Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Dövlət Miqrasiya Xidmətinin və Diasporla İş üzrə Dövlət Komitəsinin işində ciddi nöqsanlar olduğunu bildirib.
Bu barədə Mehdiyev yeni təyin edilmiş rəhbərləri kollektivlərə təqdim edərkən danışıb.
Prezident İlham Əliyevin sərəncamları ilə Milli Məclisin deputatı Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinə, deputat Fuad Muradov isə Diasporla İş üzrə Dövlət Komitəsinə yeni rəhbər təyin edilib.
Ramiz Mehdiyev Dövlət Miqrasiya Xidmətinin keçmiş rəhbərliyini korrupsiyada ittiham edib və buna son qoyulmasını tələb edib.
“Azərbaycan prezidenti hesab edir ki, korrupsiyaya son qoymaq lazımdır və xidmət şəffaf işləməlidir. Dövlət Miqrasiya Xidməti Azərbaycanın qapısıdır. Əgər Dövlət Miqrasiya Xidməti Azərbaycana hörmət qazandırmırsa, belə bir qurum Azərbaycan üçün lazımsızdır", o vurğulayıb.
Qeyd edək ki, bundan öncə prezident Əliyev Dövlət Sərhəd Xidmətini də korrupsiyaya və əcnəbilərdən pul tələb olunmasına görə tənqid etmişdi, buna son qoyulmasını tələb etmişdi.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib ki,Diasporla İş üzrə Dövlət Komitəsinin bundan öncəki rəhbəri Nazim İbrahimovun dövründə xaricdə yaşayan azərbaycanlılarla bağlı heç bir iş görülməyib.
“Buna görə də bu gün Avropada, ABŞ-da və digər ölkələrdə yaşayan bəzi azərbaycanlılar Azərbaycana, onun dövlətçiliyinə qarşı təxribat xarakterli çağırışlar edirlər. Heç ermənilər də bunu etmir. Düzdür, ermənilər öz daxilində bir-birilərinə qarşı narazlıq və ya etiraz edirlər. Lakin ermənilər öz dövlətinə qarşı xarici ölkələrdən çağırış etmirlər. Təbii ki, bu da Diasporla İş üzrə Dövlət Komitəsinin səriştəsiz fəaliyyətindən irəli gəlir”, Mehdiyev qeyd edib.
Onun szölərinə görə, bütün bunlardan prezident Əliyevin məlumatı var. Buna görə də prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam imzalayıb.
Mehdiyev qeyd edib ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib.
“Düzdür, komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”, o deyib.
Öz növbəsində Nazim İbrahimov başçılıq etdiyi qurumda maliyyə şəffaflığının təmin edildiyini bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?