İsmayıllı Rayon İcra Hakimiyyəti “Parlaq-N” MMC ilə toplam maliyyə dəyəri 196 042.94 AZN olan 3 müqavilə imzalayıb.
Gundemxeber.Az reportyor.info-ya istinadla xəbər verir ki, müqavilələrdə İsmayıllı şəhəri, Şəhidlər Xiyabanı və Heydər Əliyev adına parkda cari təmir işlərinin, İsmayıllı şəhəri N.Tusi küçəsinin, həmin küçədə yerləşən modul tipli xəstəxananın ərazisində, icra hakimiyyətinin binası qarşısında yerləşən mərkəzi meydanda, Babək küçəsində və şəhərin giriş hissəsində abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında dövlət vergi xidmətinin reyestr məlumatlarına əsasən “Parlaq-N” MMC 18 yanvar 2012-ci ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Füzuli rayonu, Horadiz şəhəri, Xanlar, ev 5-də yerləşən şirkətin nizamnamə kapitalı 20 AZN-dir. MMC-nin qanuni təçsilçisi isə Şıxıyev Ağabala Mirbəkir oğludur.
Araşdırmalarımız zamanı bəlli olub ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin tenderlərində əsasən bu şirkət qalib gəlir. Bu ilin sentyabrında icra hakimiyyəti şirkətlə 657 000 dəyərində müqavilə imzalayıb. Müqavilədə İsmayıllı şəhərində şəhərdaxili yolların əsaslı təmiri nəzərdə tutulur. İsmayıllı Rayon İcra Hakimiyyəti ilə “Parlaq-N” MMC-nin “tanışlığı” yeni deyil. Hələ 2018-ci ildə qurum toplam maliyyə dəyəri 4 385 659 AZN ola iki müqavilə imzalayıb. Müqavilələrdən birində qarşı tərəf “Parlaq-N” MMC-dir. Sənəddə şirkətin ona ödəniləcək 1 448 945 AZN müqabilində İsmayıllı şəhərində 100 yerlik uşaq bağçası tikməsi nəzərdə tutulub. Nizamnamə kapitalı 20 AZN təşkilə edən, 8 ildir fəaliyyət göstərməsinə baxmayaraq barəsində çox az məlumat olan bir şirkətin bu tenderlərdə şəffaflıqla qalib gəlməsi bir qədər şübhəli görünür. Biz hələ onu demirik ki, yerli mediada gedən xəbərlərə görə, “Parlaq-N” MMC-nin dövlət büdcəsinə 132 981 AZN borcu var. Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə isə vergi borcu olan şirkətlərin tenderdə iştirakı mümkün deyil.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?