Azərbaycan əsilli yəhidi biznesmen Telman İsmayılovun qardaşı nəvəsi Bakıda həbs edilib. O, dələduzluqda və oğurluqda ittiham edilir.
Gundemxeber.Az musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1986-cı il təvəllüdlü Vüqar Babayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, Vüqar Babayev külli miqdarda dələduzluq edib. O, tanışının 230 min dollarını ələ keçirib. Bundan başqa, Vüqar Babayev kirayədə yaşadığı mənzilin əşyalarını oğurlamaqda da ittiham edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 177-ci (oğurluq) maddələri ilə ittiham irəli sürülüb.
Elan olunmuş ittihamla Vüqar Babayev özünü qismən təqsirli bilib. O deyib ki, oğurluq ittihamı ilə qətiyyən razı deyil.
Vüqar Babayev deyib ki, eyni binada yaşadığı tanışı ondan "Ferrari" almasını xahiş edib. Buna görə də ona 230 min dollar verib. Babayev deyib ki, maşının sənədləşdirilməsində problem olub və bu iş alınmayıb.
Sərbəst ifadə verən Babayev deyib ki, lüks maşın həvəskarı olub. Onun dediyinə görə, ən bahalı maşınları almağa, sürməyə böyük həvəsi olub.
O, "Maseratti", "Ferrari", "Mercedes", BMW və bir çox məşhur avtomobil firmalarının lüks modellərin sahib olduğunu deyib. Maşınların qiyməti isə 200-500 min dollar arasında dəyişib.
Hakim ondan bahalı maşınları necə əldə etməsini, gəlir mənbəyini soruşub.
Babayev heç bir yerdə işləmədiyini, babasının Telman İsmayılovun qardaşı Çingiz olduğunu deyib. O bildirib ki, anası Telman İsmayılovun qardaşı Çingizin qızıdır.
Babayev deyib ki, istədiyi maşını alıb və bir neçə il sürüb. Yeni model çıxdıqda isə maşını sataraq yenisi ilə dəyişib. O, lüks avtomobillərini Bakıdakı avtomobil salonlarında satdığını deyib.
Məhkəmədə məlum olub ki, Babayev Bakıda yaşadıqları mənzili də satıb. Daha sonra isə kirayə mənzildə yaşayıb.
İttihamda göstərilir ki, Babayev kirayədə yaşadığı mənzildəki mikrodalğalı sobanı, qabyuyan maşını və televizoru da götürərək satıb.
Amma Babayev bununla razılaşmır. Deyir ki, həmin əşyalar xarab olduğu üçün atıb. Babayevin dedikləri məhkəməyə inandırıcı gəlməyib.
Hakim soruşub ki, xarab olan əşyaları niyə mənzilin yiyəsinə verməyib. Babayev deyib ki, bunu etmək ağlına gəlməyib və xarab olduğu üçün zibilxanaya atıb. O deyib ki, həmin əşyaların yerinə yenisini alacaqmış.
Məhkəmədə Babayevin yaxınlarından heç kim iştirak etməyib. Hakim bunun səbəbini soruşub. Babayev söyləyib ki, anası və ailəsi Moskvada yaşayır.
O da məlum olub ki, Babayevin xanımı istintaqda ifadə verən zaman deyib ki, evindən əşyalar aparılıb. Onun sözlərinə görə, əşyaları Vüqar Babayev aparıb.
Vüqar Babayev bunu ilk dəfədir eşitdiyini deyib. O bildirib ki, həyat yoldaşının bu cür ifadə verməsindən xəbərsizdir.
Məhkəmə iclasında zərərçəkmişlər iştirak etməyib. Hakim bildirib ki, növbəti prosesdə onlar ifadə verəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?