Şabranın Çölquşçu kənd sakini Ədalət Əmiraslanov 14 il əvvəl daun sindromu ilə doğulub. Anası Xatirə Rəsulova onu həyatda saxlamaq üçün vargücü ilə mübarizə aparır.
GundemXeber.Az DİA.AZ-a istinadən bildirir ki, 54 yaşlı qadın taleyindən danışır. Dediyinə görə, ailəsi Şabrana 1988-ci ildə Gədəbəydən gəlib: “Başkəndə yaxın qalırdıq. Ermənilər imkan vermədi yaşamağa. Anam şabranlı idi deyə, elə bu rayona gəldik. Atam Çölquşçu kənd məktəbində işləməyə başladı“.
Xatirə Rəsulova gec ailə həyatı qurduğunu, evlənəndə özünün də xəstə olduğunu xatırlayır: “Bu uşaq da gəlib belə doğuldu. Müalicəsi yoxdu. Mən bunu bilmirdim. Bizi aldatdılar. Nə qədər xərc çəkdik. Sağalmayacaqdısa, gərək mənə düzünü deyəydilər. Bir gün ayıldım. İndi harası ağrıyırsa, yalnız onun dalınca gedirik. Məsələn, ödü, bağırsağı…”
Əslində, Ədalətin ağrıyan yeri çoxdur. Revmatizmdən əziyyət çəkir, ürəyindən müalicə alır. Üstəlik, psixiatr yanına getməlidir...
Xatirə Rəsulova həyat yoldaşını üç ildir itirib. Onun müalicəsi üçün də az mübarizə aparmayıb: “2009-dan xəstə idi. İllərlə pul xərclədik, çoxlu borca girdik. Nə qədər qızılım vardısa, hamısını satdım”.
Ailənin illərlə yığılan borcları pandemiya dövründə azalıb. Xəstəlikdən əziyyət çəkən yeniyetmə və ananın ağır vəziyyətdə olduğunu görən tanışlar bu haqda sosial şəbəkələrdə yazmağa başlayıblar. Xeyli yardım toplanıb. Kömək etmək istəyənlər yığışıb Çölquşçuda ailəyə birotaqlı koma da qaraldıb: “Borclar o insanların sayəsində azaldı. İndi cəmi 1700 manat qalıb”.
Xatirə xanım deyir ki, Ədalətin müalicəsinə çox pul lazım olur. Ailəyə isə cəmi 200 manat müavinət verilir. Qadın bu pulla xəstəxana xərclərini ödəməyin mümkünsüzlüyünü bildirir.
“Dövlət xəstəxanalarında da pulunuz çıxır?” sualına qadın pəjmürdə cavab verir: “Bəs necə?! Pulsuz kim üzümüzə baxar? Özəl klinikalara üz tutursan, giriş azı 50 manat. Xəstə uşaqdı, qorxur, imkan vermir dırnağını tutmağa. Bir ildir dırnaqları uzanır. O gün təkcə narkozla dırnağını tutdurmağa 50 manat vermişəm”.
Xatirə xanım ailənin xərclərini ödəmək üçün işləməyə hazırdır. Amma Ədalətə onsuz baxan olmayacaq. Heç pandemiya dövründə iş tapması da inandırıcı görünmür. Xərclər isə az deyil. Qadın deyir ki, ayda təkcə oğlunun pampersinə 100 manat xərcləyir.
Ədalət müavinət alır deyə ailə karantin günlərində işsizlərə verilən 190 manatdan məhrum olub. Xatirə Rəsulova sosial yardım almaq üçün bütün sənədləri hazırladığını söyləyir. İndi gözü yoldadır.
“Gözləyirik. Elə bilməyin ki, həmişə əlimi yana salmışam, çalışmamışam. Müraciət etmədiyim yer qalmayıb. Ev üçün nə qədər getmişəm. Rayonun deputatı olmuş Tahir Süleymanovu heç cür tapa bilmədim. İllərlə seçilirdi, ortada görünmürdü. Deputatsan, heç olmasa, dərdimizə qulaq as. Azərbaycan varlı dövlətdi, amma xəstə nə vəziyyətdə yaşayır. İcra Hakimiyyətinə nə qədər getmək, yazmaq olar? Yorulmuşam artıq”, - qadın danışır.
Xatirə Rəsulova Şabranın yeni deputatı Sadiq Qurbanovla görüşə biləcəyinə çox ümid bəsləmir, amma onu da axtaracaq...
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?