Ölkədə mexaniki-elektron sayğaclarda limitin sıfırlanması ilə bağlı narazılıqlar artıb. Buna səbəb həmin sayğaclardan istifadə edən abonentlərdə qaz limitinin sıfırlanması prosesinin ləngidilməsi və ya uzanmasıdır.
Gundemxeber.Az bildirir ki, Bizim.Media-ya müraciət edən çoxsaylı qaz abonentlərinin sözlərinə görə, smart-kart tipli sayğaclarda dekabrın 31-də, gecə saat 00:00-da 2 200 kubmetrlik 10 qəpiklik limit tam sıfırlanır və gələn ilin əvvəlindən hər abonent üçün 2 200 kubmetrlik həcmin yenidən 10 qəpikdən hesablanmasına başlanılır. Yəni dekabrın 31-də gecə saat 00:00-da bu proses öz işini avtomatik olaraq icra edir və sistemdə bu dəyişiklik gedir. Mexaniki-elektron sayğaclarda isə proses uzanır. Bəzən bu sayğaclarda limitin sıfırlanmasına yanvar ayının ilk ongünlüyündən sonra start verilir, ləngidilən günlərə görə isə abonent sərf etdiyi qaza görə 20 qəpikdən ödəməkdə davam edir. Qeyd edək ki, mexaniki-elektron sayğaclardan istifadə edənlər “Azəriqaz”ın qaynar xəttinə yanvarın 10-na kimi sayğaclarının fotolarını göndərməlidirlər. Limitin sıfırlanması məhz fotonun qeydə alındığı tarixdən nəzarətə götürülür və oxunduqdan sonra sıfırlanır. Şikayətçilərin dediyinə görə, bəzən bu məsələdə də vaxt itkisi ilə üzləşirlər. Sayğacların oxunması üçün bəzi abonentlərin fotonu vaxtında müvafiq yerə göndərmələri üçün ya texniki imkanları, ya da məlumatsızlığı səbəb olur. Abonentlər bu işin “Azəriqaz” əməkdaşları tərəfindən müvafiq zamanda həyata keçirilməsini tələb edirlər. Nəticə etibarilə yanvar ayının ilk günləri bayram və istirahət günlərinə təsadüf etdiyindən bu proses ayın 10-dan sonra tamamlanır. Məsələ ilə bağlı Bizim.Media-ya danışan “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov vətəndaşların bu narazılığına aydınlıq gətirib. O deyib ki, mexaniki-elektron sayğacların tənzimlənməsi məsələsi vətəndaşlar tərəfindən düzgün anlaşılmayıb: “Bu sayğacların göstəriciləri fiziki şəkildə oxunmalıdır. Əməkdaşımız sayğaca yaxınlaşır, göstəricini qeydə alır və işə qayıtdıqdan sonra o göstəriciləri bazaya yükləyir. Bazaya yükləyəndən sonra artıq onun limit hesablanma mərhələsinə başlanır. Smart sayğaclarda bu proses dekabrın 31-i saat 00:00-da avtomatik olaraq həyata keçirilir və yeni il üçün olan limitdən istifadə olunur. Mexaniki-elektron sayğaclarda isə dediyim formada icra olunur. Bu sayğaclar üçün hesabat dövrü yanvarın 5-dən növbəti ilin ilk ayının 5-nədir. Yanvar ayının ilk 4 günü qeyri-iş günü olduğundan proses ayın 5-dən sonra başlayır. Bir sözlə, proses yanvarın 10-a qədər tamamlanır”. Qurum rəsmisi qeyd edib ki, bəzi abonentlər müraciətlərində prosesin ayın 10-a qədər davam etməsini istəmədiklərini bildiriblər: “Onlar sayğaclarının daha tez oxunmasını istəyirdilər. Qaynar xəttə foto göndərilməsi təklifi məhz sayğacların tez oxunması üçün idi. Bir şərtlə ki, fotonun üzərinə tarix düşsün. Bu, heç də bütün abonentlərə şamil olunmur. Yəni bütün abonentlərdən xahiş olunmurdu ki, fotonu çəkib göndərsinlər. Bəlkə biri sayğacının fotosunu noyabr ayında çəkib, amma yanvarda göndərir. Ola bilər ki, biri yanvarın 8-i sayğacının fotosunu göndərib. Halbuki onun sayğacı əvvəl oxunub. Artıq abonentin foto göndərməsi lüzumsuzdur”. Real durum heç də “Azəriqaz” rəsmisinin dediyi kimi deyil. Çoxsaylı mexaniki-elektron sayğaclara fiziki şəkildə baxış keçirilmir. Onların yolunu gözləyən abonentlər isə sayğaclarının forosunu qaynar xəttə göndərənə qədər bəlli bir zaman keçir. Bu da limitin sıfırlanması prosesini ləngidir. Xatırladaq ki, 2019-cu ilin aprelin 30-da Tarif (qiymət) Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilməsi barədə qərar verib. Bununla da əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 2 200 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 2 200 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?