"Pasaj" bazarının yerində 3 mərtəbəli ticarət obyekti tikilə bilər
Bakıda Səbail rayonu ərazisində yerləşən və 100 ildən artıq yaşı olan “Pasaj” bazarı bağlanacaq. Bu barədə satıcılar məlumat verib. Məlumatı dəqiqləşdirmək üçün adıçəkilən bazara yollandıq. “Pasaj” bazarına çatanda içəridəki mənzərə, müharibədən sonra qədim şəhərin xarabalığını xatırladırdı. İlk olaraq bizi qapıda xarabalıq içərisində özünə yuva quran pişiklər qarşıladı. Bazarın içərisində isə ümumilikdə 30 satıcının otura biləcəyi piştaxtalardan cəmi ikisində satıcı gözə dəyirdi. Həmin satıcılara yaxınlaşanda məlum oldu ki, onlar “Pasaj” bazarının ən sadiq satıcılarıdır. Onlardan Xədicə adlı satıcı 23 ildir ki, bütün gününü həmin bazarda keçirir.
“Deyirlər ki, avqust ayından bu bazar bağlanacaq. Mən gündəlik 5-10 manat çörəkpulumu burdan çıxarıram. Yaşlı adamam, 23 ildir burda satıcılıqla məşğulam. Bundan sonra hara gedəcəyimi də bilmirəm. Düzdür, indi burada alver yaxşı deyil, amma yenə də, bu bazar mənə doğmadır. Buranın dağılması mənim üçün həyatın sonu deməkdir”, - deyə Xədicə adlı qadın bildirib.
Xədicə xala deyir ki, “Pasaj” bazarını söküb, yerində avtodayanacaq tikəcəklər. Artıq bazarın yanında dayanacaq salınıb və həmin dayancaq böyüdüləcək. Lakin bazarın müdiri Nuru Şirinov ANS PRESS-ə açıqlamasında deyilənlərin yalan olduğunu bildirib. Müdirin sözlərinə görə, bazar artıq öz aktuallığını itirib.
“Avqust ayında bazar bağlanacaq. Özünüz görürsünüz ki, bura nə gündədir. Bazar dağılıb gedir. Elə bu ildə Fövqəladə Hallar Nazirliyindən gəlib bizi 5 dəfə cərimələyiblər. Bazar öz xərcini ödəmir. Elektrik enerjisinə, suya, vergilərə borcumuz artıb. Fevral ayından işçilərin məvaciblərini verə bilmirik. Bazarın müdiriyyəti əvvəlcə kiçik yeri avtodayanacaq etdi ki, bəlkə, buradan bir az pul çıxar. Amma bu da kömək etmədi. İndi ətrafda böyük və rahat supermarketlər var. Kimdir bura alverə gələn?”, - deyə Nuru Şirinov bildirdi.
Ərazidə yaşayan sakinlər də “Pasaj” bazarının artıq lazımsız olduğunu deyir. Onlar bildirirlər ki, bu baraza alverə də getmirlər. Sakinlərin sözlərinə görə, indi bu bazar sadəcə paytaxtın mərkəzində yamaq kimi görünür.
Qeyd edək ki, “Pasaj” bazarı 1898-ci il də tikilib və 1901-ci ildən fəaliyyətə başalyıb. Keçmiş Sovet dövründə burada qızğın alver gedib. Bundan sonra “Pasaj” bazarının alveri pis olmayıb. 1993-cü ildən 2000-ci ilə qədər “Pasaj” bazarının alveri normal olub. Lakin son illərdə, bazar özəlləşdiriləndən sonra isə alver tamamilə ölüb. Bunun da əsas səbəblərindən biri bazara gələn avtomobil yolunun bağlanması olub. Nuru Şirinovun sözlərinə görə, əgər əvvəllər rayonlardan bura yük maşınları ilə meyvə-tərəvəz gətirirdilərsə, indi bazara gəlmək üçün yük avtomobilləri buraxılmır. Satıcılar da, məhsulları kənarda bazardan alıb, burada baha qiymətə satırlar. Ona görə də, bura alver eləməyə gələnlər çox deyil.
Bazarın özəlləşdirilməsinə gəlincə, həmin bazarın 33 səhmdarı var. Lakin bazarın 75 faiz səhmi sahibkar Tamara Aslanovaya məxsusdur. Tamara xanım isə bazarın idarəçiliyini Mehralı Məmmədova tapşırıb. Nuru Şirinov deyir ki, bazarın sökülərək, yerində nə tikiləcəyini də dəqiqliyi ilə Mehralı Məmmədov bilir.
“Düzü bazarın yerində avtodayanacaq olması söhbəti yalandır. Lakin “Pasaj”ın elə bazar kimi də qalması mümkünsüzdür. Düşünürəm ki, bazar sökülüb, yerində 3 mərtəbəli ticarət obyekti tikilə bilər. Burada da müasir xidmət olar. Lakin burada nə tikiləcəyini dəqiqliyi ilə Mehralı müəllim bilər”, - deyə bazar müdiri bildirib.
Məsələ ilə əlaqədar Mehralı Məmmədov ilə əlaqə saxladıq. M.Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, “Pasaj” bazarı sökülməyəcək. Bazar əsaslı təmir olunacaq. Lakin bazarın gəlirinin olmaması səbəbində bağlanacağına M.Məmmədov dəqiq fikir bildirmədi.
“Onu zaman göstərər. Amma hələlik bazarı əsaslı təmir edəcəyik. Bilmirəm təmir müddəti nə qədər olacaq. Lakin çalışacağıq ki, “Pasaj” elə bazar kimi fəaliyyət göstərsin”, - deyə M.Məmmədov bildirdi.
Sorğu
Yeni dizaynımız necədir?