Bu gün 2017-ci il aprelin 28-də Bakı İstintaq Təcridxanasında müəmmalı şəraitdə intihar etdiyi iddia olunan, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Mehman Qələnderovun ölümündən bir il keçir.
Tənqidçi bloger Mehman Qələndərov 2017-ci il fevralın 7-də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə (234.2-ci maddə) həbs edilib. Qələndərov həbs edildiyi gün öz Facebook səhifəsində belə yazıb: “Hamımız Qiyas kimi olaq. Qul olmayaq”. (Fəallar Qiyas İbrahimov və Bayram Məmmədov Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazdıqdan sonra narkotik ittihamı ilə 10 il müddətinə həbs ediliblər – red.).
Facebook statusundan bir neçə saat sonra Qələndərovun saxlanılıb. 2017-ci il aprelin 28-də o, istintaq təcridxanasında, rəsmi versiyaya görə, intihar edərək dünyasını dəyişib.
Qələndərovun 1 saylı Bakı istintaq təcridxanasında ölümündən sonra Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb. Sonradan iş Bakı Şəhər Prokurorluğuna göndərilib.
İbtidai istintaqın yekunlarına görə, prokurorluq Qələndərovun ölümündə cinayət tərkibinin olmadığı, onun intihar etdiyi qənaətinə gəlib. Beləliklə 2018-ci ilin fevralında bloger Mehman Qələndərovun istintaq təcridxanasında ölümü faktı üzrə cinayət işinə xitam verilib.
Bu gün bir qrup hüquq müdafiəçisi və fəal Mehman Qələndərovun məzarını ziyarət edib.
Hüquq müdafiəşisi Oqtay Gülalıyev bildirib ki, blogerin ölümü ilə bağlı cinayətə obyektiv hüquqi qiymət verilmyib.
“Cinayətin açılması üçün heç bir araşdırma, təhqiqat aparılmayıb. Yalnız cinayəti ört-basdır etməklə məşğul olublar”.
Hüquq müdafiəçisi Azərbaycan hakimiyyətini ölüm işini obyektiv araşdırmağa və məsul şəxslərin məsuliyyətə cəlb olunmasına çağırıb.
Jurnalist Əvəz Zeynallı ictimaiyyətə müraciət edərək deyib ki, arxasıza arxa olmaq lazımdır.
“İctimai diqqət geniş olanda hakimiyyət şər və zor aparatını sonuna qədər işə sala bilmir. Gəlin, cəmiyyətin hələ ayaqda olduğunu göstərək”, deyə o ictimaiyyəti həmrəyliyə səsləyib./amerikaninsesi.org
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?