“İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir”.
Yuxarıdakı ifadə Azərbaycan Respublikası qanunlarının əsasını təşkil edən Konstitusiyamızın 12-ci maddəsinin I bəndi olmasına baxmayaraq, əksər hallarda elə kağız üzərində qalaraq icra olunmamaqdadır.
Son 6 ildə 200 minə yaxın (rəsmi statistika) körpələrin “abort hüququ” adı altında bətnlərdə məhv edilməsinə baxmayaraq güclə on milyona çatdıq. Həmin on milyonuncu körpəyə ölkə başçısı ev də verdi. Prezidentin bu cür lütfü təqdirəlayiq haldır. Lakin yaxşı olar ki, yalnız yubiley statistikasına düşən körpələri deyil, bütün dünyaya gələn körpələrə də eyni qayğı göstərilsin.
Ən azından: -Hər dünyaya gələn körpələrin adlarına banklarda adlarına hesab açılsın, -İki və daha artıq övladı olan şəxslərə, -On il və daha artıq dövlət idarələrində (nazirdən tutmuş xadiməçiyə qədər), -Əmək qabiliyyətini itirənlər, -müharibə veteranları və digər bu kateqoriyalı insanlara da pulsuz mənzillərlə təmin olunmalıdır. Nə isə...
1920-ci il təvəllüdlü, ömrünün böyük bir hissəsini zəhmətkeş həyat tərzi sürən, uzun müddət qabaqcıl sağıcı kimi çalışmış, 6 il Dağlıq Qarabağ Muxtar Vilayətinin deputatı olmuş, sonralar qismətinə məcburi köçkünlük nəsib olan 98 yaşlı Məmmədova Mənzər Aslan qızı 27 ildən çoxdur ki, həm dədə-baba yurdu olan Ağdamın (sonralar ailə həyatı quraraq Laçına köçən), həm də qanunvericiliyimizdə nəzərdə tutulan və haqq etdiyi mənzil üzünə həsrətdir.
98 yaşlı, bir neçə xəstəliyi olan, köməksiz hərəkət edə bilməyən qarı ev əvəzinə tövlədə yaşayır. Məmmədova Mənzər 23 ildən çoxdur ki, “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə dəfələrlə ünvanladığı müraciət, şikayətlərinə baxmayaraq, ərizələrinin heç birinə dolğun, məntiqli cavablar ala bilməyib.
25 ildən çoxdur 98 yaşlı qarı Mingəçevir şəhərində Azərbaycan SSR dönəmində turistlərin istirahəti üçün tikilmiş, yerli camaat arasında “turbaza” kimi tanınan şəhərcikdə məskunlaşıb. Həmin şəhərcik isə tərk olunmuş bir məkan kimidir, ərazidə tez-tez torpaq sürüşməsi baş verir, ev və həyətlər də ilanlar yuva salıb. Tək Məmmədova Mənzər nənənin yox bütün qaçqınların yaşayış şəraiti olduqca acınacaqlıdır.
Dediklərimizin təsdiqi kimi müxbirimiz Abdulla İsmayıloğlunun çəkdiyi video və fotoşəkilləri diqqətinizə çatdırırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?