı edir, bu ölkələr üzərində Rusiyanın hegamonluğuna yol açır. Altıncı, Qarabağ problemi Rusiyanın hərbi gücü ilə yaradılan, qorunan və daimi közərən bir münaqişə ocağıdır. Bu münaqişənin saxlanmasında ermənilərdən yalnız bir vasitə kimi istifadə edilir. Azərbaycanı öz çətiri altına gətirmək üçün Qarabağ probleminin dondurulması Rusiyaya lazımdır. Məhz buna görə də Rusiya Ermənistanla Azərbaycan təmas xəttində atəşkəsə nail olmaq üçün, ATƏT müşahidəçilərinin sayını artırmaq istəyi ilə çıxış edərək Qarabağda status kvonun özünün (Ermənistanın xeyrinə) saxlanmasına çalışır. Bu baxımdan, Rusiyanın qənimət kimi ələ keçirdiyi ərazilərin, o cümlədəbn Dağlıq Qarabağ və işğal altında olan digər Azərbaycan torpaqlarını danışıqlar yəni sülh yolu ilə geri qaytarılmasını düşünmək sadəlövhlükdür, xəyaldır, utopiyadır. Bunun baş verməsi üçün real həyatda mümkün olan heç bir əsas mövcud deyil. Dünyanın güclü dövlətlərinin bir çoxu Qarabağ problemini həll etmək istəsələrdə Rusiya ilə qarşıdurmaya getməmək üçün bu problemin ədalətli həllinə dəstək verə bilmirlər. ABŞ hegemon dövlətdir onun üçün Qarabağ probleminin həll edilib edilməməsinin o qədər də önəmi yoxdur. Amerika və Avropanın Cənubi Qafqaz siyasəti Rusiyanın bu regionda sahib olduqlarını onun əlindən almağa xidmət edir. Müsəlman dövlət İran Azərbaycanı özünə etibarlı müttəfiq hesab etmir, Ermənistana bir sıra güzəştlər tətbiq etməklə, regionda Rusiyayla müttəfiqlikdən yararlanmağa çalışır. Qonşu Gürcüstan öz Dövlət müstəqilliyini Azərbaycanın hesabına möhkəmləndirsə də, bir çox siyasi məsələlərdə birmənalı şəkildə Azərbaycanın mövqeyini müdafiə etməyə tərəddüd edir. Odurki, Qarabağ probleminin həllində təklənən Azərbaycan, bu problemin ədalətli həllinə yəni Beynəlxalq səviyyədə tanınan sərhədlərinin bərpasına nail ola bilmir. Daim supergüclərin ikiüzlü siyasətləri ilə üz-üzə qalır. Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Beynəlxalq təşkilatlar bir çox önəmli qərarlar qəbul etsələrdə problemin həllində Beynəlxalq təşkilatlar tərəfindən işğalçı Ermənistana təziqlərin göstərilməsi Rusiya faktoruna görə mümkün olmur. Beləki, BMT Təhlukəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində, Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi 1416 saylı qətnaməsində, Avropa Parlamentinin 20 may 2010-cu idə qəbul etdiyi "Avropa İttifaqının Cənubi Qafqaz uzrə Strategiyası" adlı qətnaməsində, İslam Konfransı Təşkilatının və digər beynəlxalq təşkilatların coxsavlı sənədlərində Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi, yüz minlərlə Azərbaycan vətəndaşının məcburi köckünə cevrilməsi və Azərbaycanda humanitar böhran vəziyyətinin yaranması qeyd olunmuşdur. Amma nə fayda bu sənədlərin icraya yönəldilməsi mümkün deyildir. 1992-ci il martın 24-də Dağlıq Qarabağ munaqişəsinin sülh yolu ilə, həlli uçun ATƏT-in Minsk qrupu yaradıldı. Konfransda ABŞ, Rusiya, Fransa, Almaniya, İtaliya, Turkiyə, Cexiya-Slovakiya, Belarus, İsvec, Azərbaycan və Ermənistan numayəndələri iştirak etdilər. Bu Konfransda ABŞ, Rusiya, Fransa Minsk qrupun həmsədrləri seçildilər. Lakin bu qurup yaradılan gündən Rusiyanın təsiri altına düşdü. İllər keçsədə bu “xoşməramlı missiya”problemin həlli istiqamətində bir addım belə atmadı. Problemin həllinə məsuliyyət daşıyan hər üç həmsədr ölkə ABŞ, Rusiya və Fransa, Azərbaycanın İşğal Altındakı ərazilərində Ermənistanın yaratdığı separatçı rejimi qeyri-rəsmi qaydada tanıyaraq, bu quruma açıqdan-açığa hərbi və maliyə yardımları göstərməyə, Qarabağda biznes şəbəkəsi yaratmağa, bölgədə infrastrukturları bərpa etməyə və turizmə dəstək verməyə başladılar. Rus zabitləri vaxtaşırı Qarabağdakı erməni terrorçularına hərbi təlimlər keçir və onların döyüş qabiliyyətlərininin yüksəldilməsini daim nəzarətdə saxlayırlar. Bununlada ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı Ermənistanı, Qarabağ problemi ətrafında gedən danışıqlarda iddialı tərəfə çevirdilər. Belə bir şəraitdə Azərbaycan işğal altındakı ərazilərini öz sərhədləri daxilində yalnız silahlı yolla azad etməkdən başqa çarəsi qalmır. Problemin hərbi yolla həllinə beynəlxalq hüququn və eləcədə beynəlxalq təşkilatların qəbul etdikləri çoxsaylı sənədlər hüquqi şərait yaradır.
Faiq İsmayılov. AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?