Deputat eks “baş liftçi”nin 400 milyon mənimsədiyini açıqladı
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lift-Təmir” İstehsalat Birliyinin eks direktoru Qüdrət Şükürovun şəriki İlqar Ramazanov da istintaqa cəlb oluna bilər. Bu haqda redaksiyamıza daxil olan məlumatda deyilir ki, İlqar Ramazanov Qüdrət Şükürovun istintaqa cəlb edildiyi cinayət yolu ilə əldə edilmiş əmlakların, pul vəsaitlərinin leqallaşdırılması ittihamı üzrə dindirilə bilər.
Qeyd olunur ki, Qüdrət Şükürovun əmlakları, bank hesabları İlqar Ramazanov və onun ailə üzvlərinin adına keçirilib. İlqar Ramazanov “Binə” ticarət mərkəzində böyük biznesi idarə edir. Həmin biznesin də Qüdrət Şükürova məxsus olması haqda iddialar var. “Lift-Təmir”ə dövlət büdcəsindən ayrılan və mənimsənilən vəsaitlərin bir qisminin həmin ticarət nöqtəsi üzərindən leqallaşdırıldığı haqda da xəbərlər dolaşır. İlqar Ramazanovun istintaqa cəlb olunması büdcədən oğurlanan pulların necə leqallaşdırılması haqda aydın təsəvvürlər əldə etməyə imkan verə bilər. Bu isə istintaqın daha da dərinləşməsi və əhatəli şəkildə araşdırılması deməkdir. Baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev oktyabrın 9-da keçirdiyi toplantıda deyib ki, Qüdrət Şükürovun barəsində Cinayət Məcəlləsinin 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi başlanıb. Hazırda istintaq tədbirləri davam etdirilir. Bundan başqa, “Lift-Təmir” İstehsalat Birliyində baş verən qanunsuzluqlarla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb. Q.Şükürovun adı ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktını pozulması ilə müşayiət olunan korrupsiya cinayətində keçir. Bu il sentyabrın 15-də ABŞ-ın Qiymətli Kağızlar Komitəsi (SEC) “United Technologies Corporation” şirkətini 13 milyon 400 min dollar cərimələyib.
Buna səbəb şirkətin törəmə müəssisəsi olan “Otis Elevator Co.” lift istehsalı şirkəti tərəfindən Bakı “Lift-Təmir” İstehsalat Birliyinə (SEC-in sənədlərində bu müəssisənin adı “Liftremont” kimi gedir) rüşvət verilməsidir. ABŞ-da başlanan araşdırmaların Bakıda davam etdiriləcəyi də istisna olunmur. Q.Şükürovun barəsində Cinayət Məcəlləsinin 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işinin başlanması da təsadüfi deyil. İstintaqçılar hazırda Qüdrət Şükürovun keçmiş qudası Rəfael Əsgərovu şahid qismində dindirir. Bu haqda “Yeni Müsavat”a istintaqa yaxın mənbələrdən daxil olan məlumatda deyilir ki, R. Əsgərovun dindirilməsi Q.Şükürovun “Lift-Təmir”ə ayrılan büdcə vəsaitlərinin hansı banklardan, nə vaxt, hansı miqdarda çıxarıb hara aparması, hansı əmlakların alınmasına yönəltməsi haqda dolğun məlumatların protokollaşdırılmasına imkan yaradıb.
R.Əsgərov Q.Şükürovun “otkat”ları haradan, hansı yollarla alması haqda da bilgilərə malikdir. ABŞ-da bu qalmaqallı korrupsiya işi ilə bağlı araşdırmalardan xəbər tutunca böyük korrupsiya cinayəti ilə bağlı şahid qismində ifadə vermək üçün olduqca ciddi addımlar atıb. 2 həftə əvvəl o, ABŞ-ın ölkəmizdəki səfirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və baş prokurora sensasion məktub ünvanlayıb.
O, şahid qismində ifadə vermək üçün Azərbaycan hüquq-mühafizə orqanları ilə yanaşı ABŞ-ın müvafiq dövlət qurumlarına da bildiyi və şahidi olduğu böyük korrupsiya qalmaqalı ilə bağlı məlumat verməyə hazır olduğunu bəyan edib. Bundan sonra “Lift-Təmir”də yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Zakir Qaralovun təqdimatı əsasında Q.Şükürov işdən qovulub. Eyni zamanda Baş Prokurorluğun istintaq qrupu “Lift-Təmir” İstehsalat Birliyində müvafiq yoxlamalara başlayıb. Belə xəbərlər var ki, işdən qovulandan sonra Q.Şükürov yaşadığı ünvanı tərk etməmək haqda xəbərdar edilib, ondan iltizam alınıb. Ötən sayımızda Q.Şükürovun mal-mülklərini Azərbaycan vətəndaşları İlqar, Aynur, Xuraman, Gumaş Ramazanovların adına keçirməsi haqda məlumatları da bölüşmüşdük. Şükürovla Ramazanovun toy-nişan məclislərində, ad günlərində də birgə görünmələri və tez-tez əlaqə saxlamalarının biznes münasibətlərinə söykəndiyi qeyd olunur.
Deputat Aqil Abbas Qüdrət Şükürovun mənimsədiyi məbləğ haqda olduqca ilginc açıqlama verib. Deputat big.az-a deyib ki, Qüdrət Şükürov işdən çıxarılandan sonra yol verdiyi qanun pozuntuları araşdırılır:
“Deyilənə görə, 400 milyon yeyinti var. Maliyyə Nazirliyi deyilən bir qurum var. Həmin nazirlik ildə ən azı iki dəfə Prezident Aparatından tutmuş bütün dövlət, özəl şirkətləri, hətta uşaq bağçasına qədər bütün qurumları yoxlayır. Bu gün ağıllarına gəlib ki, o, nə qədər pul yeyib? Əvvəllər onun nə qədər qanun pozuntusuna yol verdiyini görməyiblər? Görməyiblərsə, ya müfəttişlər savadsızdır, ya da nəyinsə qarşılığında göz yumublar. Məncə, əsas məsələ Maliyyə Nazirliyinin bu qədər qanun pozuntusunu görməməzliyidir”./musavat
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?