2013-cü ildən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan, iqtisad elmləri doktoru, professor Mirdaməd Mirsadıq oğlu Sadıqov, deyəsən ötən illər ərzində daşıdığı vəzifəsinə və üzərinə düşən öhdəliklərə heç də sadiq çıxmadı.
Belə bir səbəblər üzündəndir ki, bu gün İsmayıllının problemləri aşıb-daşır, sakinlər arasında kütləvi narazılıq hissi baş qaldırmaqda davam edir. Bir sözlə, ölkənin bu cənnət məkanında sakinlərin rayon rəhbərliyinə olan ümidləri puça çıxıb. Mirdaməd Sadıqov İsmayıllı rayonundan olduğu üçün, ilk əvvəl hər kəs elə hesab edirdi ki, bu şəxs vəzifəsinin icrasına başladıqdan az sonra rayon sakinlərinə məxsus problemlərin həlli ilə məşğul olacaq. Amma çox keçmədi ki, bütün ümidlər puça çıxdı və necə deyərlər bu şəxs də, bəzi vəzifə sahibləri kimi daşıdığı vəzifəsinin imkanlarından özü üçün yararlanmağa çalışdı. Hələ ötən illərdə “Gündəm Xəbər”də bütün bunlarla bağlı silsilə məqalələr dərc olunurdu və Mirdaməd Sadıqovun adı brilyant biznesində hallanırdı. Gundemxeber.az-ın media üzərindən apardığı araşdırmalar zamanı o da məlum oldu ki, bu şəxs İsmayıllıya icra başçısı təyin olunduqdan sonra onun özü belə bir fəaliyyət növü ilə məşğul olmaqdan “vaz keçir” və bu işlə məşğul olmağı, məhz geniş ictimaiyyət arasında “brilyant Seva” ləqəbi ilə tanınan xanıma həvalə edir. Yəni, Bakı şəhərinin Yasamal rayonu ərazisində “brilyant Seva” adı ilə tanınan bu xanım, hətta “Sələm Seva” adı ilə də məşhur olur. Əksəriyyətin iddiasına görə, “brilyant Seva” belə bir işlərin idarəçiliyində olduqca peşəkar olduğundan, Mirdaməd Sadıqov ona hər cür imkanlar yaradır və məhz bu xanımın vasitəsilə də külli miqdarda “haqq-hesab” əldə edə bilir. Ümumiyyətlə, bu biriliant məsələsi illər öncə bəzi media nümayəndələri üçün olduqca aktuallıq kəsb etdiyindən, belə bir mövzuda çox yazıldı və İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının adı bu işdə daha çox hallandı. Düşündürücü hal odur ki, bu şəxs Gəncədəki Aqrar Universitetdə rektor işləyərkən də, hər cür qanunsuzluqlara imza atır. Məsələn, məlumatlı mənbənin bildirdiyinə görə, Mirdaməd Sadıqov həmin illərdə imkanlı şəxslərin övladlarının dərsə gəlməmələrinə lazımi şərait yaradır və elə ki, hansısa vəzifə sahibi onun belə bir addımına qarşı etiraz səsini ucaldır, o halda həmin şəxs “sənin başını bədənindən yox etdirərəm” cavabını eşitməli olur. Bu da onu söyləməyə əsas verir ki, İsmayıllının bugünkü icra başçısı olduqca təhlükəli şəxsdir və təhlükəli şəxs olduğu üçün, hal-hazırda rəhbərlik etdiyi rayonu özünəməxsus qaydalarla da idarə edir. Bir halın varlığını da qeyd edək ki, Mirdaməd Sadıqov Aqrar Universitetdə rektor olarkən ləğv edilmiş milli təhlükəsizlik nazirliyinin sabiq rəhbər Eldar Mahmudovun atası akademik, iqtisad elmləri doktoru, professor Mahmudov Əhməd Əkbər oğluna təmtəraqlı yubiley tədbiri keçirməsi, həmin illərdə böyük söz-söhbətə də səbəb olmuşdu. Deməli, bu şəxsin ölkə rəhbərinin imzaladığı sərəncam əsasında işdən çıxarılan Eldar Mahmudovla hansısa işbirliyi olub ki, o, zamanında belə bir addımını atır. Atılan belə bir addımın varlığı, məhz ortaya çoxsaylı sualların çıxmasına da səbəb olur. Yəni, sual oluna bilər ki, ölkəmizin elm sahəsində neçə-neçə akademiklərin, professorların olmasına baxmayaraq, Aqrar Universitetin sabiq rektoru niyə həmin şəxslərin adları ilə bağlı belə bir tədbirləri də həyata keçirmir? Hətta, o, rəhbərlik etdiyi təhsil müəssisəsində mərhum Əhməd Mahmudovun adına kabinet də yaratdırır. Bütün bunlar qalsın bir yana, bir neçə gün bundan öncə əslən İsmayıllı rayonundan olan və icra başçısının “domokl qılıncı”nın qüdrətindən ehtiyat edən şəxsin bildirdiyinə görə, 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan bu rayona 2 milyon manat vəsait ayrılır. Həmin vaxt icra başçısı heç də tənbəllik etmir və ayrılmış vəsaiti özünə yaxın şirkətlərin vasitəsilə “həzmirabedən” keçirir. Belə ki, o, həmin vaxtlarda özünə bağlı olan şirkətləri təmir-tikinti işlərinə cəlb edir və həmin şirkətlərin balansına xeyli vəsaitlər köçürülsə də, əslində onlar heç bir iş görmürlər. Yəni, ayrılmış vəsaitlərin kiçik bir qismi ilə müəyyən işlər görülsə də, onlar həmin vəsaitin daha böyük qismini başçıya çatdırmalı olurlar. Çünki, öncədən belə bir razılaşma əldə olunur. Məlumatlı mənbə onu da bildirir ki, Mirdaməd Sadıqov idarəçiliyində daha çox ayrı-seçkiliyi yol verməkdədir. Məsələn, illərdir ki, o, özünə yaxın şəxsləri, qohum-əqrəbasını rayonun idarəçiliyinə cəlb edib. Belə ki, bəzi şəxslər pensiya yaşına çatsalar da, icra başçısı onları qeyri-qanuni yollarla iş başında saxlamaqda davam edir. Yəni, açıq-aşkar şəkildə icra başçısı idarəçiliyini sovet ideologiyası prinsipi ilə həyata keçirir. Daha xoşagəlməz hallardan biri də, bu gün rayonda iş yerlərininin çoxu başçının yaxınları, qohumları olan Lahıcdan olanlar tərəfindən ələ keçirilməsidir. Bu da birbaşa etnik ayrı-seçkilik deməkdir. İcra başçısının bir sıra layihələrin icrasını yaxınlarına həvalə etdiyi də bildirilir. Büdcə vəsaitləri hesabına ərsəyə gətirilən “Velosiped zavodu”nun Prezident İlham Əliyevin iştirakı ilə açılışı həyata keçirilsə də, zavod az sonra fəaliyyətini dayandırdı. Belə bir halın varlığı da, məhz bu gün ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Əldə etdiyimiz digər məlumatlara görə, Mirdaməd Sadıqov icra başçısı təyin olduqdan sonra rayonunun mərkəzi ərazilərini içməli su ilə təhciz etmək məqsədilə, bir neçə dəfə büdcədən külli miqdarda vəsaitlər ayrılır və həmin vəsaitlərin çoxu da, məhz rayon rəhbərliyi tərəfindən ələ keçirilərək mənimsənilir. Bəzi iddialara görə, İsmayıllıda yolların çəkilişi, bəzi təmir işləri, abadlıq məsələləri ilə əlaqədər müəyyən addımlar atılarkən, icra başçısı işlərin görülməsini hansısa şəxslərə həvalə edir və son anda da o, həmin şəxslərə qarşı “atanşiklik” edir. Ümumiyyətlə, belə bir halların varlığı bu şəxsin idarəçiliyi ilə bağlı hər kəsi düşünməyə sövq edir. Çünki, əldə etdiyimiz şifahi məlumatlara görə İsmayıllı rayonu büdcə vəsaitlərinin daha çox mənimsənildiyi rayonlardan biridir. Ona görə də, belə bir qənaətə gəlmişik ki, 69 yaşlı Mirdaməd Sadıqovun fəaliyyətinin saf-çürük olunması üçün artıq zamanı çatıb. Düşünürük ki, ölkəmizin cənnət guşələrindən biri olan, amma bu rayonun inkişaf strategiyasını əngəlləyən, sakinlərə, iş adamlarına, bəzi vəzifə sahiblərinə, hətta imtiyaz sahibi olan şəxslərə çoxsaylı problemlər yaradan icra başçısı, çox yaxın günlərdə “yola salınacaq”. Çünki, cənab Prezidentin son vaxtlar həyata keçirdiyi islahat proqramları, məhz belə bir addımın atılmasını zərurətə çevirib. Bu yöndə araşdırmamız davam edəcək.
Sorğu
Yeni dizaynımız necədir?