"Artıq iki sutkadır ki, Ziya yoxdur. Bu iki sutka ərzində yalnız bircə dəfə ailəsi ilə əlaqə saxlaya bilib onda da həbs edildiyini bildirib. Onun həbsinin arxasında nə dayanır? Ziyanın həbsi kimin marağındadır? kimi suallar vermək niyyətində deyiləm. Bütün sualların obyektiv şəkildə cavablandırılmasını bu ölkədə təmin edəcək yeganə və tək şəxs var: Cənab Prezident! Və mən əminəm ki, Ziyanın həbsi prezidentdən gizlədilmək istənilir. Yoxsa müharibə bitəndən bir həftə sonra videobloger fəaliyyəti ilə məşğul olan biri niyə həbs edilir? Və onada əminəm ki, Prezidentin xəbəri olan kimi ədalətin bütün amansızlığı cənab prezidentin özü tərəfindən bərpa ediləcək! Amma prezidentin bunca dövlət əhəmiyyətli problemin, bunca görülməli olan işin, Azərbaycana qarşı yönələn qərəzə qarşı aparmış olduğu mübarizə içində Ziyadan xəbər tutması üçün yeganə yolda sizlərsiniz. Ona görə Ziyanı haqqı olan azadlıqda görmək istəyən, ədalətin bərpa olunmasını istəyən hər kəsdən bu yazılanları paylaşmasını xahiş edirəm. Ziyanın səsi olaq.. Biz Ziya Mahmudovu 2020-ci il parlament seçkilərində deputatlığa namizəd və daha çox videobloger kimi tanımışıq. Amma bugün mənim diqqətinizə çatdırmaq istədiyim onun hazırda qırılmaq istənilən həyatıdır. Ziya Şəhid oğludur. Atası Mehrac Mahmudov 1994-cü ildə Ağdam istiqamətində qəhrəmanca şəhid olub! Sözün əsl mənasında qəhrəmanca! Və bu qəhrəmanlığı 1995-ci ildə şəxsən Ali Baş Komandan Heydər Əliyev tərəfindən Azərbaycan bayrağı ordeni ilə mükafatlandırılıb. Həm də bu mükafatı həmin vaxtlar 10 yaşında olan Ziyaya şəxsən Prezidentin özü təqdim edib. Sonra da o Prezident Heydər Əliyev tərəfindən Türkiyənin Ali Hərbi Dəniz Qüvvələri Akademiyasına təhsil almaq üçün göndərilib. Maraqlısı və birazda acı tərəfi bilirsiniz nədi? Ziyanın atası Mehrac Ağdam istiqamətində şəhid olub. Həmin Ağdam İlham Əliyevin Ali Baş Komandanlığı ilə azad edildi. Elə bugünlərdə də Ziya həbs edildi. Bu necə bir taledir? Sizə təqdim etdiyim bu fotoya xahiş edirəm diqqətlə baxın əziz oxucu. Fotoda Ziyanın yanında dayanan xanım, bu vətənin uğrunda ömür gün yoldaşını itirən, tarimar olan talelərdən birində minbir əzab əziyyətlə övlad böyüdən anadır. Onun gümüşə boyanmış saçlarına baxın hamısı ağır günlərin nişanəsidi. Ziya öz anasınıda vaxtında müalicə etmək mümkün olmadığı üçün xərçəng xəstəliyinə görə itirdi. Dərman almaq imkanlarının belə olmadığı günləri bilirəm mən.. Bu qədər ağır həyat, əzab, əziyyət və sonunda da həbs? Ziya həmişə deyirdi ki, "Mən Prezident İlham Əliyevin əsgəriyəm!". Elə ona görə də, Prezident İlham Əliyevin “ölkədə ictimai nəzarət olmalıdır” çağırışından sonra Ziya bloger fəaliyyətinə başladı. Və yerli məmurların özbaşınaqları ilə bağlı çəkilişlər edir, bir çox gizlədilən məqamlara aydınlıq gətirirdi. Onun son çəkilişləri isə Azərbaycan və Türkiyə bayraqlarının rayonlardan endirilməsi ilə bağlı idi. Ziya çörəyinidə vətən torpağından qazanıb. Torpağa qulluq edir, əkdiyi, əziyyətini çəkdiyi torpaqdan əldə etdiyi məhsulla ailəsinə baxır hələ üstəgəl bol olmasada o bərəkətli çörəyini daha ağır vəziyyətdə yaşayanlarla bölüşüb. Buna hamımız şahidik.. İndi Ziya həbsdədir.. Onun üç azyaşlı övladı var. Və övladlarından 4 yaşında olan Mehdi atasız yatmır, yata bilmir. İstəyirəm bunu hamımız bilək. Azərbaycan torpaqlarının azadlığı uğrunda həyatını fəda etmiş şəhid övladına bu vətəndə azadlığı çox görmək olmaz. Buna görə bu yazını yazmaq qərarına gəldim. Ziyanın səsini Cənab Prezidentə çatdırmalıyıq. Çünki inanıram ki, Prezidentə bu məlumat çatan kimi ədalət bərpa olunacaq. Qarabağla bağlı tarixi ədalətin bərpa olunduğu kimi. Cənab Prezident! Sizdən hamımızın bir xahişimiz var. Ziyanın işini şəxsi nəzarətinizə götürün. Sizin iradənizdən böyük bir iradə yoxdur bu ölkədə. Ziya atasız, anasızdı. Amma yiyəsiz deyil. Siz varsınız Cənab Prezident!"
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?