Nizami rayonundakı 50 ilin kitabxanası necə “qutabxana” oldu ?
Mədəniyyət Nazirliyinin , bütövlükdə mədəniyyət , incəsənət sektorunun maddi anlamda korrupsiyaya daha çox uğramış sahə olmadığını yəni rüşvət məbləğlərinin digər sahələrə nisbətən az olduğunu iddia etmək olar . Rahatsızlıq doğuran və utanc gətirən mənəvi anlamda aşınmanın, korrupsiyanın miqyasıdır ki, bu heç bir quru rəqəmlə ifadə oluna bilməz! Bakıda, eləcə də bölgələrdə sovet dönəmindən bu yana hər addımbaşı bir kitab mağazası, hər rayonda, hər kənddə ən azı bir kitabxana vardı. İndi biri də qalmayıb, hamısı icra başçılarının ticarət, qarın-qutab obyektlərinə çevrilib. Biz hələ kinoteatrları demirik!? Hamısı restoranlara-şadlıq saraylarına çevrilib. Cəfər Cabbarlının adını daşıyan kinoteatr “Space TV”-yə peşkəş edilib ki, bunun özü də böyük yazara və xalqa mədəni-mənəvi təhqirdir. Mədəniyyət obyektlərinin, kitabxanaların təyinatlarının restoran, qutab-kabab biznesinə dəyişməsində başlıca rolu şəhər-rayon icra hakimiyyəti oynayır. Təbii ki, obyektin yiyəsi mədəniyyət məmurlarının razılığı ilə. Burada prinsip sadədir : oliqarx müştəri əmlak xidməti ilə “gözü tutan” mədəni obyekti almaq haqqında razılığa gəlib, balanssaxlayıcı rayon-şəhər icra hakimiyyətinə obyektin “xeyir-duası”nı almağı sifariş edir və öncə icarə müqaviləsi ilə, ardınca tam mülkiyyət hüququ ilə obyektə yiyələnir. “ Lap yuxarıdan” sifarişlər də yalnız elə “yuxarılara” aiddir. Ədalət adına deyək ki, ortalıq 25 il öncə Sevil xanım Əliyeva rəhbəri olduğu quruma “yuxarıdan göstərişlə” BŞİH-in ayırdığı “Azərbaycan” kinoteatrından imtina etmişdi! Nə isə, hələ sovet dönəmindən Bakının Nizami rayonunda, əvvəlki Darvin, indiki Bəhruz Nuriyev küçəsindəki böyük kitabxana məktəblilərə, tələbələrə, ümumiyyətlə, şəhər sakinlərinə mədəni xidmət göstərirdi. 5-6 il qabaq metronun “Xalqlar Dostluğu” stansiyasının yönündəki Heydər Əliyev parkının yanındakı bu kitabxananın boşaldılaraq oliqarx-biznesmen tərəfindən satışa çıxarılması asılan bildirişlə bəlli olanda, Mədəniyyət Nazirliyinin “mədəni alver”ə son qoyacağına ümid çox idi. Nazirliyin kitabla bağlı şöbəsindən araşdırma aparıldığını, Nizami RİH və ƏMDK -dan isə “icarə müqaviləsinin müddətinin bitməsi səbəbi ilə kitabxananın yerləşdiyi ofisin Nərimanov rayon sakininə satıldığını” bildirdilər. Bəs niyə Mədəniyyət Nazirliyi icarə müqaviləsini uzatmayıb? Və yaxud bu uzatmaqdan imtinaya görə nə qədər haqq alıb? Təbii ki, bu sorğulara cavab almaq hüquq-mühafizə orqanlarının görəvidir. Amma Nizami RİH başçısı Arif Qasımov, keçmiş ƏMDK sədri Kərəm Həsənovun müavini Rafiq Cəlilov (bir neçə gündür iqtisadiyyat naziri Mikayıl Cabbarova müavinlik edir) mədəniyyət nazirini necə razı saldılarsa, kitab evinin qutab evinə çevrilməsini araşdıran belə olmadı. Sadəcə, Mədəniyyət Nazirliyindən kitabların Məhsəti küçəsindəki kitabxanaya daşındığı bildirildi! (?) İndi 4 ildir kitab oxumaq istəyən Nizami rayon sakinləri kitabxananın ticarət obyektinə çevrilməsi ilə barışıblar. Əllərindən nə gəlir ki? 50 il idi kitabxana idi, icarəsi başa çatdı, oldu qutabxana. Kitabda nə pul var axı, məmurların ciblərini doldursun?!
Sorğu
Yeni dizaynımız necədir?