Tarif Şurasının son qərarında benzinin qiymətinin artması ilə yanaşı, elektrik enerji istehsalı müəssisəsinə verilən təbii qazın hər min kub metrə görə qiyməti 42 manatdan 80 manata qədər qalxıb. Bundan sonra Dövlət Neft Şirkəti “Azərenerji” ASC-yə verdiyi qazı təxminən iki dəfə baha satacaq.
Benzinin pərakəndə satışının bahalaşması ilə bir çox ərzaq məhsulları və xidmət sahələrindəki qiymətlərin əhəmiyyətli dərəcədə artdığı müşahidə edilir. “Azərenerji” yə verilən qazın bahalaşması isə elektrik enerjisinin qiymətinin artırılacağını deməyə əsas verir.
İşıq da bahalaşacaq
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Rövşən Ağayev “Axar.az”a açıqlamasında elektrik enerjisi qiymətlərinin hazırda kifayət qədər baha olduğunu vurğulayıb: “Azərbaycanda 1 KVt elektrik enerjisinin dəyəri 6 qəpikdir. Xammalı Azərbaycandan qat-qat baha alan ölkələrdə işığın qiyməti “Azərenerji”nin istehlakçılara satdığı qiymətlə bərabər səviyyədədir. Nəzərə almaq lazımdır ki, “Azərenerji” həm də yanacaqdan istifadə edir. Balansında olan avtomobillər var. ASC-yə verilən qazın, həm də yanacağın bahalaşması, çox güman ki, tariflərə təsir göstərəcək. Benzinin qiyməti qalxandan sonra hökumət yəqin ki, cəmiyyətin özünə gəlməsini gözləyəcək, ondan sonra növbəti bahalaşma qərarını verəcək”.
“Azərenerji” borc içində
Qeyd edək ki, hazırda “Azərenerji”nin istehsal etdiyi elektrik enerjisinin hər kilovat saatı 3,1 qəpiyə başa gəlir. Həmin enerji əhaliyə dəyərindən 2 dəfə baha satılır. Digər ölkələrlə müqayisədə tariflərin heç də aşağı olmadı görünür. Üstəlik, ASC-nin xərclərinın böyük bir hissəsini dövlət büdcəsi və xaricdən alınan kreditlər hesabına ödənilir. Bu halda “Azərenerji”nin borclu olması qurumun maliyyə hesabatlarında şəffaflığın olmamasını deməyə əsas verir. 2007-ci ildə elektrik enerjisinin qiyməti 3 dəfə qalxanda hökumət bəyan etdi ki, bu tarif rentabelliyi təmin edəcək. Bundan sonra “Azərenerji”nin nə büdcə, nə də başqa təşkilatlar qarşısında borc öhdəliyi yaranmayacaq. Lakin Hesablama Palatasının son məlumatına görə, SOCAR-a 300 milyon manat, mənfəət vergisindən isə dövlət büdcəsinə 250 milyon manata yaxın borcu yaranıb.
İqtisadçı R.Ağayev də bu fikirləri bölüşür: “ASC-nin öz tarifləri hesabına formalaşan gəlirlərinin hesabatlılığında tamamilə qeyri-şəffaflıq var. Elektrik enerjisi tarifləri yüksək olan, yığımı 90 faizdən çox olan olan və dövlətin maliyyə resurslarına əlverişli çıxışı olan bir şirkət borc içində üzür. Burada çox qeyri-şəffaf bir mühitin olduğunu açıq şəkildə görmək olur. Şəffaflıq mühitini yaratmaq üçün bu sektor dövlətsizləşdirilməlidir. Necə ki, 2000-ci ilin əvvəlində “Barmek” vasitəsilə bu prosesə başlanılmışdı. Amma hökumət bu prosesi yarımçıq qoymaqla çox böyük strateji səhvə yol verdi”.
“Azərenerji” ASC-dən isə bildiriblər ki, tariflərin artırılması ilə bağlı hələlik heç bir məlumat və müraciət yoxdur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?