Ötən gün Masazırda elektrik enerjisinin verilməsi ilə bağlı bir-birini təkzib edən rəsmi açıqlamalar hələ də davam edir.
gundemxeber.az xatırladır ki, dünən “Azərişıq” ASC Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisi təchizatında fasilələr yaranacağı haqda rəsmi məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, 110 kVt-luq 1-ci Xırdalan hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində iyulun 25-27-də elektrik enerjisi təchizatında qısamüddətli fasilələr olacaq.
Bunun ardınca isə Azərenerji ASC məlumat yayaraq bəyan etdi ki, xəbər doğru deyil.
“Praktiki olaraq həmin xətlərdə hər hansısa bir təmir-bərpa işləri aparılsa belə, bu, elektrik enerjisi təminatında fasiləyə səbəb ola bilməz. Kütləvi İnformasiya Vasitələrindən xahiş edirik ki, Azərenerji ASC ilə bağlı xəbərləri yaydıqda diqqətli olsunlar və jurnalist peşə etikasına uyğun olaraq dəqiqləşdirmələr apardıqdan sonra ictimailəşdirsinlər", - "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin yaydığı məlumatda bildirildi.
Burada maraqlı iki məqam var: birincisi, iki dövlət qurumunun rəsmi məlumatının bir-birini təkzib etməsi, ikincisi, bu təkzibetmədə medianın günahlandırılması.
Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev uzun illərdir bu sistemdə çalışan və kifayət qədər peşəkar bir isimdir. Ona görə də ilk olaraq T.Mustafayevə müraciət etdik.
T.Mustafayev Axar.az-a bildirdi ki, yaydıqları məlumatda heç bir yanlışlıq yoxdur:
“Mən uzun illərdir media ilə işləyirəm və indiyə qədər bir dəfə də yalan məlumat yaymamışam. Təmsil etdiyim qurumun məlumatlarını dəqiqliklə yaymaq mənim vəzifəmdir. Sözügedən ərazidəki vəziyyətlə bağlı isə dünən yaydığımız məlumatın üzərində qalıram”.
Başqa sözlə, peşəkarlığına heç bir şübhə etmədiyimiz T.Mustafayev bir daha yaydığı məlumatı təsdiqlədi.
Azərenerji ASC-nin mətbuat xidmətinin rəhbəri Y.Babanlıya da müraciət etdik və rəsmi məlumatı yayan media qurumlarına qarşı ittihamının səbəbini soruşduq.
Xatırladaq ki, rəsmi məlumatı “Azərtac” da daxil olmaqla, ölkənin bütün nüfuzlu agentlik və portalları tirajlayıblar. Y.Babanlı isə rəsmi dövlət agentlikləri də daxil olmaqla, bütün medianı əslində qeyri-peşəkarlıqda suçlayıb.
Y.Babanlı Axar.az-a bildirdi ki, sonuncu məlumatda KİV və media ilə bağlı səsləndirdiyi fikirlərdə jurnalistlərin inciməsini anlayır:
“Media nümayəndələrinə sonsuz hörmətimiz var. Sadəcə, bu məsələdə məlumatı yayan və işıqlandıran tərəf onlar olduğundan, xəbərdə bizim qurumun da adı keçdiyi üçün mövqeyimiz öyrənilməli idi”.
Y.Babanlı bir daha iddia edib ki, Azərişıq ASC yaydığı məlumatda Azərenerji ASC-nin də adını hallandırdığı üçün jurnalistlər bunu dəqiqləşdirməli idi:
“Məsələ ondan ibarətdir ki, “Azərişığ”ın məlumat yayması onun işidir və hüququdur. Sadəcə olaraq, o məlumatda “Azərenerji” ilə bağlı hər hansısa bir nüans keçirsə, onu yaxşı olardı ki, jurnalistlər məndən və ya qurumun digər rəsmi şəxslərindən dəqiqləşdirsinlər”.
“Azərenerji” sözçüsü bildirib ki, “Azərişığ”ın məlumatından sonra dəqiqləşdirmə aparıb:
“Bu, Tanrıverdi Mustafayevlə əlaqədar olan bir məsələ deyil. Ona məlumat verilib, o da məlumatı yayımlayıb. Mən, sadəcə, öz dispetçer məntəqəmizlə faktı dəqiqləşdirmişəm və müvafiq təkzibi yaymışam”.
Qeyd edək ki, bir rəsmi qurumun yaydığı məlumatı tirajladığı üçün medianın digər rəsmi qurum tərəfindən “peşə etikasına dəvət edilməsi” praktikası ilk dəfədir.
Sorğu
Yeni dizaynımız necədir?