Cəlilabadı viran qoyduqdan sonra paytaxtın Yasamal rayonunu “fəth” etməyə başlayan icra başçısı Əziz Əzizov vətəndaşların mülkiyyətinin qəsdinə durub.
Reportyor.info-nun çəkiliş qrupu ötən gün onlardan birini lentə alıb. Məcburi köçkün, 2-ci Alatavada məskunlaşmış Nazim Dünyamalıyevin obyekti məhkəmə qərarı olmadan, heç bir izahat verilmədən yerlə-yeksan edilib. Kadrlardan görünür ki, Yasamal RİH-nin nümayəndəsi obyekti dağıtmaq üçün fəhlələr gətirib və qanunsuz şəkildə vətəndaşın mülkiyyətini uçurdur. Məcburi köçkün bildirir ki, Prezident Administrasiyasında olub və məsələnin nəzarətə götürüldüyü deyilib. N.Dünyamalıyev Yasamal icra başçısının ona 3 min manat zərər vurduğu qeyd edib. Onun sözlərinə görə, 7 uşaq atasıdır, hazırda 3 oğlu vətənə xidmət edir: Nazim Dünyamalıyevin tikdiyi balaca obyekti
“Mən Prezident Administrasiyasına getmişəm, ayın 11-də orda olmuşam, Əziz Əzizovun da xəbəri var. Bu tikinti qanunidir, sənədləri Bakı şəhər icra hakimiyyətindən əldə etmək olar, icazəli şəkildə tikinti aparmışam. Amma Əziz Əzizov obyektimi məhkəmə qərarı olmadan, heç bir əsas göstərmədən sökdürür. Mənim də bir vətəndaş və məcburi köçkün kimi mülkiyyətə sahiblənmək haqqım var. Əgər sökülürsə, buradakı digər obyektlər də söksünlər, təkcə mənim obyektimə müdaxilə edirlər”.
N.Dünyamalıyev bildirir ki, icra başçısının Yeni Yasamalda obyekti fəaliyyət göstərir, amma onu sökmür: “Mən prezidentimizə inanıram, ona güvənirəm. Bu, mülkiyyət hüquqlarımın tapdanmasıdır və qanuna zidd hərəkətdir”. Ümumiyyətlə, Ə.Əzizov Yasamalın icra başçısı təyin olunduğu vaxtdan sahibkarların gününü qara edib. Cəlilabaddakı əməllərini bu rayonda davam etdirən icra başçısının Yasamalda obyektləri, biznesi var. Bu siyahıda xüsusi seçilən biznes məkanlarından biri də «Baku Mall»dır. Əzizov tikinti sektoruna sərmayəni bibisi oğlu Pərvin Əliyevin əli ilə yatırıb. Pərvin Əliyevlə Əziz Əzizovun xeyli şərikli daşınmaz əmlakları var.
Cəlilabadda bitən Ə.Əzizov erası sakinlərin ürəyincə olub. Çünki iş adamlarından tutmuş sıravi sakinlərə, fermerlərdən ticarətçilərə qədər hamı bir nəfər kimi onun əməllərindən cana doymuşdu. Onun rəhbərliyi dövrdə Cəlilabadda heç bir abadlıq-quruculuq işləri həyata keçirilməyib.Rayonun mərkəzində bir-iki gözoxşayan inzibati binaların fasadları təmir edilərək prezident səfərlərində ona göstərilib. Əslində, belə bir imicə malik məmurun Yasamala başçı göndərilməsi də təəccüblüydü. Çünki Cəlilabadda vətəndaşların başına açmadığı müsibətlər qalmamışdı.
Məsələn, şikayətçi Hüseynov Aydın İman oğlu qeyd edirdu ki,torpağı vaxtı ilə mərhum prezidentHeydər Əliyev verib, indi onun orderini də, heçə sayan Əziz Əzizov kənd sakinlərinə zülm edir. Digər rayon sakini Poladov Rafət isə bildirirdi ki, övladı Poladova Zəhra həkim səhlənkarlığının qurbanı olub: “Cəlilabad Rayon Prokurorluğuna müraciət etsəm də işimə baxılmadı. Şikayətləretdiyimə görə Cəlilabad icra başçısı gecə evimdən məni aparıb hədələdi, dedi ki, səni içəri atdıracam”. Əziz Əzizovun Çingiz Təhməzov adlı Petrovka kənd sakininə isə “cibinətiryək atdırıb tutduraram” təhdidi xüsusi qeyd edilməlidir. Hamıya hərbə-zorba gələn və özünü Elmar Vəliyev kimi aparan bir icra başçısını heç də yaxşı perspektiv gözləyə bilməz.
Ölkədə gedən islahatlar, prezidentin kadr dəyişiklikləri, xalqla təması, şikayətləri dinləməsi, problemləri həll etməsi fonunda hansı məmur özbaşınalıq edirsə, ondan narazılıq varsa, gec-tez dövlət başçısı onunla yolları ayıracaq. Belə kadrlar prezidentə lazım deyil və vətəndaşı dövlətdən, hakimiyyətdən narazı salan, onun mülkiyyətinə qəsb edən məmurlar cəzalandırılır. Bu baxımdan Ə.Əzizovun Yasamala gəldiyi gündən Cəlilabaddakı qanunsuz əməllərini davam elətdirməsi, sahibkarlara “qan uddurması”, 7 uşaq atası olan məcburi köçkün N.Dünyamalıyevin obyektini sökdürməsi ciddi narazılıq yaratmaqdadır, icra başçısının prezidentə göndəriləcək dosyesində bu faktlar yer almaqdadır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?