Fikrət Fəraməzoğlu: “Təhsil Nazirliyi və Bakı Təhsil İdarəsinə pul verə və tapşıtdıra bilmədiyimə görə, uşağımı rus bölməsində oxumasına yasaq qoyulub”
JAMAZ.İNFO Xəbər Portalının baş redaktoru Fikrət Fəraməzoğlunun 6 yaşlı qızının təhsil almasına imkan verilmir. Bu barədə baş redaktor özü məlumat yayıb. O bildirib ki, 6 yaşlı qızının rus bölməsində təhsil alması üçün etdiyi müraciətlərə Təhsil Nazirliyi və Bakı Təhsil İdarəsi min cür bəhanə gətirərək, rədd cavabı veriblər.
Fəraməzoğlu bildirib ki, bu il aprelin 9-da övladı Birinci sinfə qəbulla bağlı təşkil olunmuş müsabiqəyə qatılıb. Belə ki, rus dilində təhsil almaq üçün müsabiqəyə qatılan baş redaktorun qızı orada Təhsil Nazirliyinin üç nəfərlik nümayəndəsinin suallarının çoxuna cavab verib. “Yaşının az olması və ilk dəfə müəllim qarşısına çıxdığından təbii ki, həyəcanı vardı və bu səbəbdən də sualları cavablandırarkən müəyyən qədər çəkinirdi. Elə müəllimlərin verdiyi suallar da heç də normal sayıla bilməzdi. Komissiya üzvləri müxtəlif bəhanələrlə qızımın müsabiqədən keçməməsi qərarını veriblər. Halbuki buna onların nə mənəvi, nə də hüquqi haqları var”.
Baş redaktor vurğulayıb ki, övladı iki ilə yaxındır ayrıca müəllim yanında hazırlaşıb. Eyni zamanda, həftədə üç dəfə rus dilini öyrənmək məqsədiylə kursa gedir. “Qızım həm yazmağı, həm də sərbəst oxumağı bacarır. Müəllimələri də onun qavrama qabiliyyətindən və savadından razılıq edirlər. Hələ orta məktəbə getməsə belə birinci sinifin proqramını bütünlüklə mənimsəyib. Müsabiqədə bu barədə ona heç bir sual verilmədi, ona yazıb-oxumaq barədə heç nə soruşulmadı, praktiki olaraq heç nə edilmədi. Bütün bunlara rəğmən, Təhsil Nazirliyi və Bakı Təhsil İdarəsi heç vəchlə uşağın rus bölməsində oxumasına razılıq vermir. Bu azmış kimi, müsabiqənin nəticəsindən narazı qaldığımız üçün Apellyasiya Komissiyasına müraciət etmişdik. Onlar da başdansovdu işə baxaraq, “ilkin rəy nədirsə, ondan kənara çıxa bilmərik” deyib məsələyə nöqtə qoydular. Əgər müsabiqədə iştirak edən müəllimlərin verdiyi rəy dəyişilməzdirsə, o zaman Apelyasiya Komissiyası niyə təşkil olunub? Təhsil Nazirliyi ilə Bakı Təhsil İdarəsi kimi ələ salır? İnsanlar bu dövlət orqanları üçün məzə obyektidir?”
JAMAZ.İNFO-nun rəhbəri qeyd edib ki, Təhsil Nazirliyi və Bakı Təhsil İdarəsi özünə yeni qazanc mənbəyi yaratmaq üçün belə bir vasitəyə baş vurub. Onun sözlərinə görə, belə bir qənaətə gəlməsi səbəbsiz deyil. “Bakı Təhsil İdarəsində açıq şəkildə bizə dedilər ki, əgər uşağınızın rus bölməsində təhsil almasını istəyirsinizsə, ya yuxarıdan, yəni Təhsil Nazirliyindən tapşırıq olmalıdır, ya da görüm-baxım edilməlidir. Bir qədər araşdırdıqdan sonra məlum oldu ki, bunun üçün ya nazirlikdə adam tapıb tapşırmaq lazımdır, ya da 1000-2000 manat pul vermək lazımdır. Mən əslində, burada qeyri-adi heç nə görmürəm. Əgər bir nazirliyin, bir idarənin rəhbəri biznesmendirsə, bank işçisidirsə, orada təhsilin bazar, alver prinsipi üzərində qurulduğuna şübhə etməmək gərəkdir. Amma bizim uşaqlarımız da onlar üçün “labaratoriya siçanı” deyillər ki, üzərlərində eksperiment keçsinlər. Bir də Təhsil Nazirliyi hansı haqq və hüquqa sahibdir ki, valideynin haqqına girib, onun yerinə qərar versin? Təhsil Nazirliyi və ya Bakı Təhsil İdarəsi nəçidir ki, mənim uşağımın müqəddəratını müəyyən edir, onun arzusunu heçə sayır? Bu nazirliyin əlində elə bir aparat, elə bir imkan varmı ki, hər hansı uşağın gələcəkdə dərs oxuyub, oxumayacağını müəyyən edə bilsin? Bəlkə, onlarda ekstrasenslik və falçılıq qabiliyyəti var, biz bilmirik? Onlar sübut edə bilərlərmi ki, mənim uşağım savadsızdır? Biz uşağımızı ona görə, məktəbə yazdırırıq ki, orada təhsil alsın, elm-bilik öyrənsin, dili tam mənimsəsin. Əgər hər şeyi evdə öyrənəcəkdirsə, o zaman məktəb nəyə lazımdır? Təhsil kimə lazımdır?”
Fəraməzoğlu vurğulayıb ki, o, heç bir halda bu haqsızlıqla barışmaq niyyətində deyil və bunun üçün sonadək mübarizə aparacaq. O qeyd edib ki, bununla bağlı Təhsil Nazirliyi və Bakı Təhsil İdarəsini məhkəməyə verəcək. “Artıq sənədləri və sübutları toplayıram. Bu həftə içində hər iki qurumu məhkəməyə verəcəm. Qoy, onlar mənə sübut etsinlər ki, mənim övladım savadsızdır. Qoy, onlar mənə qanunda valideyn haqqına və mənim yerimə qərar vermək səlahiyyətinə sahib olduqlarını sübut etsinlər. Məhkəmədə aydınlaşdıraq ki, Təhsil Nazirliyi və Bakı Təhsil İdarəsi savadsız və hoqqabazdır, yoxsa, mənim uşağımın rus bölməsində oxumaq haqqı çatmır”.
Jurnalist Fikrət Fəraməzoğlu üzləşdiyi problemlə əlaqədar olaraq Prezident İlham Əliyevə də müraciət edib. Baş redaktor müraciətində qeyd edib ki, heç bir əsas olmadan, tam qanunsuz bir şəkildə Təhsil Nazirliyi və Bakı Təhsil İdarəsi onun övladı ilə bağlı qərar verib və bu qanunsuzluğu aradan qaldırmaq üçün göstəriş verilməsini xahiş edib. “Cənab Prezident! Biz övladımızın rus bölməsində oxuması üçün illərdir çalışırıq. Bu məqsədlə onun məktəbəqədər dövrdə bu dillə bağlı geniş anlayışa sahib olması üçün ilkin təhsil almasını da təmin etmişik. Lakin Təhsil Nazirliyində və Bakı Təhsil İdarəsində tanışımızın olmamasısəbəbindən, yəni tapşırıq olmadığından qızımın Bakıdakı orta məktəblərdən birinin rus bölməsində təhsil almasına imkan verilmir. Ona görə də, Sizdən xahiş edirəm ki, bu məsələdə mənə köməklik göstərəsiniz. Və övladımın rus bölməsində təhsil almasını təmin etmək məqsədi ilə Təhsil Nazirliyinə göstəriş verəsiniz”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?