Anar Abbasov bələdiyyə ərazisində tikilən fərdi yaşayış evlərindən külli-miqdarda pul yığır
Məlum olduğu kimi, Binəqədi rayonu Xocasən bələdiyyəsi Xocəsən, Sulu-təpə və 28 May qəsəbələrinin hüdudlarını əhatə edir. Bu qəsəbələrin coğrafiyası ilə az-çox tanış olan hər kəs bilir ki, hazırda Xocasən bələdiyyəsinin nəzarətində olan ərazilər şəhər ətrafının ən intensiv məskunlaşmaqda olan və deməli ən çox tikilən ərazilərindən biridir. Bu isə o deməkdir ki, Xocəsən bələdiyyəsinin sədri Anar Abbasov da ən keyfi-kök bələdiyyə sədrlərindən biridir. Niyə? Ona görə ki, bələdiyyənin ərazisində fərdi evlər tikilirsə, bu, ilk növbədə o deməkdir ki, bələdiyyə sədri həmin evin inşa olunduğu torpaq sahəsini artıq satıb. Elə redaksiyamıza daxil olan məlumatlarda da Anar Abbasovun həyata keçirdyi torpaq maxinasiyaları haqda iddialar kifayət qədər öz əksini tapır. Bildirilir ki, yerli sakinlər pay torpaqların alınması zamanı çox ciddi çətinliklərlə üzləşdikləri halda, kənar şəxslərin bu ərazilərdə torpaq sahələri almağı heç bir problemlə müşayət olunmur. Təbii ki, tələb olunan məbləği ödəmək şərti ilə. Həm də bu prosses elə bir xüsusi sxem üzrə həyata keçirilir ki, ilk baxışda qanun pozuntularının müəyyən etmək də çətin olur. Digər tərəfdən isə, bəzən acgözlük və pula hərislik bələdiyyə sədrini müəyyən səhvlərə də sövq edir. Yerli sakinlərin iddiasına görə, Anar Abbasovun imzası ilə eyni torpaq sahələrinin iki və daha çox şəxsə satılması kimi halların dəfələlə baş verdiyi müşahidə olunub. Mənbənin deməyinə görə, sonradan yaranan anlaşılmazlıqlar həmin torpaqlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşlar üçün həlli müşkülə düşmüş müxtəlif problemlərə səbəb olmuşdur. Aldığımız digər bir açıqlamada isə vurğulanır ki, Anar Abbasov ümumiyyətlə fəaliyyət dairəsini son dərəcə məhdudlaşdıraraq, yalnız ərazi torpaqlarının satışı ilə məşğul olmaqla kifayətlənir.
Lakin bələdiyyə sədrinin keyfini “kökləyən” tikintilərlə bağlı digər bir məqam da var ki, bu da özünə ev tikən vətəndaşlardan qeyri-qanuni pul yığımlarının həyata keçirilməsidir. Dediklərimizi əsaslandırmaq üçün bir müddət əvvəl mətbuata açıqlama vermiş şikayətçilərdən birininsözlərinə diqqət edək. Anar Abbasovun “nəzarətində olan” ərazidən aldığı torpaq sahəsi üzərində ev tikmək qərarına gəlmiş vətəndaş bələdiyyə sədrinin konkret rüşvət tələbilə üz-üzə gəlib: “Xocasən bələdiyyəsinin sədri Anar Abbasov qanunu qaydada aldığımız torpağın üzərində ev tikmək üçün bizdən 4000 manat rüşvət istəyir. İmkanımız olmadığı üçün onun istədiyi pulu verə bilmədik, buna görə də ev tikməyimizə qanunsuz olaraq icazə vermir və utanmadan polisə bu barədə şikayət də edib. Halbuki, həmin 3 sot torpağı sahibindən qanunu qaydada pulumuzu verib almışıq və buna dair sənədlərimiz də var. Həmin sənədlər həyat yoldaşımın adınadır. Qeyd edim ki, həmin ərazidə torpaqları vətəndaşlar bu qaydada satın alıb üzərində ev tikdirmişdilər. Əgər mənim sənədlərimin həmin sənədlərdən bir fərqi varsa, buyurub yoxlayıb ondan sonra qadağa qoysunlar. Bunun bir səbəbi və fərqi var ki, ev tikənlər Xocasən bələdiyyəsinin sədri Anar Abbasova istədiyi pulu verib, mənim isə heç bir imkanım yoxdur deyə, qanunsuzluqla üzləşmişəm. Evin tikintisinə isə, qohum-əqraba kömək edir. Uzun illərdi ailəmlə iki azyaşlı uşaqla kirayədə yaşayıram. Özüm Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Həyat yoldaşım xəstədir, kirayədə yaşamaqdan zülm çəkirik...”
Bax beləcə, Xocasən bələdiyyəsinin sədri sadə vətəndaşların əzab-əziyyəti, ağrı-acıları üzərində öz rifah yüksəklişini təmin edir.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?