Bu gün Səfər Mehdiyevin Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinə sədr təyin olunmasından 100 gün ötür. 100 gün bütün dünyada kadrların özünü təsdiq etməsi və qarşıya qoyulan vəzifələrin icrasının yürüdülməsi üçün kifayət edən vaxt kəsimi hesab olunur. O baxımdan ötən 100 gün müddətində Azərbaycanın ən problemli sahələrindən biri olan və iqtisadiyatda, o cümlədən daxili bazarda inhisarçılığın formalaşmasında birbaşa iştirak edən Dövlət Gömrük Komitəsində bu günə qədər nəyin dəyişməsi cəmiyyətdə ciddi maraq doğurur.
İlk öncə onu qeyd edək ki, yeni sədr Səfər Mehdiyev Gömrük Komitəsinin rəhbərliyinə kənardan gətirilməyib və quruma sədr təyin olunmamaışdan əvvəl 12 il müddətində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Yəni Səfər müəllim uzun illər boyunca Dövlət Gömrük Komitəsinin “cikini də, bikini də” bilən adam olub. Bu üzdən də Səfər Mehdiyevin yeni vəzifəyə adaptasiya olunması kimi də bir problemi olmayıb. Hər şeydən əvvəl Səfər Mehdiyev qurumda iş prossesini bilən, kadrları tanıyan biri olduğu üçün onun fəaliyyətində bilməməzlikdən doğan problemlər olmayıb və açığı 100 günlük vaxt kəsimini də bu üzdən Səfər Mehdiyevə aid etmək o qədər də doğru deyil.
Buna baxmayaraq, ötən 100 gün ərzində Səfər Mehdiyev nəylə yadda qaldı? Və ən əsası Azərbaycan iqtisadiyyatının normal fəaliyyət göstərməsinə və sahibkarlığın, o cümlədən azad bazar şərtlərinin ölkədə bərqərar olmasına əsas əngəl qurumlardan biri olan Dövlət Gömrük Komitəsində nöqsanlar və yaradılan maneələr ortadan qaldırılıbmı?
Səfər Mehdiyevin “islahatları”
Əslində ümumilikdə götürdükdə Səfər Mehdiyev ötən 100 gün ərzində bir neçə gurultulu kadr dəyişikliyi ilə yadda qaldı. Onlardan biri Bakı Baş Gömrük Komitəsinin rəisi Vüsal Məmmədovun, digəri isə komitə sədrinin müavini Nazim Məmmədovun vəzifədən alınması olub. Səfər Mehdiyevin digər kadr dəyişiklikləri də maraqlı nüanslardan xəbər verib və belə bir təəssurat yaranıb ki, yeni sədr qurumu təkbaşına və özü bildiyi kimi idarə etməkdə qərarlıdır.
Lakin ötən 100 gün onu da göstərdi ki, Səfər Mehdiyev qurumda fundamental dəyişikliklər etməyi düşünmür, sadəcə özünün qurumdakı avtokratiyasını möhkəmləndirməyə üstünlük verir. Hər halda ötən zaman kəsiyində Səfər Mehdiyevdə öz yeni vəzifəsinə konseptual yanaşma ehtiva edən hər hansı bir müsbət dəyişikliklər və irəliləyişlər hələ ki, müşahidə olunmayıb. Hətta bəzi sahələrdə köhnə neqativlər daha da gücləndirilir. Ən əsası isə üfüqdə vəziyyətin düzələcəyi ilə bağlı ümid belə görünmür.
Gömrükdəki qeyri-şəffaflıq...
Hər ay DGK-nın mətbuat xidməti tərəfindən gömrük keçid məntəqələrində bir çox malların qeyri-qanuni olaraq ölkəyə keçirilməsinin qarşısının alınması barədə məlumatlar yerli mediaya verilir, Komitənin rəsmi veb-saytına yerləşdirilir. Həmin məlumatlara əsasən, hər ay yüzlərlə, hətta minlərlə xarici markalı siqaretlərin, alkaqollu içkilərin ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınır. DGK-nın veb-saytındakı məlumatlara görə, hər ay gömrük orqanları tərəfindən, həmçinin bahalı qızıl-zinyət əşyaları, mobil telefonları və aksessuarları da müsadirə olunur. Bəs bu qədər qənimətin sonrakı taleyi necə olur? Bax məsələnin bu tərəfi qaranlıqdır. Qızıl-zinyət əşyalarının hara təhvil verildiyi barədə bir kəlmə də məlumat verilmir.
Əgər tarix qoyularsa, o zaman veb-saytı izləyən vətəndaş, jurnalist, araşdırmaçı çox asanlıqla müsadirə olunan və hərraca çıxarılan malların statistikasını apara, müsadirə olunan mallarla hərraca çıxarılan mallar arasındakı say fərqini çox asanlıqla müəyyən edə bilər. Şəffaflığın təmin olunması üçün DGK rəhbərliyinin hərracların elan olunma və bitmə tarixi barədə konkret məlumat verməsi vacibdir, bu, həm də qanunvericiliyin tələbidir. Ölkədə istənilən hərrac təşkil edilərkən elan və bitmə tarixinin göstərilməsi mütləqdir ki, bu norma DGK sədrinin vecinə deyil.Bundan başqa, gömrük qanunvericiliyinə əsasən, müsadirə edilmiş digər məmulatlar- alkaqollu içkilər, siqaretlər, telefonlar və aksessuarlar gömrük hərracına çıxarılaraq satılmalıdır. Gömrük Komitəsinin saytında hərraca çıxarılan məhsullar və onların qiymətləri barədə məlumatlar yerləşdirilir. Lakin məlumatların yerləşdirmə tarixi barədə bir cümlə də olsun, məlumata rast gəlinmir. Niyə?
Tarixin göstərilməməsi bu araşdırmanın aparılması mümkünsüz edir və beləliklə, müsadirə olunmuş malların sonrakı “taleyinin” üzərinə qara bir pərdə salınmış olur.
DGK mətbuat xidmətinin məlumatına əsaslansaq, mayın 31-dən bu günə qədər gömrük məmurları tərəfindən 195 ədəd 1 litrlik xarici markalı alkaqollu içki müsadirə edilib. Lakin Komitənin saytında satışa qoyulmuş həmin içkilərin markaları və ümumi həcmi tam fərqlidir. Yenə təkrar edirik ki, malların satışa çıxarılma tarixi dəqiq göstərilmədiyindən hərraca qoyulmuş içkilərin hansı tarixdə müsadirə olunması barədə məlumat ala bilmirik. Telefon və aksessuarlarla da bağlı eyni vəziyyət hökm sürür.
Gələk siqaretə. DGK-nın KİV-ə verdiyi məlumatlara əsasən, may ayının 31-dən etibarən 39 260 ədəd “Malboro” siqareti müsadirə olunub. Siqaretlərin sonrakı “taleyi” barədə heç bir məlumat yoxdur. Əvvəllər həmin tütün məmulatlarının zərərsizləşdirildiyi bildirildir, indi o da deyilmir. Onu da əlavə edək ki, “zərərsizləşdirmə” əməliyyatları da qeyri-şəffaf, ictimaiyyət nümayəndələrinin iştirakı olmadan aparılırdı.
Göründüyü kimi, DGK rəhbərliyinin çox “düşünülmüş” taktikası nəticəsində müsadirə olunan malların harada, necə və nə vaxt realizə edilməsi barədə səhih informasiya əldə etmək mümkün deyil. Görəsən, bu mallar necə satılır, kimə verilir? Həmin malların son satış yeri “qara bazar” olmasın? Bildiyimiz kimi, ölkədə rəsmi bazardan kənar da xeyli xarici markalı tütün məmulatları və alkaqollu içkilər satılır. Bu mallar o mallar olmasın?.. Ardı var…/pia.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?