Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov bitirildi. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin açıqlaması buna əyani sübutdur
İbrahimovlar erası bitdi. Əslində de-fakto süquta uğramışdılar. Ötən gün verilən sərəncam isə bu ailənin “imperiyası”na son qoydu.
Nazim İbrahimovun Diasporla İş üzrə Dövlət Komitəsi sədrliyi postuna təyinat almaması qardaşları Sahil İbrahimov və İbrahim İbrahimovun üzərində xeyli vaxtdır ki, “qara bulud”lar dolaşan bizneslərinin çöküşünü sürətləndirdi.
Sabiq komit sədrini bitirən əsas səbəb isə Avropadakı virtual İŞİD-çilərlə bağlı işlərdə boşluqlar buraxması, diasporda yeyintilər olmasıdır. Söyüş makinasına qarşı tutarlı iş qura bilməyən N.İbrahimova qapını göstərib yola saldılar.
Yəni, onu bitirən 2 əsas səbəb oldu: seçki ərəfəsindəki söyüş müxalifəti və diasporada korrupsiya, maxinasiyalar...
“Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib.
Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.
Bunu “Report”un sualını cavablandıran Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.
O xatırladıb ki, Prezidentin növbəti sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub: “Cənab Prezident Fuad Muradovla görüşüb və ona konkret tapşırıqlarını verib.
Gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunması böyük əhəmiyyət kəsb edir”.
Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib:
“Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.
gundemxeber.az FİA.Az-a istinadən xəbər verir ki, PA rəhbərinin açıq şəkildə maliyyə yardımlarının ünvanına çatmadığını deməsi N.İbrahimovun həbsinə gətirib çıxara bilər.
Keçmiş komitə sədri barəsində korrupsiya ittihamı ilə cinayət işi başlanması mümkündür. R.Mehdiyev aydın şəkildə bəyan edib ki, N.İbrahimov heç bir iş görməyib.
N.İbrahimov müsahibəsində söyüş kampaniyası ilə bağlı öz işinə haqq qazandırmağa cəhd edib.
Ancaq onun diaspor işinin nəticəsidir ki, Avropada əleyhimizə gedən kampaniyaya diasporlar tutarlı cavab verə bilmirlər.
Necə olur ki, bu qədər qara piar kampaniyası aparılır, amma Diasporla İş üzrə Dövlət Komitəsi öz üzərinə düşən öhdəliyi yerinə yetirərək 3-5 adama qarşı normal mübarizə apara bilmir?
Bəlkə də bu qarayaxmaya cavab vermək istəmirlər? Bütün hallarda adıçəkilən qurum və onun rəhbərliyinin səriştəsizliyi ortadadır.
Ortaya sual çıxır, Avropada 3-5 kəndini bilməz adam bu boyda səs-küy yarada bilirsə, o zaman siz və rəhbəri olduğunuz qurum bütün illər ərzində nə işlə məşğul olmusuz?
Dövlət büdcəsindən hər il milyonlarla vəsait ayrılır ki, ölkəmizin maraqlarını beynəlxalq aləmdə təmin edəsiz, xaricdə həm dövlət, həm cəmiyyət Azərbaycanı tanısın, öyrənsin.
Ancaq Avropadan ölkəmizə ünvanlanan qarayaxma kampaniyası və onların cavabsız qalması onu göstərir ki, N.İbrahimovla komandası heç bir iş görməyib.
Bundan sonra böyük qardaşı Hacı İbrahim Nehrəmlinin milyardlıq layihəsi olan “Xəzər adaları”ının dənizdə batdığını söyləmək olar.
Bir zamanlar guruldayan, mətbuatda piarını aparan, layihənin sxemini təyyarədə dizi üstündə yazması ilə öyünən İ.Nehrəmlinin “Xəzər adaları” “aysberqə” rast gəldi.
Hacı İbrahimin Beynəlxalq Bank işində “Bandotdel”ə çağırılması, kreditlərin ödənişində üzləşdiyi cəncəl artıq layihənin qara zolağa girdiyini göstərirdi.
İş adamı müsahibələrində də vəziyyətin çətinləşməsindən gileylənirdi. Qardaşı N.İbrahimovun isə vəzifəsiz qalması “Xəzər adaları”nın onun əlindən alınmasına gtirib çıxarıb.
AzEuroNews.com-a verilən xəbərə görə, “Xəzər adaları” layihəsinin tikintisi xeyli zamandır ləngiyib, xərclənən milyonlar isə heç bir nəticə verməyib.
Bu projenin Hacı İbrahimdən alınaraq “Paşa holdinq”ə verildiyi haqda məlumatlar dolaşmaqdadır. Hətta “Avesta” konserinin fəaliyyətinə xitam veriləcəyi bildirilir.
Sorğu
Yeni dizaynımız necədir?