Professor Aida Qasımova: "...BDU-nun 90 illiyindəki kimi yenə də rüşvətxorlar, plagiatçılar qabağa çıxsa, mən açıq faktlarla Prezidentə müraciət edəcəm"
Xəbər verdiyimiz kimi, Respublika Prezidenti İlham Əliyev 14 noyabr 2017-ci ildə Bakı Dövlət Universitetində Yubiley tədbirlərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Buna müvafiq Nazirlər Kabinetində tədbirlər planı hazırlanıb, Təhsil naziri bu tədbirlərin həyata keçirilməsi barədə əmr imzalayıb. Bu məqsədlə yaradılan işçi qrupuna BDU-nun 100 illik yubileyi ilə əlaqədar Tədbirlər Planında nəzərdə tutulmuş müddəaları həyata keçirmək, yubileyin daha yaxşı təşkil edilməsi ilə bağlı təkliflər hazırlamaq, bu istiqamətdə tələb olunan bütün işləri icra etmək tapşırılıb. Tədbirlər planının bir bəndini Universitetin qabaqcıl professor-müəllim heyətinin və digər əməkdaşlarının dövlət səviyyəsində təltif edilməsi ilə bağlı təkliflərin verilməsi təşkil edir. Lakin məlumatlara görə, təltiflərlə bağlı təkliflər fakültə dekanları və kafedra müdirləri tərəfindən gizli şəkildə Rektorluğa təqdim edilib. Kafedra müdirlərinin əksəriyyəti özünün təltif edilməsi təklifini irəli sürüb. Belə ki, bundan əvvəl 90 illik yubileydə Əməkdar müəllim, Əməkdar Elm xadimi kimi fəxri adlara, orden-medalllara layiq görülən, Nuh əyyamından qalma kadrlar indi “xidmətlərinin” Dövlət Mükafatı və Prezident təqaüdü ilə qiymətləndirilməsini gözləyirlər və s. Bu isə artıq BDU-nun fəaliyyətində əməyi olan bir çox tanınmış prifessorların narazılığına səbəb olmaqdadır. Belə ki, artıq narazılığın simptomları özünü göstərməkdədir. BDU-nun Ərəb ədəbiyyatı kafedrasının professoru, əsərləri xarici dillərdə çap olunaraq beynəlxalq kataloqkara düşmüş Aida Qasımova özünün Facebook səhifəsində narahatlığını belə ifadə edib: "Universitetin 90 illik yubileyi zamanı özünü göstərmiş haqsızlıqların yenidən təkrarlanacağı ehtimalı isə böyükdür. Bu təqdimatların baş tutacağına çox da inanmağım gəlmir. Rektor müasir elmdən başı çıxan, qaragüruhun təsirindən uzaq insan təsiri bağışlayır. Məncə azından https://scholar.google.com saytına baxıb kimin kim olmasını müəyyənləşdirmək olar. Məsələn, həmin sayta Aida Gasimova yazsınlar, sonra da təltif qəhrəmanlarının adını, baxsınlar görsünlər nə alınır. Hər bir halda bu təkliflər aşkarlıq şəraitində, kafedra iclaslarında müzakirə edilməli idi. Əgər bu il də haqsızlıq olsa, bu dəfə ölkə Prezidentinə açıq məktubla müraciət edəcəm. Artıq təqdimatlar gedib. İclassız, reytinqsiz, ümumi elmi-pedaqoji fəaliyyət nəzərə alınmadan. Mən də inanıram ki, Rektor razılaşmayacaq.. Amma 90 illikdəki kimi yenə də rüşvətxorlar, plagiatçılar qabağa çıxsa, bir daha deyirəm, mən açıq faktlarla Prezidentə müraciət edəcəm". "Təzadlar"ın elektron poçtuna göndərilən başqa bir etirazlı məktub da göstərir ki, məsələ ciddi narazılıqla müşaiyət olunur. Amma biz də professor Aida Qasımovanın qeyd etdiyi kimi, inanmırıq ki, 100 yaşlı BDU-nun yubileyinə narahatlıq gətirəcək hallar olacaq. Və inanırıq məlum məsələ ədalətli həllini tapacaq...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?