Tərtər hadisələri ilə bağlı ağır işgəncələrlə qətlə yetirilmiş Ruslan Ocaqverdiyevin bu gün doğum günüdür. Yaşasaydı 34 yaşını qeyd edəcəkdi. Qoymadılar...
Onun hərbi xidmətlə bağlı fəaliyyətini əks etdirən sənədlərə baxıram. Orduda nümunəvi və təqdir olunası fəaliyyət göstərib. Amma görünən odur ki, onun bu xidməti bir çoxlarını qane etməyib.
Ruslan Ocaqverdiyevin həyat yoldaşı Rəvanə xanımın bildirdiyinə görə onun əri general mayor Hikmət Həsənovun əmri ilə Ağdamın Paşabəyli meşəsinə gətirilərək Fuad Ağayevə təhvil verilib. Sonuncu tərəfindən isə ağır işgəncələrə məruz qalaraq 16 iyun 2017- ci ildə vəhşicəsinə qətlə yetirilib. Tərtər hərbi məhkəməsinin 28 dekabr 2018- ci il hökmündə, məhkəmə tibbi ekspertizasının rəyində, ölüm şəhadətnaməsində Ruslan Ocaqverdiyevin işgəncə altında qarın və döş qəfəsinin küt alətlə travması nəticəsində dünyasını dəyişdiyi qeyd olunur...
Ruslanın özündən sonra gənc ailəsi, 2 az yaşlı övladı atasız qalıb. Onun qatillərinin bir hissəsi simvolik cəza ilə həbsxanada olsa da qətlin sifarişçiləri və icraçılarının bir hissəsi, bu cinayəti ört- basdır edənlər nəinki məsuliyyətdən kənardadırlar, hətta vəzifədədirlər. İnanıram ki, Ruslanın və digər qətlə yetirilmiş günahsız hətbçilərimizin qanı yerdə qalmayacaq. Onların ölümündə dolayısı və birbaşa günahkar olanlar qanun qarşısında cavab verəcəklər!
Allah Ruslan Ocaqverdiyevə və dünyasını dəyişmiş bütün hərbçilərimizə rəhmət eləsin!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?