Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovanın mülki nikahda olduğu biznesmen Rüstəm Madumarov həbs olunub.
Virtualaz.org saytının Orta Asiya qaynaqlarından əldə etdiyi xəbərə görə, bu barədə G.Kərimova özü twitter bloqunda məlumat verib.
Onun yazdıqlarından məlum olur ki, R.Madumarov “Nirvana” mağazalar şəbəkəsinin sahibi olub. Prezidentin qızı xüsusi xidmət orqanlarının ona qarşı material yığmağa çalışdığına eyham edərək yazıb ki, Madumarovun həbsi bu məqsədlə həyata keçirilib.
“Yəqin ki, bizim rəşadətli qoşunlarımızın “dəhşətli dərəcədə qorxulu dövləti cinayətkarını” həbs etməkdən başqa işi yoxdur” - deyə G.Kərimova istehza ilə yazır.
“Doğrudanmı artıq heç kim oğurlamır? İndi Milli Təhlükəsizlik Xidmətinin qüvvələri satıcıları, bulka satanları tutmağa başlayacaq” - deyə prezidentin qızı əlavə edir.
Ekspertlərin qənaətinə görə, R.Madumarova məxsus “Nirvana” mağazalar şəbəkəsində aparılan yoxlamalar onun himayəçisinə qarşı yönəlib. Xatırladaq ki, Özbəkistan prezidentinin ailəsində son vaxtlar ciddi qarşıdurma yaşanır və İslam Kərimovun göstərişi onun qızının biznes strukturları, telekanalları bağlanıb, özünün ölkədən çıxışına qadağa qoyulub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?