Musavat.com-da və bir sıra saytlarda gedən “MTN işində Daşkəsən Rayon İcra Hakimiyyəti epizodu–körpünün pulunu kimlər və necə oğurlayıb?” yazısına cavab olaraq bildirirəm ki, sözü gedən körpülərin tikintisinə 2014-cü ildən başlanılmış, rayonun 8 min nəfərdən çox əhalisi yaşayan, 11 yaşayış məntəqəsini birləşdirən, sərhəd bölgəsində, işğal altında olan ərazilərimizə gedən yolda Çoşqunçay və Əyriçay çayları üzərində yerləşən həmin 2 ədəd körpü 24 dekabr 2015-ci il tarixdə - möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ad günündə yüzlərlə həmin ərazidə yaşayan sakinlərin iştirakı ilə möhtəşəm təntənəli açılış mərasimi keçirilərək istifadəyə verilmişdir.
Mərasimdə rayondan seçilmiş deputatlar və oPrezident Administrasiyasının məsul işçisi iştirak etmiş, cənab Prezidentin ad günü münasibətilə öz təbriklərini çatdıraraq xoş sözlərini bildirmişlər. Körpülərin istifadəyə verilməsi ilə bağlı sakinlər tərəfindən ölkə Prezidentinə çoxsaylı minnətdarlıq teleqramları və məktubları ünvanlanmış, bu barədə kütləvi informasiya vasitələrində geniş məlumat verilmişdir.
Hər iki körpü Daşkəsən Rayon İcra Hakimiyyətinin sifarişi əsasında MTN-nin hazırda cinayət əməllərinə görə həbsdə olan sabiq polkovniki Füzuli Əliyevin dediyi “Design Construction” podratçı təşkilatı tərəfindən deyil, əslində “Retro İnşaat” MMC tərəfindən tikilmişdir.
Hələ sovetlər dövründən bu körpülərin olmaması səbəbindən ilin müxtəlif vaxtlarında rayonun yaşayış məntəqələri arasında nəqliyyat vasitələrinin hərəkətində və insanların gediş-gəlişində böyük çətinliklər yaranırdı, çay daşqınları və sel suları zamanı isə tamamilə dayanırdı.
Sakinlərin çoxsaylı müraciətləri, istəyi nəzərə alınmaqla bu iki körpünün tikilməsi üçün dövlət büdcəsindən vəsait ayrılaraq layihə-smeta sənədləri təsdiqlənmiş və körpülər vaxtında, yüksək keyfiyyətlə tikilib istifadəyə verilmişdir. Körpülərə Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən vaxtaşırı vizual baxışlar keçirilmiş və tikintinin layihəyə uyğun aparılması təsdiqlənmişdir.
Ən müasir tələblər səviyyəsində tikilmiş bu körpülərin hər birinin ümumi uzunluğu 28,4 metr, eni 11 metr, avtomobillərin hərəkət hissəsi isə 8 metr təşkil edir. Körpülər yaşayış məntəqələri arasında nəqliyyat vasitələrinin hərəkəti və gediş-gəliş üçün bütün tələblərə cavab verir. Körpülərin tikinti işləri aparılarkən MTN-nin sabiq polkovniki Füzuli Əliyev podratçı təşkilatın rəhbərliyinə hədə-qorxu gələrək onlardan 1 milyon manat rüşvət tələb etmiş, tikintini isə onların özləri bildikləri kimi başa çatdırmalarını tapşırmışdır. Füzuli Əliyevin zorakılıq tətbiq edərək pul tələb etməsi faktı məhkəmədə tam öz təsdiqini tapmışdır.
Belə ki, Füzuli Əliyev tələblərini yerinə yetirmədiklərinə görə tikinti işçilərini onlar Bakı şəhərində körpülər üçün mal-material alan zamanı həbs edərək zorakılıqla pullarını əllərindən alıb MTN-ə aparmışdır. Orada demişdir ki, əlavə olaraq 1 milyon manat da gətizdirin ki, sizə işgəncələr verilmədən azad olunasınız. Məsələdən xəbər tutan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev dərhal gecə saatlarında MTN-ə gəlmiş və saxlanılanların günahsız olduğunu sübuta yetirərək tikinti işçilərini buraxdırmışdır. Həmin vaxt MTN-nin digər rəhbər içiləri Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevdən yol verilmiş bu hərəkətlərə görə üzrxahlıq etmişlər. Füzuli Əliyev barəsində çoxsaylı cinayət faktlarının araşdırıldığı zamanı onun arvadı Vəfa Əliyeva dəfələrlə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısının qəbuluna gəlmişdir. Vəfa Əliyeva əri barəsində qaldırılan cinayət işinin daha da ağırlaşmamasından ötrü Qabaqtəpə-Astaf kəndləri arasında olan körpülərin tikintisinə ayrılan dövlət vəsaitinin Füzuli Əliyev tərəfindən zorakılıqla alınması epizodunun çıxarılmasını yalvararaq xahiş etmişdir. Amma Rayon İcra Hakimiyyətində Vəfa Əliyevaya başa salınmışdır ki, siz ünvanı səhv salmısınız, bir də buraya belə qanunazidd xahişlərlə gəlməyin. Bunu Daşkəsən Rayon İcra Hakimiyyətinin işçiləri də təsdiq edə bilərlər.
Çox maraqlı faktlardan biri də budur ki, onun məhkəmə istintaq dövründə əmlakları müsadirə olunaraq üzərində həbs qoyulmuşdur. Amma bu gün də Füzuli Əliyevə məxsus üzərində həbs qoyulan “Ay-ulduz” şadlıq evi və digər ticarət obyektləri ona qazanc gətirməkdədir. Həbsdə olan sabiq polkovnikin arvadı Vəfa Əliyeva Gəncə şəhərində “Ay-ulduz” şadlıq evinə və digər obyektlərə bu günə kimi rəhbərlik edir, ticarət işlərinin icrasını isə Füzuli Əliyevin yeznəsi Telman Adıgözəlova həvalə edib. Qərb bölgəsində “biznes kralı” kimi tanınan və həbsdə olan MTN-nin sabiq polkovniki Füzuli Əliyev mütəşəkkil cinayətkar qrupa rəhbərlik etmiş şəxslərdən biri kimi ayrı-ayrı vətəndaşlara qarşı qanunsuz əməllər törətməklə hədə-qorxu gələrək onların külli miqdarda pul vəsaitini mənimsəmiş, çoxsaylı cinayət əməlləri törətmişdir. O, bu cür əməllər vasitəsilə onlarla müxtəlif təyinatlı obyektlərə sahiblənmişdir.
Həmin obyektlərdən biri də yuxarıda adı göstərilən Gəncə şəhərindəki dəyəri 3 milyon manatla ölçülən “Ay-ulduz” şadlıq sarayı və digər obyektlərdir ki, Füzuli Əliyevə qarşı irəli sürülən mülki iddiaların ləğv edilib onun həbsdən qurtarılması üçün hazırda satışa çıxarılmışdır. Füzuli Əliyevə məxsus əmlakların onun azad edilməsi məqsədilə satışa çıxarıldığını bütün Gəncə əhalisi bilir. 7 dekabr 2018-ci il tarixdə həbsdə olan MTN generalları və onların əməkdaşları, o cümlədən sabiq polkovnik Füzuli Əliyevin də Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti üzrə məhkəməsi keçirilib. Həmin məhkəmədə Füzuli Əliyev özünü təmizə çıxarmaqdan, cəzadan yaxasını qurtarmaqdan ötrü yalan ifadələr verməsinə baxmayaraq, o, hazırda 14 il həbs cəzası almışdır. Dövlət qanunlarını pozan, vəzifə səlahiyyətlərini aşaraq çoxsaylı cinayətlər törədən, vətəndaşların əmlaklarını hədə-qorxu gəlmək, şantaj və zorakılıq etmək yolu ilə ələ keçirən Füzuli Əliyevin barəsindəki məhkəmənin həbs hökmü tam ədalətlidir. Hal-hazırda arvadı ilə yeznəsi Füzuli Əliyevin azadlığa buraxılması üçün pul gücünə vəkillər tutublar, bu vəkillərə böhtan, əsassız, qərəzli yazılar yazdırıb reket saytlarda dərc etdirirlər; Füzuli Əliyevin həbsi ilə bağlı Cinayət Məcəlləsinin tətbiq olunmuş müvafiq maddəsini dəyişdirmək, 14 illik cəzasından yayındırmaq, həbsdən dolayı yollarla azad etdirmək istəyirlər. Füzuli Əliyevin məhkəmədə guya mənim bir neçə dəfə saxta sənəd hazırlama və istifadə etmə, vəzifə saxtakarlığı, səlahiyyətlərdən sui-istifadə və özgənin uşağını dəyişdirmə maddələri ilə məhkum olunmağım barədə dediklərinin hamısı tamamilə yalandır, əsassızdır, qərəzlidir, şər-böhtandır. Mən heç vaxt cinayət məsuliyyətinə cəlb edilməmişəm, məhkum olunmamışam. Mənim heç bir zaman Füzuli Əliyevlə şəxsi tanışlığım və əlaqəm olmamışdır. Füzili Əliyevin bu cür böhtanları və əsassız ifadələri ədalət məhkəməsini aldatmaq yolu ilə apellyasiya şikayətini öz xeyrinə təmin etmək məqsədi güdür. 30 ilə yaxındır ki, dövlət qulluğunda vicdanla çalışıram və bu sahədə səmərəli fəaliyyətimə görə möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən 2014-cü ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşam. Mən, Respublikanın Baş Prokuroru hörmətli Zakir Qaralovdan xahiş edirəm ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin və mənim barəmdə məqsədli şəkildə müxtəlif saytlarda yayılmış bu böhtan və qərəzli yazılar araşdırılıb, bunu yayan şəxslər barəsində müvafiq qaydada hüquqi tədbirlər görülsün. Çünki MTN-nin sabiq polkovniki Füzuli Əliyevin yaxınları tərəfindən təşkil edilərək müxtəlif saytlarda yayımlanan belə böhtan xarakterli yazılar tamamilə yalan, uydurma və şərdir, heç bir əsası yoxdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?