Bayıl yamacında sürüşmə prosesi davam etməkdədir və görünən hal odur ki, bundan sonra da daha ciddi fəsadlar baş verə bilər. Səbəb də aydındır. Belə ki, ərazidəki sürüşmənin fəallaşmasına mövsümlə əlaqədar yağışların miqdarının çoxalması, torpaq qatının ağırlaşması, eyni zamanda fərdi evlər tikmək məqsədilə yamacın aşağı hissəsinin kəsilməsidır”. Buna görə də artıq bir neçə gündür ki, ölkə televiziyalarında əsas hədəf kimi rayonun bələdiyyə sədrləri seçilib. Amma GundemXeber.Az-ın apardığı araşdırmalar sübut edir ki, bu günə qədər Səbail bələdiyyəsinin sədri Cəbrayılov Firdovsi ,Badamdar bələdiyyəsinin sədri Əsədov Həbib və Bibiheybət bələdiyyəsinin sədri Nərgiz Ələkbərova nəinki, bu ərazilərdə torpaqların satılmasına müdaxilə edə biliblər, hətta onların rayon icra hakimiyyəti başçısının xəbəri olmadan adi bir arayış verməyə səlahiyyətləri də olmayıb. Sadəcə olaraq bütün sənədlər bu şəxslərin adıyla verilib və adı çəkilən ərazilərin qarış-qarış satılmasının əsas səbəbkarı, 25 iyun 2009-cı il tarixli sərəncamla Səbail Rayon İcra Hakimiyyətinin başçısı olmuş və 2 sentyabr 2015-ci il tarixli sərəncam ilə Bakı şəhəri, Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmiş Asif Əsgərovdur. Məsələ ilə bağlı apardığımız araşdırmalardan aydın oldu ki, Bayılda sürüşmə aktivləşən kimi, bu torpaqları satışa çıxaran Asif Əsgərov da aktivləşib və onun tapşırığı və “xahişi” ilə qurbanlıq kimi bələdiyyə rəhbərləri göstərilir. Hələ bir müddət öncə oğlunun törətdiyi ağır qəzaya baxmayaraq, o, vəziyyətdən çıxa bildi və KİV-də Asif Əsgərovun simasında bir saf məmur obrazı yaradıldı. Bu gün Asif Əsgərov eyni taktikadan istifadə etməklə, bir növ “yeni qurbanlar” axtarışına çıxıb. Halbu ki, Səbail rayonunda bir qarış torpaq onun icazəsi olmadan satışa çıxarılmayıb. GundemXeber.Az-ın araşdırmaları sübut edir ki, sürüşmə zonasında evlərin tikintisi, məhz 2009-cu ildən sonra daha kütləvi hal alıb. Görünür Asif Əsgərov bu dəfə etdiyi əməlin cavabını verməli olacaq. Unutmayaq ki, hazırda bu məsələ ilə baş nazirin müavini Hacıbala Abutalıbov məşğul olur və onun Asif Əsgərova güzəştə getməsi inandırıcı deyil. Hüquq ekspertləri isə bildirir ki, insan həyatı üçün təhlükəli ərazilərin əhaliyə paylanması və bunun təhlükəli olduğunu öncədən bilərək etmək cinayət sayılır və baş vermiş ziyanın, faciənin miqyasından aslı olaraq bu 8 il həbs cəzası ilə yekunlaşa bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?