Hesablama Palatası daha bir dövlət qurumunda korrupsiya faktları aşkarlayıb.
Palatanın "Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa və "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrasına əsassən apardığı audit zamanı müəyyənləşdirilmişdir ki, Respublika Gigiyena və Epidemologiya Mərkəzi üzrə mövcud ştatlar 2015-ci ildə 24,4% və ya 99,5 vahid, 2016-cı ildə 24,8% və ya 101,0 vahid, 2017-ci ildə 23,7% və ya 96,5 vahid vakant olmuşdur.
Aparılan yoxlamalar zamanı müəyyən olunmuşdur ki, 2015-2018-ci illərdə Mərkəz tərəfindən tarif dərəcələri düzgün müəyyənləşdirilməmiş, dərman, reaktiv və digər materiallar üzrə çatışmazlıq olmuş, görülmüş işlərin hesab-fakturada düzgün əks etdirilməməsi nəticəsində podratçı təşkilatın hesabına artıq vəsait ödənilmiş, ödənişli xidmətin düzgün təşkil olunmaması səbəbindən görülmüş işlərə görə xidmət haqlarının tam alınması təmin edilməmiş, artıq ezamiyyə xərci ödənilmiş, təmir-tikinti işlərinin rəsmiləşdirilməsi zamanı iş həcmlərinin artırılması hallarına yol verilmişdir.
Həmçinin, Respublika Gigiyena və Epidemologiya Mərkəzinin mühasibatlığında da müəyyən korrupsiya faktlarına yol verildiyi aşkara çıxarılmışdır. Belə ki, aparılan auditə görə "Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq Mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın tələblərinə əməl edilsə də, müəssisədə əməliyyatların baş verməsi faktını əks etdirən ilkin uçot sənədlərinin toplanması, həmin əməliyyatlar üzrə memorial orderlərin yazılması və mühasibat qeydlərinin memorial orderlərdən maliyyə hesabatlarına köçürülməsi zamanı bəzi hallarda nöqsanlara yol verilmiş, uçota alınan xərclər maliyyə hesabatlarının bölmələrinə və maddələrinə uyğun təsnifləşdirilməmiş, əsaslı təmir xərci kapitallaşdırılmış məsrəflər kimi uçota alınmayaraq xərcə silinmiş, nəqliyyat vasitələrinə artıq amortizasiya hesablanmışdır.
Nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Qərarın surəti Respublika Gigiyena və Epidemologiya Mərkəzinə, eyni zamanda auditin nəticələri ilə bağlı məlumat aidiyyəti üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir.
Eyni zamanda nəzarət tədbiri zamanı dövlət büdcəsindən ayrılan vəsaitdən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq satınalma proseduru keçirilmədən vəsait xərclənməsinə görə qanunvericiliyə uyğun olaraq tədbir görülməsi məqsədilə müvafiq məlumatlar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edilmişdir.
Qeyd edək ki, Hesablama Palatasının Respublika Gigiyena və Epidemologiya Mərkəzində aşkara çıxardığı nöqsanlar, əsasən də Mərkəzin sifarişçisi olduğu təmir-tikinti işlərinin görülməsində qanunsuzluqlara yol verdiyi yerli mediada dəfələrlə yazılıb.
Belə ki, 2016-cı ildə Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzi Bakı Şəhər Dezinfeksiya Stansiyasının Dərman preparatlarının, Kommunal xidmətlərin, Ehtiyat hissələrinin, Sürtkü materiallarının, Mal-materialların, Mətbəə xidmətlərinin, Dəftərxana və təsərrüfat mallarının, Dərman və sarğı ləvazimatlarının, Ərzaq mallarının, Cari təmir üçün mal-materiallarının, Xüsusi geyim və yumşaq inventarların satın alınması üzrə keçirdiyi tenderlərin hamısının qalibi EPİDBİOMED MMC olub. 11 tenderin ümumi dəyəri 327 min manat olub.
Araşdırmalar nəticəsində məlum olub ki, Respublika Gigiyena və Epidemologiya Mərkəzinin Mingəçevir şöbəsində 179144.33 manatlıq 36 tender son səkkiz ildə eyni şirkətə - İnkişaf MK MMC-yə verilib. Bu Respublika Gigiyena və Epidemologiya Mərkəzinin tək bir rayonda yol verdiyi nöqsandır.
Əldə etdiyimiz digər məlumatda Hesablama Palatasının Respublika Gigiyena və Epidemologiya Mərkəzində apardığı auditdən sonra Mərkəzin indiki direktoru İmran Abdullayev yeyinti faktına görə ondan əvvəl direktor vəzifəsini müvəqqəti olaraq icra etmiş Vaqif Abdullayevin və sabiq direktor Akif Əlibəyovu günahlandırdığı iddia olunur.
Xatırladaq ki, İmran Abdullayev 2017-ci ilin fevralında Respublika Gigiyena və Epidemologiya Mərkəzinə direktor təyin olunub. İmran Abdullayev bundan əvvəl Mərkəzin Qidalanma gigiyenası şöbəsinin müdiri vəzifəsində çalışıb./qlobal.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?