Artıq yay turizm mövsümü qapıdadır. Bu mövsümdə yolunuz Azərbaycanın dilbər guşələrindən olan Xızıya, Altıağaca düşsə, çətinliklərlə üzləşməyəsiz, bizim başımıza gələn sizin də başınıza gəlməsin deyə, bəzi məqamları sizinlə bölüşmək istəyirik.
Belə ki, bu günlərdə Xızıya səfər etmişdik, məqsədimiz agentliyimiz üçün növbəti materialı hazırlamaq idi. Səfərimiz bir qədər uzun çəkəcəyindən Xızı bazarından bazarlıq etmək qərarına gəldik. Rayonun mərkəzində yoldan ötən bir nəfərdən, "bazar hansı tərəfdədir?" deyə soruşduq. Adam bir anlıq duruxdu və sonra, "bizdə bazar yoxdur ki!" deyə cavab verdi.
gundemxeber.az dia.az-a istinadla bildirir ki, əvvəlcə adamın bizi başa düşmədiyini zənn etdik və "bazarı soruşuruq, Xızının bazarı haradadır?" deyə bu dəfə daha bərkdən səsləndik. Kişi çarəsizcəsinə, "axı, Xızıda bazar yoxdur" dedi. "Necə, belə bir dövrdə və turizm potensialı yüksək olan rayonda bazar yoxdur?!" — deyə təəccüblə soruşduq.
Sualı ünvanladığımız şəxsin yol yoldaşının bu sualımızdan sonra sanki yarası təzələndi. Sputnik Azərbaycan-dan olduğumuzu biləndə, özünü təqdim eləyib danışmağa başladı.
"Xızının qədim rayon olmasına baxmayaraq, burada bazar yoxdur. Biz çox əziyyət çəkirik. Ət almaq üçün günlərlə növbə gözləyirik ki, rayonda kimsə heyvan kəsəcək və ət ala biləcəyik. Əgər heyvanın kəsilməsindən xəbərimiz olmasa, yarım ay ətsiz qalmalıyıq, ya da 70 kilometr uzağa gedib bazarlıq etməliyik", — deyə Xızı rayon sakini Asif İskəndərov gileyləndi.
Qış aylarında isə vəziyyətin daha acınacaqlı olduğunu dedi: "Qışda qar çox yağdığından gediş-gəlişdə çətinliklər yaşanır. Ən böyük çətinliyimiz isə qəflətən qonağımız gələndə olur. Həyətimizdə meyvə olmasa, uşaqlarımız yay, qış meyvə üzünə həsrət qalırlar".
Daha sonra bu mövzuda söhbət etdiyimiz digər rayon sakinləri də bazarsız onlara çox çətin olduğunu bildirdilər. 55 yaşlı rayon sakini Leyla Musayeva dedi ki, bəzən kəndlərdən, yaxud da yaxın rayonlardan səyyar satışla məşğul olan şəxslər maşınla bura meyvə-tərəvəz gətirib satırlar. Yoxsa, rayon sakinləri mer-meyvə üzünə həsrət qalar.
Leyla xanım qeyd etdi ki, rayonda kənd təsərrüfatı, heyvandarlıqla məşğul olan insanlar çoxdur. Amma həmin məhsulları çıxarıb sata biləcək bir bazar yoxdur: "Deyəsən, Xızı respublikada yeganə rayondur ki, bazarı yoxdur. Əvvəllər heç aptek və yanacaqdoldurma məntəqəsi də yox idi. Şükür ki, onu tikdilər".
"İstirahətə gələn yerli və xarici turistlər bizdən bazarı soruşanda, "yoxdur" deməyə xəcalət çəkirik. Ümidvarıq ki, bizim də səsimizi eşidən kimsə tapılacaq və rayonda bazar yaradılacaq", – dedi rayon sakini.
Rayonda rastlaşdığımız turistlər də bu rayonda bazarın olmamasından təəccübləndiklərini bildirdilər.
Gədəbəy rayonundan "Altıağaca" dincəlməyə gəlmiş Valeh Məmmədov qeyd etdi ki, Xızıda yaxşı dincəlsə də, bazarın olmaması onu məyus edib: "Bir həftəlik ailəmlə istirahətə gəlmişəm. İlk dəfə bura gəldiyim üçün heç nədən xəbərim yox idi. Düşündüm ki, hər rayonda olduğu kimi, buranın da bazarı var və mən gedib ailəm üçün bazarlıq edəcəm. Amma eşidəndə ki, burada bazar yoxdur, xeyli təəccübləndim və açığı, çox da məyus oldum".
"Belə gözəl istirahət zonasında bu cür halla qarşılaşmaq heç ürəyimizcə olmadı. Mən 140 kilometrlik məsafəyə maşın sürüb, Bakıya bazarlıq edib qayıtmalı olmuşam. Bura gələndə xeyli heyvan sürülərinə rast gəlib sevindim ki, hər gün bazardan təzə ət alacam. Nə biləydim ki, buranın bazarı yoxdur?!", — deyə gileyləndi turist.
Xızı Rayon İcra Hakimiyyətindən isə bizə bildirdilər ki, rayonda bazar yaratmaq istəyən özəl sahibkarlar təşəbbüs göstərsə, problemi aradan qaldırmaq olar. Lakin nədənsə, rayon rəhbərliyi bu çatışmazlığı aradan qaldırmağa heç təşəbbüs də göstərməyib. Bu səbəbdən də, "rayonda niyə bazar yoxdur?" sualımıza nə cavab verəcəklərini bilmədilər.
Ümid edək ki, bizim bu sualımızı rayonun məsul şəxsləri də nəhayət öz-özlərinə verəcəklər və problemin aradan qaldırılması üçün yollar axtaracaqlar. 21-ci əsrdə 16 minə yaxın əhalisi və turizm potensialı olan bir rayonda bazarın olmaması, sadəcə biabırçılıqdır…
Sorğu
Yeni dizaynımız necədir?