“Azərbaycan Dəmir Yolları”QSC-nin rəisi, sonrasa nəqliyyat nazirinin müavini olmuş A.Əsgərovun milyonlarla manatlıq dələduzluq işinə istintaqa cəlb edilmiş baldızı oğlu Rahib Hüseynov dörd gündür ki, yoxa çıxıb.
Gundemxeber.Az Virtualaz.org-a istinadla xəbər verir ki, R.Hüseynovun anası Lətifə Hüseynova Arif Əsgərovun malikanəsinin qapısı önündə ağlayaraq ondan oğlunun taleyinə aydınlıq gətirməsini xahiş edir. Qadın deyir ki, oğlunun yoxa çıxmasında Arif Əsgərovun oğlu Elnar Əsgərovun əli ola bilər.
“Kanal 24” internet televiziyasının yaydığı kadrlara görə Lətifə Hüseynova və əri İsmayıl Hüseynov bu gün Arif Əsgərovun dəbdəbəli imarətinin qarşısına gediblər. Qapını döysələr də açan olmayıb. Lətifə Hüseynova bacısının və bacısı oğlunun onlara divan tutduqlarını deyir.
”Dörd gündür oğlum yoxdur. Axtara-axtara qalmışıq. Küçələrdə qalmışam, gecə bura gəlmişəm. Üç ailəni birdən dağıtdılar. Bacım pula görə mənlə düşmənçilik çəkir. Bacı bacının balasını bu günə qoyarmı? Düşmən bunu eləməz. Biz kənddə yaşayan adamıq. Bu nə puludu, hara puludu, xəbərimiz yoxdu. Oğliumu itiriblər bilmirik, öldürüblər bilmirik. Yəqin oğurladıblar”-qadın göz yaşlarına boğularaq deyib.
Yoxa çıxan R.Hüseynovun atası İ.Hüseynov deyir ki, ortada 2 milyon pul söhbəti olduğuna görə 2014-cü ildən bəri qohumları hər iki oğlunu birdən güdaza veriblər: “Bu məsələlər təzə başlayanda bacanağım Arif Əsgərova zəng vurdum ki, gəl bu işi yoluna qoy. Dedi ki, mən heç kimdən qorxmuram. Atamın goruna and içdim ki, oğlumun o puldan xəbəri olmayıb. Dedi sənin atanın gorunu...Anamın goruna and içdim, dedi ananın gorunu...Dedi mənim arxamda pul durub, sizin başınıza oyun açdıracam. O vaxtdan ısəb sarsıntısı keçirdim, xəstələndim, insult oldum. Beş ildə xəstəyəm, məni xəstə saldılar”.
Lətifə Hüseynovanın sözlərinə görə, əvvəlllər bacısı ilə çox mehriban olublar. Sonradansa qohumluq əlaqələri düşmənçiliklə əvəzlənib: ”Bu hadisədən sonra bacımla düşmən olduq. Orqanlarımı da satmağa hazıram. Hara gedim, neynəyim, bilmirəm. Məhkəmə oldu, oğlum məhkəməyə də gəlmədi. Niyə yayınıb məhkəmədən, yayınmazdı. Telefonuna zəng çatmır. Bilmirəm ölüb, ya sağdır. Tovuzdakı evə də getməyib. Kirayə qaldığı yerə baxdıq, bir aydır orada olmayıb. Ürəyimə gəlir ki, bəlkə öldürüblər. Neçə vaxtdır xəstəxanada yatırdı, böyrəyinə görə. Tək böyrəklə yaşayır Rahib, böyrəyinin birini həkimlər çıxarıblar...”.
L.Hüseynova oğlu Rahibin günahsız olduğunu iddia edir: ”Qoşqar mənim oğlumu tutdurur. Qoşqarın pulunu isə Elnar alıb. Qoşqarla da Elnar bacanaqdılar. Elnar pulu vermir deyə Rahibi tutdurmalıdır? Deyirəm, ay Elnar, evimizi, məhləmizi də verək, ayrı yolumuz yoxdur. Pula görə iki balamı güdaza verməyin“
İ.Hüseynov deyir ki, övladları halal zəhmətlə böyüdüb, Rahib heç kimə qarşı dələdzulqu etməyib:”O vaxt uşaqlarım gəlib burda oxudular. Türkiyədən yataq dəstləri gətirib dəmiryoluna verir, pul qazanırdılar. O pullarla baldızım beş yerdə ev tikdirdi. Həyat yoldaşı soruşanda pul hanı? Deyib ki, İsmayılın balaları aparıb. Pul bizdə yoxdu. Elnarı çağırıram ki, ay bala, çıx görüm Rahibi görmüsənmi? Mənə cavab verən yoxdur. Bu işlərin hamısını Arifin oğlu özü eləyib. Rüşvətlə gələn pul evə girib, evdən yoxa çıxıb. Arvadı qohum-əqrəbasına dağıdıb. Mənim uşaqlarım pul görməyib. Onları halallıqla böyütmüşəm”.
Qeyd edək ki, sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğlu R.Hüseynov 4 milyon 300 min manat məbləğində dələduzluqda ittiham olunur. İttihama əsasən o, zərərçəkənləri Azərbaycan Dəmiryolları QSC-yə yataq dəstləri gətirib dəyərindən dəfələrlə baha qiymətə satmaq, nəticədə yaxşı pul qazanmaq adı ilə aldadıb. Zərərçəkənlərdən biri Tovuzun sabiq icra başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovdur. Cinayət işində A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun adı isə şahid qismində keçir.
R.Hüseynov ittihamları qəbul etmir. Noyabrın 22-də keçirilən sonuncu məhkəmə iclasında ev dustaqlığında olan R.Hüseynov məhkəmədə iştirak etməyib. Buna görə də məhkəmə onun barəsində axtarışa verilməklə həbs qətimkan tədbiri seçib. Qərar icra olunması üçün Daxili İşlər Nazirliyinə göndərilib.
R.Hüseynov eyni maddə ilə təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilən Emil Hüseynovun qardaşıdır. İttihama görə, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq dələduzluq yolu ilə mənimsəyib.
Sorğu
Yeni dizaynımız necədir?