Ötən ilin sentyabrın 28-də Bakının Xətai rayonunda, Zığ şossesində "Zeytun bağlarında” baş verən dava ilə bağlı istintaq işi hələ də davam edir. Döyülərək öldürüldüyü iddia edilən Bağır Piriyevin işi ilə bağlı Ramil və Kənan Ağayev qardaşları hazırda Kürdəxanıda yerləşən 1 saylı istintaq təcridxanasında saxlanılır.
Hadisənin hansı şəkildə baş verməsi, eləcə də olaydan sonra davam edən proseslərlə bağlı mühüm məlumatlar əldə etmişik.
Aparılan araşdırmaya əsasən, yuxarıda qeyd edilən tarixdə Ramil və Kənan Ağayev qardaşları zeytun yığmaq üçün zözügedən bağa üz tutublar. Evlərinə yaxın ərazidə olduğu üçün üz tutduqları məkanda onlara bir nəfər yaxınlaşıb və bu ərazilərdən zeytun yığmağın qadağan olduğunu bildirib. Üstəlik, sahə üzrə nəzarətçi olduğuna dair sənədini də göstərib. Qardaşlara məsləhət görülüb ki, əgər zeytun yığmaq istəyirlərsə, bir qədər aşağıya düşüb oradan toplaya bilərlər.
Ramil və Kənan həmin məsləhətə qulaq asaraq, zeytun bağlarının aşağı hissəsinə gediblər. Elə yenicə zeytun yığmağa başlayarkən, bir qrup şəxs onlara hücum çəkib. Piriyev Filman Bəhruz oğlu, Piriyev Bağır Bağman oğlu və indiyə kimi ibtidai istintaq tərəfindən şəxsiyyəti qərəzli şəkildə müəyyən edilməmiş 3-cü şəxs həmin torpaq sahəsinin icarəçisi, mühafizəçisi , habelə mülkiyyətçisi olması adı ilə onlara qarşı zorakılıq edib, küt alətlərlə müxtəlif dərəcəli çoxsaylı xəsarətlər yetiriblər. Özlərini müdafiə edən qardaşlar bunun nə səbəbdən baş verdiyini aydınlaşdırmağa çalışsalar da, təhqirlər və zərbələrlə qarşılaşmalı olublar.
Ramil və Kənan Ağayevlərin vəkili, habelə ataları Akif Ağayev bununla bağlı GundemXebrer.Az-ın əməkdaşına bildirib ki, hadisə yerinə 1-ci gələn Filman Ramili 5-7 metr aralıya apararaq, ona ilkin olaraq yumruq-təpiklə və sonradan gəlmiş Bağır Priyev isə Kənana ayrı-ayrılıqda eyni zamanda müxtəlif dərəcəli çoxsaylı xəsarətlər yetiriblər.
“Oğlum Kənanın deməsinə görə , Bağır Priyev ilkin olaraq, onun boğazından tutaraq xəsarət yetirib. Sonra isə hadisə yerinə gətirdiyi xüsusi hazırlanmış ağac dəyənəklə onun başına və bədəninin müxtəlif nahiyyələrinə zərbə vurub. Oğlum Kənan Bağır Priyevin əlindəki ağac dəyənəyi təsadüfən ələ keçirir, özünü müdafiə etmək məqsədi ilə həmin ağacı sağa-sola yellətməyə başlayıb. Bu zaman sonuncunun ağac dəyənək vasitəsi ilə baş nahiyyəsinin sağ küncündən bir xəsarət alması mümkündür. Buna baxmayaraq, Bağır Priyev Kənandan əl çəkməyib, onun belindən tutaraq, sıxmağa başlayıb və bu səbəbdən Kənan da əlindəki ağacı yerə atıb və süpürləşməyə başlayıblar”, - A.Ağayev qeyd edib.
Akif Ağayev vurğulayıb ki, övladlarının xahişi ilə onları zeytun yığmağa aparmış məhəllə dostu Orxan Niftəliyev hadisə yerinə gəlib, sonradan adını öyrəndiyimiz Fərhad adlı şəxs ilə onları aralaşdırıb:
“Bir neçə dəqiqədən sonra , hadisə yerinə 4-cü gəlmiş şəxs Filmanla birlikdə 15-20 metr aralıda Ramilə və Bağır Priyev isə Kənana yenidən küt alətlə xəsarətlər yerirlər. Yenə Orxan və Fərhad onları aralayır”.
Vəkil qeyd edir ki, Ramil Ağayev baş verənlərlə bağlı ona zəng edib, o isə DİN-nin “102” qaynar xəttinə zəng vurub:
"Bir neçə dəqiqədən sonra, Filmanın çağırışı ilə hadisə yerinə 5-ci adam əlində dəmir boru “Ford” markalı avtomaşında gələrək, dəstək vermək istəsə də, polisin əraziyə gəlişi səbəbindən istəyi baş tutmayıb".
Bağır Piriyevin dünyasını dəyişməsinin əsl səbəbi nədir?
Onun sözlərinə görə, hadisə iştirakçılarının hamısı Xətai RPİ-nin 35 saylı Polis Bölməsinə aparılıb. Bölmədə Bağır Priyevə ilkin tibbi yardım göstərilib və biz bölmənin foyesində təsadüfən rastlaşarkən bir-birimizə baş vermiş hadisə ilə bağlı iradlarımızı bildirdik. Bir müddətdən sonra, Bağır Priyev heç kimin köməyi olmadan təcili yardım maşınına mindi və təxminən 2 saat sonra 3 saylı Şəhər Klinik Xəstəxanada müayinə zamanı öldü. Xəstəxananın verdiyi ilkin diaqnoza görə, Bağır Piriyev ağ-ciyər arteriyasının tromboemboliyası fonunda artan ürək-damar çatışmamazlığından ölüb.
Akif Ağayevin sözlərinə görə, bölmənin növbətçi hissəsində polis işçisinə özünü vəkil kimi təqdim etsə də, Ramil və Kənan Ağayevlərlə görüşmək istədiyini bildirsə də, xahişi nəzərə alınmayıb.
Bundan əlavə, A.Ağayev bölmədə birtərəfli münasibətin şahidi olduğunu deyib:
"Bölmənin foyesində Bağır Piriyevlə olan mübahisədən sonra növbətçi hissənin polis işçisi məndən bölmənin inzibati binasını tərk etməyi tələb etdi. Məndən fərqli olaraq, bəzi polis işçiləri tərəfindən Bağır Piriyevə qarşı “isti” münasibətin olmasının şahidi oldum. Bölmənin föyesində olan polis işçilərindən Bağır Piriyevə görə təcili tibbi yardım maşınının çağrıldığını və oğlanlarıma görə isə təcili tibbi yardım maşının çağırılmamasının səbəbini soruşdum, onlar bunu mən etməliyəm deyə bildirdilər".
Vəkil bildirir ki, bundan başqa, bölmənin foyesində mülki geyimdə 4-5 nəfər təxminən 20-30 yaşlarında şəxslərin sərbəst hərəkət etmələri, polis işçilərinin onları tanımaları, adları ilə onları çağırmalarını müşahidə edib:
"Sonradan həmin adamların hazırki zorakılığın iştirakçıları olduğunu müəyyən etdim. Vəkil olduğumu bilən bir neçə polis işçisi mənə məlumat verdilər ki , həmin adamlar “Abşeron Zeytun” MMC-nin sədri Piriyev Bəhruz Bağman oğlunun oğlanları, işçiləri və yaxın tanışlarıdır. Onlar polisə “iş verənlərdir”. Yəni, zeytun yığmağa gələn şəxslərə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında xəsarətlər yetirir, həmin şəxslərdən cəmiyyətin istifadəsində olan əraziyə qanunsuz daxil olmaqları barədə bölməyə şikayət ərizələri ilə müraciət edir və “yüksək səviyyəli xahiş, minnətdən sonra” zorakılıq göstərdikləri adamlarla guya barışır və ərizələrini geri götürürlər”.
A.Ağayev qeyd edib ki, olay günü Polis Bölməsində yaşanan mübahisə ilə bağlı video-görüntüləri ədlə etmək istəsə də, buna nail ola bilməyib:
"DİN-nin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 003-126721219 saylı 16.10.2019-cu il tarixli məktubuna əsasən, polis bölməsinin foyesində baş vermiş halları əks etdirən video görüntünün təqdim edilməsi üçün DİN-nin rəhbərliyinə müraciət etmək məsləhət görülür. İcraatımda olan başqa cinayət hadisələri ilə bağlı, lakin eyni məzmunlu sorğu ilə AR DİN-nin Növbətçi Hissələri İdarəetmə Xidmətinə müraciət etmişəm. 14.10.2019-cu il tarixli 003-12583-1219 saylı məkubu ilə 1 (bir) aylıq müddətin bitməsini bəhanə edərək, həmin xidmət video-görüntüləri təqdim etməkdən əsassız imtina edilib. Halbuki, məlum yol-nəqliyyat hadisəsi 2 nəfərin ölməsi və bir nəfərin ağır xəsarət alması ilə nəticələnib, bu halda məlum cinayət hadisəsi ilə bağlı video görüntülərin saxlanması mütləqdir”.
Sorğu
Yeni dizaynımız necədir?