Xırdalan dairəsi yaxınlığındakı tikinti materialları mərkəzində yanğın şəhərin bir hissəsində həyatı durdurdu, onlarla ticarətçiyə ciddi maddi ziyan dəydi...
Gundemxeber.Az bildirir ki, dekabrın 10-da Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Şiddətli yanğın nəticəsində bazar, demək olar ki, külə döndü, onlarla sahibkara zərər dəyib.
“Yeni Müsavat”ın əməkdaşı hadisə yerində olub, bir çox məlumatlar əldə edib.
Səhər saatlarında başlayan yanğın qısa müddət sonra bazarın bütün mağazalarını bürüyüb. Bazarda əsasən tikinti materialları satıldığı üçün yanğın sahəsinin genişlənməsi çox az zaman çəkib. Sahibkarların sözlərinə görə, hadisə yerinə dərhal gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yaxınlıqda su tapmaqda çətinlik çəkiblər. Daha sonra isə problem öz həllini tapıb. Ərazidə jurnalistlərə açıqlama verən Fövqəladə Hallar nazirinin birinci müavini Etibar Mirzəyev də bu faktı təsdiqlədi. O, aşağıdakıları söylədi: “İlkin vaxtlarda su çatışmazlığı vardı. Bunun qarşısını almaq üçün 3 helikopter, 1 təyyarə havaya qaldırdıq. Bu mərhələdə 150 tona yaxın su yanğın ərazisinə tökülüb. Hadisə yerinə 40-dan artıq yanğın texnikası, 250-dən artıq canlı qüvvə cəlb olunub, yanğının sahəsi 21 min kv metrdir. Yanğının səbəbləri hal-hazırda araşdırılır. Cənab nazir Kəmaləddin Heydərov prosesə şəxsən rəhbərlik edir”.
Nazirliyin yanğından sonra verdiyi açıqlamada isə bildirilib ki, ilkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.
Yanğının söndürülməsinə kömək məqsədilə dəmir yolunun iki yanğınsöndürmə qatarı da hadisə yerinə yollanıb. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib.
Bildirilib ki, yanğının söndürülməsində su çatışmazlığı yarandığı zaman yanğınsöndürmə qatarındakı su ilə dolu çən vaqonlarındakı sudan istifadə olunub.
Orada olduğumuz zaman Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının ciddi səylə, peşəkarlıqla çalışdıqlarının şahidi olduq. Lakin bütün cəhdlərə rəğmən bazarın tez alışan materiallarla əhatələnmiş hissəsi qısa zamanda külə döndü. Geriyə qalan yalnız yanmayan dəmir konstruksiyalar oldu...
Bəs bazar necə yandı?
Bu sualın cavabı, hələ ki, rəsmi qaydada verilməyib. Bildirilir ki, araşdırma aparılır və yalnız bundan sonra fikir bildiriləcək. Lakin şahidlərin sözlərinə görə, bazarda yanğın səhər 05 radələrində başlayıb. Şahidlər söylədilər ki, ilk olaraq bazarın avtomobil yoluna yaxın olan hissəsində “Ekologiya postu” ilə üzbəüz olan mağazalarının birində kiçik yanğın başlayıb. Daha sonra isə bu yanğın bütün bazarı bürüyüb. Bazarda, yuxarıda da qeyd etdiyimiz kimi, tikinti materialları satılırdı. Ona görə də yanğının yayılmasının qarşısını almaq çətin olub. Hadisənin qısaqapanmadan olması ehtimal edilir. Lakin sahibkarlar bildirdilər ki, gecə saatlarında mağazalarında elektrik şəbəkəsinə qoşulu olan heç bir cihaz saxlamayıblar. Sahibkarlar bildirdilər ki, əksəriyyətinin sığortası olmayıb. Onların sözlərinə görə, ən az malı olana 20 min manatdan yuxarı məbləğdə zərər dəyib. Yanğından sonra sahibkarlar yığışıb, sakit halda yanan bazarın küllərinə tamaşa edirdilər. Səbuhi adlı sahibkar söylədi ki, səhər saat 9-a işləmiş xəbər tutub ki, kafel-metlax satılan dükanlardan biri yanır. Yanğın da məhz oradan başlayıb: “Bizim həm mağazadakı, həm də anbardakı malımız yanıb. Anbar da elə bazarın içərisində idi. Ona görə kimsənin malı çıxmayıb. Bazarda heç bir yanğın təhlükəsizliyi qaydasına əməl olunmamışdı. Yaxınlıqda nə su anbarı vardı, nə də mağazalarda yanğına qarşı hər hansı bir cihaz yox idi. Ona görə də qısa müddət ərzində bazar külə döndü. Bizi içəri buraxmasalar da bilirik ki, içəridə salamat malımız qalmayıb. Ona görə də heç içəri keçməyə cəhd də etmirik. Sığortamız da olmadığı üçün bilirik ki, hansısa yardım da alası deyilik. Çox çətin durumdayıq. Bu dəqiqə burada hər kəs dərdini yaşayır. Müvafiq qurumların əməkdaşları cavab versinlər ki, bazar niyə yandı”.
Hadisə yerinə təcili tibbi yardım maşınları da cəlb olunmuşdu. Ərazidə özünü pis hiss edən sahibkarlara yerindəcə tibbi yardım göstərilirdi. Hadisə yerində 6 nəfərə yerində yardım göstərilib. 2 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna aparılıb.
Ərazidə polis əməkdaşları da xidmət göstərib, asayişin qorunmasına, avtomobillərin hərəkətinə nəzarət edirdilər. Onu da bildirək ki, yanğın baş verən ilk saatlarda yaxınlıqdan keçən avtomobil yolunda hərəkət məhdudlaşdırıldı. Yanğının qarşısı alındıqdan sonra isə avtomobil yolunun bir hissəsi açıldı. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov hadisə yerinə gəlib. R.Zeynalov bildirib ki, ərazinin qarşısından keçən yolda hərəkətin tənzimlənməsi üçün şəxsi heyət cəlb olunub:
“Nə mümkündür əlimizdən gələni edirik. Xoşagəlməz bir haldır. Kiminsə diqqətsizliyi üzündən bu cür hadisə baş verib. Həm özlərinə, həm də ölkəyə iqtisadi ziyan dəyib”,-deyə general-mayor bildirib.
Yada salaq ki, bu il “Diqlas” ticarət mərkəzində, taxta bazarında, “X-lady” mağazasında, “Ağ çiçəyim” gül mağazasında şiddətli yanğın olub. Hadisələrin hamısının ehtiyatsızlıqdan baş verdiyi bildirilib. “Diqlas” ticarət mərkəzində zərərçəkən sahibkarlara dövlət tərəfindən maddi yardım edilib. Hazırda ticarət mərkəzi tamamilə sökülüb, yeri isə boş qalıb.
“EuroHome”da zərər çəkən sahibkarlardan bəziləri güman edirlər ki, onlara dövlət tərəfindən hər hansı bir yardım ediləcək. Sahibkarların sözlərinə görə, onlara “Diqlas”da malı yanan ticarətçilərdən daha çox zərər dəyib. Sahibkarlar komissiyanın yaradılmasını, onlara dəyən zərərin doğru-dürüst hesablanmasını da tələb edirdilər.
Bildirək ki, “EuroHome”da əsasən tikinti materialları satılırdı. Orada topdansatış qiymətinə mallar verildiyi üçün sahibkarların çoxu nisyə mal da verirdilər. Sahibkarlar söylədilər ki, nisyə dəftərləri də yandığı üçün borclarını necə yığacaqlarını bilmirlər...
“Eurohome”un rəhbəri iş adamı Azay Möhnətovdur. A.Möhnətov həmçinin AF Holdinq Şirkətlər Qrupunun prezidentidir. “Uğur-97" şirkətinin prezidenti, Azərbaycan Memarlar Birliyinin üzvüdür. ”AF Hotel & Aqua Park"ın sahibidir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?