Bakının Nizami rayonunda, “Su səsi” restoranı ilə üzbəüz yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsində yanacaq çəninin maksimal tutumu 55 litr olan və çənində təqribən 7-8 litr yanacaq qalan “Hyundai” İX35 avtomobilinə bu gün səhər saatlarında 57 litr yanacaq vurublar
gundemxeber.az bildirir ki, bu faktla virtualaz.org saytının əməkdaşı qarşılaşıb. Yanacaqdolurma məntəqəsinin operatoru absurd vəziyyəti izah edə bilməyib və aldadılma faktının olduğunu inkar edib.
Lakin internet mənbələrində, KİV-lərdə, sosial şəbəkələrdə Bakıdakı “Lukoil” yanacaqdoldurma məntəqələrində sürücülərin açıq-aşkar aldadılmasına dair çoxsaylı şikayətlərə nəzər salanda bu hadisə təəcüblü görünmür. Belə görünür ki, “Lukoil” yanacaqdoldurma məntəqələrində oğurluq adi haldır, kütləvi yayılıb və hər gün tətbiq edilən praktikadır.
Məsələn, Nizami rayonunda yaşayan və “Hyundai Sonata” avtomobili sürən sakin deyir ki, məhz “Su səsi” restoranı ilə üzbəüz yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsində yanacaq oğurluğu daha kobud formada baş verir. “Dəfələrlə yoxlamışam. Başqa YDM-lərdə 10 manatlıq yanacaq vuranda 120 kilometr sürürəm, oradan həmin məbləğdə yanacaq vuranda cəmi 70 kilometr. Bu səbəbdən həmin YDM-dən uzaq dururam”-sürücü deyir.
Sözügedən “Lukoil” yanacaqdoldurma məntəqəsində sürücülərin kütləvi şəkildə aldadılması barədə bu ilin əvvəllərində bloqqer Çingiz Özgür də öz başına gələnlərə əsasən yazmışdı. O, məruz qaldığı aldadılma faktına görə YDM-in operatorundan şikayət etməyib. “Çünki bu fərdi məsələ deyil. “LukOİL” şirkət olaraq oğurluq edir”-bloqqer yazıb. Sosial şəbəkə istifadəçiləri bu faktı geniş müzakirəyə çıxarmışdılar və “Lukoil” YDM-lərində necə aldadıldıqlarına dair çoxsaylı nümunələrdən bəhs etmişdilər.
Sorğu
Yeni dizaynımız necədir?