Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lift-Təmir” İstehsalat Birliyinin direktoru Qüdrət Şükürov barəsində əlavə cinayət işi başlanılıb". Bunu baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev oktyabrın 9-da keçirdiyi toplantıda deyib.
Kamran Əliyev qeyd edib ki, onun barəsində Cinayət Məcəlləsinin 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi başlanıb. Hazırda istintaq tədbirləri davam etdirilir. Bundan başqa, “Lift-Təmir” İstehsalat Birliyində baş verən qanunsuzluqlarla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb.
Q.Şükürovun adı ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktını pozulması ilə müşayiət olunan korrupsiya cinayətində keçir. Bu il sentyabrın 15-də ABŞ-ın Qiymətli Kağızlar Komitəsi (SEC) “United Technologies Corporation” şirkətini 13 milyon 400 min dollar cərimələyib. Buna səbəb şirkətin törəmə müəssisəsi olan “Otis Elevator Co.” lift istehsalı şirkəti tərəfindən Bakı Lift-Təmir İstehsalat Birliyinə (SEC-in sənədlərində bu müəssisənin adı “Liftremont” kimi gedir) rüşvət verilməsidir. ABŞ-da başlanan araşdırmaların Bakıda davam etdiriləcəyi də istisna olunmur.
Q.Şükürovun barəsində Cinayət Məcəlləsinin 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə əlavə cinayət işi başlanması da təsadüfi deyil. İstintaqçılar hazırda Qüdrət Şükürovun keçmiş qudası Rəfael Əsgərovu şahid qismində dindirir. Bu haqda “Yeni Müsavat”a istintaqa yaxın mənbələrdən daxil olan məlumatda deyilir ki, R. Əsgərovun dindirilməsi Q.Şükürovun “Lifttəmir”ə ayrılan büdcə vəsaitlərinin hansı banklardan, nə vaxt, hansı miqdarda çıxarıb hara aparması, hansı əmlakların alınmasına yönəltməsi haqda dolğun məlumatların protokollaşdırılmasına imkan yaradıb.
R.Əsgərov Q.Şükürovun “otkat”ları haradan, hansı yollarla alması haqda da bilgilərə malikdir. ABŞ-da bu qalmaqallı korrupsiya işi ilə bağlı araşdırmalardan xəbər tutunca böyük korrupsiya cinayəti ilə bağlı şahid qismində ifadə vermək üçün olduqca ciddi addımlar atıb. 2 həftə əvvəl o, ABŞ-ın ölkəmizdəki səfirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və baş prokurora sensasion məktub ünvanlayıb. O, şahid qismində ifadə vermək üçün Azərbaycan hüquq-mühafizə orqanları ilə yanaşı ABŞ-ın müvafiq dövlət qurumlarına da bildiyi və şahidi olduğu böyük korrupsiya qalmaqalı ilə bağlı məluma verməyə hazır olduğunu bəyan edib. Bundan sonra “Lifttəmir”də yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Zakir Qaralovun təqdimatı əsasında Q.Şükürov işdən qovulub. Eyni zamanda Baş Prokurorluğun istintaq qrupu “Lift-Təmir” İstehsalat Birliyində müvafiq yoxlamalara başlayıb. Belə xəbərlər var ki, işdən qovulandan sonra Q.Şükürov yaşadığı ünvanı tərk etməmək haqda xəbərdar edilib, ondan iltizam alınıb. Ötən sayımızda Q.Şükürovun mal-mülklərini Azərbaycan vətəndaşları İlqar, Aynur, Xuraman, Gumaş Ramazanovların adına keçirməsi haqda məlumatları da bölüşmüşdük.
Aldığımız son məlumatlarda isə deyilir ki, İlqar Ramazanovla Qüdrət Şükürovun illərdir ki, əlaqələri var. İddia olunur ki, Qüdrət Şükürovun mal-mülkünü İlqar Ramazanovun, onun yaxınlarının adına rəsmiləşdirməsi təsadüfi deyil. Ramazanov Şükürovun “Binə” ticarət mərkəzindəki böyük biznesini idarə edir. Həmin biznesdə onların şəriklikləri olduğu deyilir. Şükürovla Ramazanovun toy-nişan məclislərində, ad günlərində də birgə görünmələri və tez-tez əlaqə saxlamalarının biznes münasibətlərinə söykəndiyi qeyd olunur.
Bəs Qüdrət Şükürov büdcə vəsaitlərini özününküləşdirib milyonluq korrupsiya əməliyyatı həyata keçirərkən ona nəzarət edən olmayıb? Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun “Lifttəmir”də baş verən milyonluq korrupsiya faktından xəbərsiz olduğu inandırıcı görünmür.
Sorğu
Yeni dizaynımız necədir?