26 iyulda Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində Yaponiya Hökumətinin dəstəyi ilə “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində “Yuxarı Daşkəsən qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması” layihəsinin təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev, Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Teruyuki Katori, Yaponiya Səfirliyinin 1-ci müşaviri Takaaki Usui, Yaponiya Səfirliyinin layihələr üzrə mütəxəssisi Aysel Məmmədli, “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti, layihənin rəhbəri Əliməmməd Nuriyev, rayon sakinləri, ictimaiyyət nümayəndələri və KİV mənsubları iştirak ediblər.
Yaponiya və Azərbaycan himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxış edib. O, çıxışında deyib: - Hörmətli cənab səfir Teruyuki Katori, hörmətli qonaqlar və toplantı iştirakçıları! Əvvəla sizlərin hər birinizi ürəkdən salamlayır, qonaqlarımıza da bir daha xoş gəlmişsiniz deyirəm! Bu gün çox sevindirici haldır ki, biz burada Yaponiya Hökumətinin maliyyə dəstəyi, qrantı hesabına “Yuxarı Daşkəsən qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması” layihəsinin açılış mərasiminə toplaşmışıq. Həqiqətən, ucqar dağ rayonunun ətəyində çoxsaylı əhali yaşan Yuxarı Daşkəsən qəsəbəsinə dağlardan çəkilmiş ekoloji cəhətdən təmiz içməli su xəttinin istifadəyə verilməsi Azərbaycan-Yaponiya xalqlarının dost olmaqlarına bir daha da bariz nümunədir. Layihə mütəxəssisləri tərəfindən bu yeni su sisteminin qurulmasında yerli icra hakimiyyəti olaraq biz də öz dəstəyimizi əsirgəməmişik, birgə layihənin ərsəyə gəlməsində yaxından köməkliyimizi göstərmişik. Hörmətli cənab səfir Teruyuki Katori, şəxsən Sizə Yuxarı Daşkəsən qəsəbəsinə su xəttinin çəkilişinə verdiyiniz xeyirxah dəstəyinizə görə rayon ictimaiyyəti və öz adımdan minnətdarlığımızı bildiririk! Bildiyiniz kimi Azərbaycan regionda iqtisadi cəhətdən bütün sahələrdə inkişaf etmiş hüquqi, demokratik bir dövlətdir. Respublikamızda və bir sıra xarici ölkələrdə möhtərəm cənab Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə bir-birindən vacib olan çox böyük xeyirxah layihələr həyata keçirilir. Heydər Əliyev fondunun bu sahədə gördüyü işləri də xüsusilə qeyd etmək lazımdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın ölkəmizdə və bir sıra xarici dost ölkələrdə reallaşdırdığı humanitar aksiyaların sayı-hesabı yoxdur. Qaçqın ailələrindən olan əlil uşaqlara, diabet, ürək və talassemiya xəstəliyindən əziyyət çəkən balacalara kömək və yardımlar, respublikadakı uşaq evlərinin və internat məktəblərinin əsaslı şəkildə yenidən qurulmasına dair möhtəşəm proqram, ölkə ərazisində ayrı-ayrı yerlərdə yeni bağça və məktəb binalarının, səhiyyə müəssisələrinin tikilməsi ənənə halına çevrilib. Ölkəmizdə və onun hüdudlarından kənarda, xaricdə insanlar Mehriban xanım Əliyevanı məhz xeyirxah, humanist işlərinə görə tanıyır və sevirlər. Çox hörmətli Mehriban xanım Əliyevanın xeyirxah əməlləri dost ölkələrdə böyük hörmətlə qeyd olunur. Bu, bir daha da göstərir ki, Azərbaycan nüfuzlu idman ölkəsi olmaqla humanist, tolerant, sülhsevər və demokratik dövlətdir. Məlumat üçün bildirim ki, Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi” Qrant Yardımı Proqramı xarici ölkələrdə iqtisadi cəmiyyətin inkişafını məqsəd götürərək Yaponiyanın xaricdəki səfirliklərinə maliyyə dəstəyini həyata keçirmək üçün yaratdığı nəcib sistemdir. Azərbaycan Respublikasındakı Yaponiya səfirliyində bu kimi layihələr əsasən rayonlarda olmaqla, təhsil, səhiyyə, su sistemi təchizatı və başqa sahələrdə həyata keçirilir. Bu gün xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan Yaponiya münasibətləri yüksək səviyyədədir. Yaponiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında, doğma torpaqlarımızın işğaldan azad olunmasında, torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Çıxışımın sonunda bir daha da belə yüksək səviyyəli xeyirxah içməli su layihəsini həyata keçirərək görülən işlər üçün Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri hörmətli cənab Teruyuki Katoriyə, layihəni həyata keçirən “Konstitusiya” Araşdırmaları fonduna və layihə üzrə mütəxəssislərə Daşkəsən rayonunun əhalisi və şəxsən öz adımdan dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk! Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Teruyuki Katori çıxışında Yaponiya-Azərbaycan xalqlarının dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb. O bildirib ki, bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümüdür. Yaponiya hökuməti Azərbaycan Respublikasının davamlı inkişafında çox maraqlıdır və bu nöqteyi-nəzərdən özünün inkişafa rəsmi yardım proqramı vasitəsilə ölkənin infrastrukturunun: enerji, su təchizatı, kənd təsərrüfatı və insan resuslarının daha da inkişafı üçün Azərbaycana dəstək verməkdədir. “Yuxarı Daşkəsən qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması” layihəsi də hər iki ölkənin dostluğuna bir daha ən nəcib töhfədir. Açılış mərasimində “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti, eyni zamanda da layihə rəhbəri Əliməmməd Nuriyev qeyd edib ki, sözügedən layihə üzrə qrant müqaviləsi cari ilin 6 mart tarixində Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi ilə imzalanıb. Layihə çərçivəsində 8,1 km su borusu çəkilmiş, 30 ton həcmində ehtiyat su anbarı və 3 bulaqdan ibarət olan yeni su təchizatı sistemi tikilmişdir. Bu da 3000 nəfərdən çox yerli sakinin suya olan ehtiyacını ödəməyə imkan verəcəkdir. Layihənin ümumi məbləği 82,765 ABŞ dolları təşkil edir. Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ilə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Teruyuki Katori rəmzi lenti kəsərək bulağın açılışını etmişlər. Yuxarı Daşkəsən qəsəbəsinə yeni içməli su xəttinin çəkilməsini qəsəbə sakinləri böyük sevinc hissi ilə qarşılayaraq bu işdə zəhməti keçən hər bir kəsə öz təşəkkürlərini bildirmişlər. Təntənəli açılış mərasiminin sonunda xatirə şəkli çəkilib.
Elmar VÜQARLI Azərbaycan Yazıçılar Birliyinin üzvü
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?