Biləsuvar rayon sakini Xudaverdi Allahverdi oğlu Bədirov yerli məmurlardan narazıdır.
Gundemxeber.Az bildirir ki, “Cümhuriyət” qəzetinə müraciət edən X.Bədirov kommunal xidmət orqanlarının xüsusi göstərişlə ona səbəbsiz olaraq borc yazmasından şikayətlənib. Şikayətçi problemlə bağlı dövlət orqanlarına müraciət edib. Müraciətdə deyilir:
“Mən 2005-ci ildə adıma həyətyanı torpaq sahəsi götürmək üçün Bəydilli kənd bələdiyyəsində qeydiyyata alınmışam. Mənə qeydiyyata alınmağım haqqında şənəd verilib. Bu məqsədlə dəfələrlə Biləsuvar rayon İcra Hakimiyyətində oldum. O vaxtdan bu günə qədər bir neçə İcra Hakimiyyəti başçısı dəyişib. O zamandan bu günə qədər mənim torpağımı verməyiblər. Oğlanlarım hərbi xidməti başa vurub qayıtdıqdan sonra 4 uşağı yerbəyer etmək çətinləşdi. Mən torpağımı almaq üçün rəsmi dövlət qurumlarına şikayət etdim. Mənə kömək etmələrini istədim. Buna görə də Biləsuvar rayon İcra Hakimiyyətindən məni müxtəlif formalarda sıxışdırmağa başladılar. Rayonda su sayğacları qoyulan zaman mənim sayğacıma 80 manatdan çox borc yazdılar. Guya mən sayğac quraşdırılmamışdan əvvəl səyyar şəkildə yığılan su haqqını ödəməmişəm. Mən də əlimdəki ödəniş qəbzləri ilə vaxtilə “su pulu” yığan Yavər adlı əməkdaşı çağırtdırıb ödəniş etdiyimi söylədim. Yavər dedi ki, guya mən yarısını ödəmişəm. Lakin mən ödəniş qəbzləri ilə su pulunu tam ödədiyimi sübut etdim. Su sayğacı quraşdırılandan sonra həmin borc mənim ödəniş kartıma vuruldu. Mən yenidən su idarəsinə müraciət edib səbəbsiz borc vurulduğunu bildirəndə, müdir dedi ki, hamı necə sən də elə. Dedim ki, necə yəni hamı necə mən də elə? Müdir dedi ki, bu borc hamının “ayağına vurulub”. Bundan sonra su idarəsindən gəlib mənim su sayğacımı qurdalayır, aparatla mənə məlum olmayan işlər görürdülər. Bir gün mən balans kartına 3 manat pul yüklədim. Lakin su gəlmədi. Su idarəsinə müraciət edəndə Fürsənd adlı əməkdaş dedi ki, get, 3 manat da yüklə, su gələcək. Mən yenə 3 manat yüklədim, lakin 6 manat deyil, 3 manatlıq su verdilər. Növbəti dəfə 5 manat yüklədim. Lakin bu dəfə 5 manat tamamən silindi. Mən yenə su idarəsinə müraciət edəndə orada işçi olan bir xanım mənə acıqla dedi ki, sənin pulunu hardan tapım, peykə çıxım?”
X.Bədirov deyir ki, bu təzyiqləri ona bilərəkdən edirlər: “Bütün bu oyunlar mənim başıma ona görə gətirilir ki, mən dövlətin vətəndaşlara verdiyi pay torpağımı tələb edirəm. Məqsəd mənim başımı qatmaqdır. Bu yolla sıxışdırırlar ki, öz haqqımdan vaz keçim. Dövlət heyvandarlığın inkişafı üçün subsidiyalar ayırır, sakinlərə saxlamaq üçün heyvan paylayır. Mən 4 övladım üçün 200 baş qoyun saxlayıram, amma Biləsuvar rayon İcra Hakimiyyəti heç olmasa pay torpağımı vermir ki, birləşdirib təsərrüfatımı inkişaf etdirəm. Əlaqədar qurumlardan xahiş edirəm ki, şikayətimin dəqiqliyini yoxlasınlar. Əgər mən nəsə əsası olmayan şikayət edirəmsə, dövlət qanunu ilə cəzalandırsınlar”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?