Müqavilə şərtlərinə əməl edilməyərək filmlər vaxtında başa çatdırılıb təhvil verilməyib
Azərbaycan respublikası Hesablama Palatası “Yaddaş” Sənədli Filmlər Studiyasında audit aparıb. Hesablama Palatasının 2013-cü ildə fəaliyyəti haqqında hesabatına istinadən verilən məlumata görə, Hesabat ilində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Yaddaş” Sənədli Filmlər Studiyasına ayrılan vəsaitlərin icrasının auditi aparılıb. Təqdim olunmuş məlumatlara əsasən auditlə əhatə olunan dövrdə Studiya tərəfindən 18 sənədli, 1 sənədli-bədii və 1 tammetrajlı bədii filmin istehsalı və 1 sənədli filmin subtitrlərinin yazılması işləri başa çatdırılaraq müvafiq qaydada təhvil verilmiş, filmlərə görə qonorarlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilmiş, əsas vəsaitlər və mal-material qiymətliləri mühasibat yazılışları verilməklə hesablar üzrə mədaxilə alınmış və maddi-məsul şəxslərin cavabdehliyinə verilmişdir. Bununla yanaşı, audit tədbiri zamanı bəzi nöqsanlara da yol verildiyi müəyyən edilmişdir. Belə ki, Studiya ilə Mədəniyyət və Turizm Nazirliyi arasında bağlanmış müqavilə şərtlərinə əməl edilməyərək bəzi filmlər vaxtında başa çatdırılıb təhvil verilməmiş, sənədli videofilmin çəkilişi ilə əlaqədar nəqliyyat xidməti göstərmək üçün fiziki şəxsə vəsait ödənilən zaman ödəmə mənbəyində vergi tutulmamış, filmin çəkilişi ilə əlaqədar yaradıcı qrupun ezamiyyəsi zamanı çəkilişlərdə iştirak etməyən və ezamiyyəyə göndərilmə barədə əmrdə qeyd olunmayan 2 şəxsə ezamiyyə xərci ödənilmiş, filmin arxiv materiallarının araşdırılması ilə əlaqədar ezamiyyə zamanı filmin smetasında nəzərdə tutulandan çox vəsait ödənilmiş və rəsmi əmr olmadan ezamiyyə günlərinin əsassız artırılması səbəbindən artıq xərcə yol verilmişdir. Bir halda sənədli video filminin istehsalı ilə bağlı yaradıcı qrupun üzvlərinə normadan artıq ezamiyyə xərci ödənilmiş, bir halda sənədli-bədii filmin çəkilişi ilə əlaqədar yaradıcı qrupun ezamiyyəsi zamanı filmin çəkilişində iştirakı olmayan şəxslərə ezamiyyə xərci ödənilmiş. Filmin çəkilişi ilə əlaqədar smetadan artıq qonorar ödənilmiş, habelə filmlərin çəkilişi ilə bağlı zəruri maddi resurslara və maddi-texniki bazaya malik olmayan, dövlət və digər kreditorlar qarşısındakı öhdəlikləri aktivləri ilə örtülməyən iddiaçı təşkilat və ixtisaslaşmamış hüquqi şəxslərlə müqavilələr bağlanıb. Bundan əlavə olaraq mühasibat uçotu və ilkin sənədləşdirmələr qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun aparılmamış, aparılan maliyyə-təsərrüfat əməliyyatlarının nəticələrini əks etdirən göstəricilərin maliyyə hesabatlarında və mühasibat sənədlərində təhrif olunması kimi hallara yol verilmişdir. Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək, aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə Qərar qəbul etmiş, həmin Qərar icra üçün “Yaddaş” Sənədli Filmlər Studiyasına və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə göndərilmişdir. Nəzarət tədbirinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilmişdir. Aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində görülmüş tədbirlər barədə təqdim edilmiş məlumatda dövlət büdcəsinə 5961,0 manat vəsaitin bərpa olunduğu qeyd olunmuşdur. Eyni zamanda, nöqsanlara yol vermiş 2 nəfər barəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq intizam tənbehi tədbirləri görüldüyü, o cümlədən, Studiyanın direktoruna ciddi xəbərdarlıq elan edildiyi və baş mühasibə töhmət verildiyi bildirilmişdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?