QMİ sədrinin Hollivud ulduzları, hind maharacaları ilə bağlayan malikanəsi üzə çıxdı
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin Çexiyada mülkləri və şirkətinin üzə çıxması xəbəri yeni deyil. 3 ilə yaxındır ki, mətbuatda şeyxin müalicəvi suları ilə dünyada məşhur olan Karlovı Varıda malikanələrinin olması xəbəri dolaşır. Ötən il həmin əmlaklara dair sənədlər ortalığa çıxmışdı. İndi isə həmin əmlakların varlığını ortaya qoyan video da yayılıb.
Bu günlərdə sosial şəbəkələrdə şeyxin Karlovı Varıdakı mənzil kompleksinin görüntüləri yayılıb. Belə aydın olur ki, şeyx tez-tez Karlovi Varıya baş çəkir. O, müalicə məqsədi ilə gəldiyi kurort şəhərdəki kompleksində özü üçün hazırlanmış 6 otaqdan ibarət lüks mənzildə qalır. Şeyxin bu şəhərdəki mülkü təkcə mənzil kompleksindən ibarət deyil. Belə ki, onun qardaşı Cavanşir Paşazadə ilə şərikli bir neçə oteli var. Mülkiyyət qeydiyyatı reyestrinə görə, Paşazadə qardaşları həmçinin Karlovı Varıda yerləşən çex şirkəti “Aynur KV”nin sahibidirlər.
Paşazadələrin malik olduqları mənzil kompleksi Karlovı Varının mərkəzinə baxan yüksəklikdə və regionda ən məşhur mehmanxana olan “İmperial Hotel”in yaxınlığında yerləşir. 20-ci əsrin əvvəllərində tikilmiş bu oteldə knyaz Pavel, bəstəkar Richard Strauss, hind maharacaları və Hollivud ulduzları yaşayıblar.
Ötən il kurort cənnəti hesab olunan Karlovı Varıda şeyximizin mülklərinin və biznesinin olması haqda məlumatlar yayılanda bunu təsdiq edən fotolar, Çexiyanın müvafiq qurumlarının reyestr məlumatları təqdim olunmuşdu. Həmin məlumatdan sitat: “Marketa Şpişakova adlı bu çex qadın Şeyxülislam Allahşükür Paşazadənin şərikidir, 36 yaşı var. İxtisasca həkimdir, heç bir sərmayə qoymadan Allahşükür Paşazadənin və Milli Məclisin deputatı Cavanşir Paşazadənin Çexiyada, Karlovı Varıda açdığı ”Aynur KV" şirkətinin ortağı olub. Qadının valideynləri də 3 şirkətə sahibdirlər".
Bu məlumata şeyxin qardaşı Cavanşir Paşazadə və qudası Qalib Salahzadə münasibət bildirmişdilər. Milli Məclisin deputatı Cavanşir Paşazadə qardaşı və özünün Karlovı Varıda biznesinin olması haqda məlumatları yalana çıxarmaq üçün bir xeyli vurnuxmuşdu: “7-8 ildir ki, bu söhbət gedir. Yenə də yazırlar. Bunlar hamısı yalan məlumatlardır. Bizim Çexiyanın Karlovı Varı şəhərində heç bir biznesimiz yoxdur. O sənəd saxtadır, həmin xanımı və şirkəti tanımırıq. Mən də istəyərdim ki, biznesim olsun, amma təəssüf ki, yoxdur. Amma olanda nə olar ki?”
Halbuki Paşazadələrin adı keçən və Karlovı Varıda əmlaklarının olmasını təsdiqləyən Çexiyanın müvafiq qurumunun reyestr xidmətindən çıxarışların da fotosurətləri ortada idi. Həmin fotosurətlər əvvəl yayılmış məlumatların doğru olduğunu bir daha təsdiqləyirdi.
Həmin məlumatlar yayılan dövrdə “Açıq Rusiya” təşkilatının saytında yer alan məlumata görə, Çexiyanın məşhur kurort şəhəri olan Karlovı Varıda daşınmaz əmlakın böyük bir qismi Rusiya, Azərbaycan, Ukrayna və Qazaxıstan vətəndaşlarına məxsus olduğu bildirilirdi. Saytın yaydığı məlumatlar sırasında Hacı Allahşükür Paşazadənin, onun deputat qardaşı Cavanşir Paşazadənin Karlovı Varıda əmlakının olması diqqətə çatdırılırdı. Həmin vaxt Cavanşir Paşazadə “Açıq Rusiya” təşkilatının məlumatı da yalana çıxarmağa çalışmışdı.
Sitat: “Hazırda xaricdəyəm. Buna görə ətraflı danışa bilmirəm. Qeyd edim ki, yayılan xəbərlər həqiqəti əks etdirmir. Tamamilə yalandır. Bizim orada əmlakımız yoxdur” - deyə şeyxin qardaşı bildirirdi.
Onun aradından şeyxin qudası Qalib Salahzadə də inkarçılıq mövqeyindən çıxış etmişdi. Bildirmişdi ki, şeyxin heç bir ölkədə biznesi yoxdur: “Ötən gün məni qaralayan xəbər yayılmışdı. İndi də Şeyxi qaralayan xəbərlər yayılıb. Bütün bunlar böhtandır. Məgər Şeyxin vaxtı var bizneslə məşğul olsun? Şeyx bütün günü Rusiyaya gedib-gəlir, Qarabağ probleminin həllinə çalışır. Onun bu Vətən üçün xidmətləri böyükdür. İndi Allahşükür Paşazadəni kimlərsə hədəfə alıblar, bu cür şərləməyə çalışırlar. Şeyx nə vaxtsa Karlovı Varıya gedib bir stəkan su içib. İndi deyirlər ki, onun Çexiyada biznesi var. Birincisi, Şeyxin Karlovı Varıda biznesi yoxdur. Lap olsa, nə olar? Məgər biznesi olmaq eyibdir? Mən bir daha söyləyirəm ki, bütün bunlar Şeyxə qarşı böhtandır. Bunun arxasında kimlər dayanırsa, Allah onların cəzasını verəcək”.
Qalib Salahzadə yalana doğru donu biçmək üçün fikrini belə davam etdirmişdi.
Sitat: “Deyirdilər ki, guya Hacı Qalib silah gəzdirir və sairə. Mən də keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova zəng edib xahiş etdim ki, bağıma minaaxtaran əməliyyatçılar göndərsin. Sağ olsun Eldar Mahmudov, kişi adamdır. O da göndərmişdi. Gəlib bağı yoxlamışdılar, ancaq heç nə tapılmamışdı. Deməyim odur ki, vəzifədə olan bəzi məmurlar üçün adamı şərləmək çox asandır. Hörmətli Şeyximizi də şərləmək istəyirlər”.
İlgili resim
Allahşükür Paşazadə 38 ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədrlik edir. 1949-cu il 26 avqust tarixində Lənkəran rayonunun Cil kəndində kəndli ailəsində doğulan şeyx orta məktəbi bitirdikdən sonra 1966-68-ci illərdə sovxozda fəhləlik edib. Yerli ağsaqqallardan gizli şəkildə dini biliklər öyrənən A. Paşazadə 1968-70-ci illərdə Buxarada “Mir-Ərəb” mədrəsəsində təhsil alıb. 1971-ci ildə İmam əl-Buxari adına Daşkənd İslam Universitetinin ilahiyyat fakültəsinə daxil olub və 1975-ci ildə buranı müvəffəqiyyətlə bitirərək tam ali dini təhsilə yiyələnib. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsində məsul katib, 1978-ci ildən “Təzəpir” məscidinin axundu, İdarənin sədr müavini vəzifələrində çalışıb. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsinə seçilib və Şeyxülislam rütbəsi alıb. XII Şeyxülislamdır. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının sədridir. Onun müxtəlif biznes sahələri ilə əlaqələri haqda bu günə qədər xeyli məlumatlar yayılıb. Əsasən ölkəyə ixrac olunan tərəvəz məhsullarının Allahşükür Paşazadənin inhisarında olduğu bilinirdi. Allahşükür Paşazadə bir qayda olaraq belə məlumatlara münasibət bildirmir, bildirəndə isə ortaya sübut qoyulmasını istəyir. Onun bu sıradan olan açıqlamalarından birindən sitat: “Bəzən mənim adımı şüşə, armatur, alma, soğan və kartof biznesi ilə məşğul olan şəxs kimi hallandırırlar. Bunların heç biri həqiqətə uyğun deyil. Bir şey haqqında danışanda ortaya sübut qoymaq lazımdır”.
Sonuncu yayılan video Allahşükür Paşazadənin sübut tələbini ödəyir. Bundan başqa ortaya çıxan bu video Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadənin, 38 dəfə Həcc ziyarətinə getməsi ilə öyünən Qalib Salahzadənin yalan danışdıqlarını təsdiqləyir.
Yayılan məlumatlardan belə aydın olur ki, Paşazadələrin “Aynur KV” qrupu avtomobillərin lizingi və kirayəsi, daşınmaz əmlak alqı-satqısı ilə məşğuldur. MMC kimi Skroupova, 36001, Karlovy Vary ünvanında qeydiyyatdan keçib. Aylıq gəliri 1 milyon kron -təxminən 100 min manatdır.
Qeyd edək ki, A.Paşazadənin, onun deputat qardaşının adı bundan əvvəl ölkə daxilində qurulan daha bir biznes layihəsindən doğan mübahisədə hallanırdı. Məsələnin mahiyyəti bu idi ki, Müğdət Həşimov Paşazadələrlə birgə fəaliyyət haqda müqavilə imzalamışdı. Müqavilə üzrə M.Həşimov Paşazadələrə məxsus “Medi-Sina” klinikasını işlətmiş, sonradan tərəflər arasında mübahisə yaranmışdı. Bundan sonra Paşazadələrin yaxın adamı, “Hacı Mazan” kimi tanınan Ramazan Zeynalov dövriyyəyə girib və onun iddiası əsasında M.Həşimov həbs olunub. Bir müddət əvvəl isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. İtthama görə, Paşazadələrə məxsus “Medi-Sina” klinikasına avadanlıqların alınması məqsədilə ayrılmış vəsaitdən 193 min manatın mənimsənilməsində ittiham olunan Müğdət Həşimov özünü təqsirli bilmirdi. Bu iş üzrə hazırda Ali Məhkəmədə M.Həşimovun şikayətinə baxılır.
Yayılmış son məlumatlarla bağlı Paşazadələrin mövqeyini öyrənməyə cəhd etsək də, alınmadı. Bununla belə, onların da mövqeyini dərc etməyə hazırıq./musavat
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?