Azərbaycanda xüsusi önəm verilən əsas istiqamətlərdən birinin də gənclər siyasətinin olduğu deyilir.
Azərbaycan dövlətinin gənclərlə bağlı yürütdüyü siyasətin təməli ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə - 1996-cı ildə ölkədə ilk dəfə Azərbaycan gənclərinin forumun keçirilməsi və 1997-ci ildə ümummilli liderin imzaladığı fərmanla 2 fevral tarixinin ölkədə Gənclər Günü kimi qeyd olunması ilə qoyulub.
Prezident İlham Əliyevin 2005-ci ildə 2005-2007-ci illəri əhatə edən "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nı və "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı"nı təsdiq etməsi bu sahədə aparılan işləri sürətləndirib.
Hazırda fəaliyyət istiqaməti dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən, regional və beynəlxalq, eləcə də incəsənət sahəsində layihələrə dəstək verən qurumlardan ən əsası Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondudur.
Prezident İlham Əliyevin dövlət idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı apardığı islahata uyğun olaraq qurum 2018-ci ildə dövlət başçısının müvafiq fərmanı ilə "Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs kimi fəaliyyət göstərir.
Qlobal.az-ın budəfəki araşdırması Azərbaycan Respublikasının Gənclər Fondunun 2018-ci ilin yanvar ayından-2019-cu ilin oktyabr ayınadək olan dövrü əhatə edir.
Öncə qeyd edək ki, Fondun göstərilən tarix üzrə sifarişçi olduğu satınalmaların ümumi məbləği 1.352.062 (bir milyon üç yüz əlli iki min altmış iki) manat təşkil edir.
Ümumilikdə 20 (iyirmi) lot üzrə həyata keçirilən satınalmalarda qalib olan şirkətlərin böyük əksəriyyətinin fəaliyyəti şübhəli məqamlardan ibarətdir.
Fərqli zaman, dəyişməyən rəqəm, qalib eyni şirkət...
Gənclər Fondunun sifarişçi olduğu ən son satınalmaya 2019-cu ilin avqust ayının 7-də yekun vurulub. 49.200 manat məbləği olan "Gənclər günü münasibəti ilə tədbirin təşkili işləri” adlı lotun qalibi "Vertak" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Nə təsadüfdürsə "Vertak" Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin yanvar ayının 29-da da Gənclər Fondunun sifarişçi olduğu satınalmanın qalibi olub.
"Gənclər günü münasibəti ilə tədbirin təşkili işləri” üzrə keçirilən bu satınalmanın da məbləği 49.200 manat təşkil edib.
"Vertak" Məhdud Məsuliyyətli Cəmiyyəti 2018-ci ilin oktyabr ayının 4-də təsis edilib.
Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 28 may, ev 11 mənzil 5 ünvanı olan şirkətin qanuni təmsilçisi Həziyev Natiq Əli oğludur.
"Vertak" MMC-nin fəaliyyət profili barədə heç bir məlumat yoxdur.
Beş manat nizamnamə kapitalı olan şirkətin hazırda dövlətə olan vergi borcu 845.819 manat təşkil edir.
Yenə 5 manatlıq şirkət, 34 minlik satınalma...
Gənclər Fondunun 2019-cu ildə sifarişçi olduğu daha bir satınalma aprel ayının 12-də həyata keçirilib. "Dəftərxana və təsərrüfat mallarının sanınalınması" lotu üzrə keçirilən bu satınalmanın məbləği 34.251 manat, qalibi isə "Silver-DT" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
2017-ci ildə təsis edilən MMC-nin fəaliyyəti barədə, hansı lisenziyaya sahib olub-olmaması barədə heç bir informasiya yoxdur.
Beş manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Cəbrayıl rayonunun Xələfli kəndi (9 saylı qəsəbə), qanuni təmsilçisi 1983-cü il təvəllüdlü Hüseynov Şəmsi Məhəmməd oğludur.
2 manatlıq şirkət, 293 min manatlıq silsilə tədbirlər...
Gənclər Fondunun 2018-ci ilin noyabr ayının 2-də daha bir satınalma həyata keçirib. "Gənclərlə silsilə tədbirlərin keçirilməsi xidmətləri" lotu üzrə keçirilən tenderin məbləği 293.612 manat, satınalmanın qalibi isə "Liverpul" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Maraqlıdır ki, 2007-ci ildə təsis edilən "Liverpul" MMC-nin fəaliyyəti barədə heç bir informasiya yoxdur. Şirkətin maddi-texniki bazası barədə, əmək müqaviləsi ilə çalışan işçilərinin sayı barədə də məlumat yoxdur.
İki manat nizamnamə kapitalı olan "Liverpul" MMC-nin hüquqi ünvanı Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi qanuni təmsilçisi isə Məmmədov Səlimxan Rəşid oğludur.
296 minlik tender - 30 min borclu qalib...
Gənclər Fondunun 2018-ci ilin noyabr ayının 2-də "Digər maşın və avadanlıqlar" lotu üzrə daha bir satınalma həyata keçirib. Bu satınalmanın məbləği 296.486 manat, qalibi isə "Neptun Təchizat" MMC olub.
2018-ci ilin may ayının 30-da təsis edilən şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Corat qəsəbəsidir.
On manat nizamnamə kapitalı olan "Neptun Təchizat" MMC-nin qanuni təmsilçisi 1984-cü il təvəllüdlü Orucov Kamil Maşalla oğludur.
Fəaliyyəti barədə informasiya olmayan "Neptun Təchizat" MMC-nin hazırda dövlətə olan vergi borcu 30.927 manat təşkil edir.
Fərqli lotlar, eyni gündə və eyni hüquqi ünvanda yaranan qalib MMC-lər...
Gənclər Fondu 2018-ci ilin avqust ayının 10-da daha iki satınalmaya yekun vurub. "Tədbirin təşkili işləri" lotu üzrə sifariş olunan satınalmanın məbləği 17.084 manat, qalibi "Exomars" MMC, "reklam və çap məhsulları" lotu üzrə həyata keçirilən satınalmanın məbləği 14.851 manat, qalibi isə Rights-BS MMC olub.
Maraqlıdır ki, eyni gündə Gənclər Fondunun sifarişçi olduğu satınalmaların qalibi olan hər iki şirkət eyni gündə - 2018-ci ilin iyun ayının 5-də təsis edilib.
Hər iki şirkətin hüquqi ünvanı eynidir - Goranboy rayonu, Qaradağlı kəndi.
Hər iki şirkətin nizamnamə kapitalı beş manat təşkil edir.
Hər iki şirkətin fəaliyyətləri barədə heç bir informasiya yoxdur. Goranboy rayonu, Qaradağlı kəndində də bu şirkətlərdən xəbərsizdirlər.
"Exomars" MMC-nin hazırda vergi borcu 2476 manat, "RIGHTS-B.S" MMC-nin vergi borcu isə 1256 manat təşkil edir.
Yenə 5 manatlıq şirkət, silsilə tədbirlər, qalib sahibi vəfat etmiş şirkət...
2018-ci ildə Gənclər Fondu daha iki satınalma həyata keçirib. Fondun 2018-ci ilin iyun ayının 1-də sifarişçi olduğu "Dəftərxana və təsərrüfat malları" lotu üzrə keçirilən satınalmanın məbləği 26.331 manat, qalibi isə "Truck Plus" MMC olub.
2018-ci ilin may ayının 25-də Fond daha bir satınalmaya imza atıb. "Tədbirin keçirilməsi işləri" üzrə keçirilən satınalmanın məbləği 9812 manat təşkil edib. Bu satınalmanın qalibi "Tritan Co" MMC olub.
Hər iki şirkətin nizamnamə kapitalı eynidir - 5 manat.
2017-ci ildə təsis edilən "Truck Plus" MMC-nin hüquqi ünvanı Saatlı rayonu Qıraqlı kəndi, "Tritan Co" MMC-nin hüquqi ünvanı isə Şirvan şəhəri Hacı Qəhrəmanlı qəsəbəsidir.
Hər iki şirkətin rəhbəri eyni şəxsdir- Qaffarova Qələnfir Bəşarət qızı.
Əldə etdiyimiz məlumata görə Qələnfir Qaffarova vəfat edib. Vəfat etdiyi tarixə qədər isə bu xanımın Şəki rayonunun Oxud kəndində ağır güzəran şəraitində yaşadığı deyilir.
"Truck Plus" MMC-nin dövlətə olan vergi borcu hazırda 15.421, "Tritan Co" MMC-nin vergi borcu isə 78.018 manat təşkil edir.
Fond sabiq deputatın qardaşıyla da əməkdaşlıq edir...
Əlbəttə, haqlı olaraq sual oluna bilər ki, Gənclər Fondunun 2018-2019-cu illər ərzində sifarişçi olduğu satınalmalarda heçmi mövcud qanunvericiliyə uyğun şirkət iştirak etməyib. Obyektivlik naminə qeyd edək ki, araşdırmamız zamanı Fondun həyata keçirdiyi satınalmalarda qalib elan edilən şirkətlər arasında qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərən şirkətə də rast gəldik.
Belə ki, Gənclər Fondunun 2018-ci ilin noyabr ayının ikisində "Sosial video çarxların çəkilişi işləri, müxtəlif bukletlər, kitabçalar, flayerlər, rolaplar və sair reklam (tanıtım) xarakterli mallar" lotu üzrə, 293.825 manat məbləği olan tenderin qalibi "Peachline" MMC olub.
"Peachline" MMC Fondun 2018-ci ilin iyun ayının 21-da sifarişçi olduğu daha bir satınalmanın qalibi elan edilib. "Tədbirin təşkili" üzrə sifariş olunan satınalmanın məbləği 31.820 manat təşkil edib.
"Peachline" MMC 2009-cu ildə təsis edilib.
Şirkətin web ünvanında "Peachline" MMC-nin brendlərinin yaradılması, irəliləməsi, qrafik dizayn, video, radio reklam çarxlarının və sənədli filmlərin yaradılması üzrə çalışdığı qeyd edilib.
Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Nəsimi rayonu, Nizami, 121, ev 16 ünvanı, şirkətin qanuni təmsilçisi isə 1975 ci il təvəllüdlü Fətiyev Elruz Nuru oğludur.
Məlumata görə, Elruz Fətiyev Milli Məclisinin deputatı Xanlar Fətiyevin qardaşıdır.
Yuxarıda qeyd olunanlara Gənclər Fondundan münasibət öyrənməyə çalışsaq da, Fond heç bir münasibət bildirmədi.
Qlobal.az Gənclər Fondunda 2018-2019-cu illər üzrə audit aparılıb-aparılmamasını aydınlaşdırmaq üçün Hesablama Palatasına məktub ünvanlayıb.
Hesablama Palatasının İcmal büdcə və strateji təhlil şöbəsinin müdiri Vəfa Mütəllimovanın imzası ilə fevral ayının 12-də Qlobal.az-a göndərilən məktubda 2018-2019-cu illər ərzində Hesablama Palatasının Gənclər Fondunda audit aparmadığı qeyd olunur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?