Bakı Nəqliyyat Agentliyi son illərdə yaradılan strukturlar arasında ən uğursuz və fiaskoya uğramış qurumlardan biridir. GundemXeber.Az-ın müşahidələrinə, mediada gedən məlumatlara əsasən məlum olur ki, ictimai nəqliyyatdakı xaosu aradan qaldırmaq, parklanmanı təşkil etmək üçün fəaliyyətə başlamış BNA iflas etmiş layihədir.
Vüsal Kərimlinin rəhbərlik etdiyi BNA bu illər ərzində nə normal parklanmanı təşkil edib, nə dayanacaqlardakı monitorların işləməsini təkmilləşdirib, nə dayanma-durma ilə bağlı cərimələrin yazılmasında dürüst fəaliyyət göstərir. Elə bunun nəticəsidir ki, Prezident dayanma-durma cəriməsinin yazılması səlahiyyətlərinin bir hissəsini BNA-dan alaraq təkrar Dövlət Yol Polisinə qaytarıb. Elə ilk gündən dayanma-durmanın DYP-dən alınıb BNA-ya verilməsi yanlış seçim idi. O baxımdan bu səlahiyyətlərin tamamilə alınaraq DYP-yə qaytarılması zamanıdır.
BNA qoçuları və cərimə yazıb qaçanlar...
Çünki bu müddət ərzində BNA onsuz da nə parklanma yerlərini təşkil edə bilib, nə nəqliyyat müfəttişləri doğru-düzgün işini həyata keçirirlər. Dəfələrlə video faktlar təqdim olunub, özünü Ziya Məmmədovun qoçuları kimi aparan BNA əməkdaşlarının xəlvətcə dayanma-durma cəriməsi yazıb aradan çıxması ifşa edilib. Parklanma düzgün qurulmadığı halda V.Kərimlinin pulyığanları sürücülərin əsəblərini tarıma çəkməklə, oğrun-oğrun avtomobillərin şəkillərini çəkib aradan çıxmaqla məşğuldurlar. Yeri gəlmişkən, BNA pandemiya dövründə də sınaqdan alnıaçıq çıxa bilməyib. Avtobuslarda sıxlıq, intervalda nöqsanlar, “Baku bus” sürücüləri isə özlərini ağa kimi aparırlar. Ümumiyyətlə, BNA rəhbəri Vüsal Kərimli dövlətin, prezidentin ümid etdiyi layihəni batırıb. Paytaxtda parklanma demək olar ki, heç 30 faiz təşkil edilməyib, yenə qanunsuz şəkildə sürücülərdən pul yığanlar var.
BNA isə onlarla heç bir mübarizə aparmır. Əvəzində çağırış edir ki, onlarla mübarizədə bizə kömək edin. Görəsən kim BNA-ya yardım etməlidir?
Qurum özü həmin şəxslərin öhdəsindən gəlmir, onlar isə sürücülərdən dayanma parkında pul yığır, sürücü isə arxayın olub harasa gedir, qayıdanda görür ki, BNA əməkdaşı cəriməni yazıb, aradan çıxıb. Halbuki Prezident bu sahədə narazılıq yaratmaq deyil, problemləri həll etməyi tapşırmışdı. Amma Vüsal Kərimli etimadı doğrultmur, narazılıqlar isə artmaqdadır.
Məmur oğlunun “Alpina”sı...
Xeber.de mətbuatda yayılan informasiyalara istinadən bildirir ki, Bakı Nəqliyyat Agentliyi şübhəli tenderlərə də “imza” atmaqdadır.
Bu haqda cumhuriyyet.net yazıb ki, ötən ilin iyulun 9-da BNA tərəfindən keçirilən satınalmanın qalibi olan “Alpina Parking Consulting” MMC yüksək vəzifəli məmurun övladına məxsusdur. “Alpina Parking Consulting” MMC-nin qalib olduğu satınalmanın məbləği 2 milyon 124 min manat təşkil edir. Şirkət Bakı şəhərinin inzibati ərazisində yerləşən yoldan kənar parklanma sahələrinin ümumi qiymət siyasətinin araşdırılması, müəyyən edilməsi və iqtisadi əsaslandırılması, yoldan kənar parklanma sahələrinin analiz edilməsi, infrastrukturun qurulması üçün məsləhət və parklanma yerlərinin idarəedilməsi üzrə audit xidmətini həyata keçirəcək. “Alpina Parking Consulting” MMC 14.02.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, ev 18A, qanuni təmsilçisi Əhmədzadə Sənan Rafiq oğludur. Bununla bağlı məlumata görə, 1992-ci il təvəllüdlü Əhmədzadə Sənan adi şirkət sahiblərindən sayılmır. Belə ki, Əhmədzadə Sənanın atası Rafik Əhmədov Nazirlər Kabineti Aparatının Beynəlxalq kredit və yardımlar üzrə şöbəsi müdirinin müavini vəzifəsində çalışır. İlginc məqam budur ki, BNA-nın keçiridyi sözügedən tender “Dövlət Satınalmaları Haqqında” Qanuna görə keçirilə bilməz. Buna səbəb isə Qanunun 13.1 maddəsinin tələblərinin pozulmasıdır. Belə ki, Dövlət Satınalmaları Haqqında” Qanunun 13.1-ci maddəsinə görə Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir. Məlum olduğu kimi, burada isə sifarişçi təşkilat olan Bakı Nəqliyyat Agentliyi qalib elan edilən təşkilatın qanuni təmsilçisinin atasının yüksək vəzifə tutduğu Nazirlər Kabinetinə tabeli qurumdur. Digər maraqlı məqam isə keçirilən tenderdə Maliyyə və İqtisadiyyat nazirliklərinin nümayəndələrinin yuxarıda qeyd olunan məqama diqqət etməmələridir. Qanunvericiliyə görə tender predmeti bir milyon manatdan artıq olduqda Maliyyə və İqtisadiyyat nazirliklərinin nümayəndələri tender komissiyasının tərkibinə mütləq daxil edilməlidir.
Adsız şirkətə milyonlar...
Ötən il Bakı Nəqliyyat Agentliyi marşrut xətlərinin planlaşdırılması, qrafik üzrə idarə olunması üçün proqram təminatının alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub. Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, dəyəri 3 milyon 498 min manat olan tenderin qalibi “Aris” MMC olub. Tenderin şərtlərində bildirilir ki, şirkət proqram təminatının öyrədilməsi üzrə təlim, Bakı şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin marşrut xətlərinin planlaşdırılması və qrafiklər üzrə idarə olunması üçün ümumi proqram təminatı (lisenziya), Bakı şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin marşrut xətlərinin planlaşdırılması və qrafiklər üzrə idarə olunması üçün ümumi proqram təminatının quraşdırılması və sazlanması, təqdim olunan struktur məlumatlarının emal olunaraq sistemə inteqrasiya olunmasını həyata keçirəcək. “Aris” MMC ilə bağlı apardığımız araşdırmalar zamanı məlum oldu ki, əsasən suvarma sistemləri sahəsində ixtisaslaşan şirkət 19.03.2018 tarixində yaradılıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Ruslan Haqverdiyev Rüstəm oğludur. Qeyd edək ki, “Aris” MMC təkcə bu il nəqliyyat sektorunda keçirilən 4 tenderin qalibi olub. Belə ki, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi”nin “Telefoniya sistemi üçün avadanlıqlar, quraşdırılması və sazlama işləri” (41844.57 AZN) BNA-nın “İnformasiya və kommunikasiya texnologiyaları üzrə 12 (on iki) aylıq texniki xidmət (828360 AZN). Və “Bakubus” MMC-nin İnformasiya Texnologiyaları sahəsi üçün texniki dəstək xidmətlərinin satınalınması (220248.89 AZN) üzrə keçirilən tenderlərin qalibi olub. Şirkət başqa dövlət qurumlarının keçirdiyi satınalmaların qalibi olmayıb.
“ARİS” MMC ilə şübhəli tenderlər
Bakı Nəqliyyat Agentliyi “ARİS” MMC ilə maliyyə dəyəri 3 milyon 498 min 316.5 AZN olan müqavilə imzalayıb. Bunla bağlı müqaviləyə əsasən şirkət Bakıda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin marşrut xətlərinin planlaşdırılması və qrafiklər üzrə idarə olunması üçün ümumi proqram təminatını, iş və xidmətləri həyata keçirməli və bununla əlaqədar BNA-nı müvafiq mallarla təmin etməlidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “ARİS” MMC 19 mart 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayanu, Hüseyn Cavid pr, ev 87A, m 757-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Haqverdiyev Ruslan Rüstəm oğludur. Onunla bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur. “ARİS” MMC isə BNA-nın şübhəli tenderlərində iştirak edən şirkət kimi tanınır. Məsələ burasındadır ki, BNA bu ilin avqust ayında MMC ilə 828 min 360 AZN dəyərində müqavilə imzalayıb. Müqavilədə “ARİS” MMC-nin “İnformasiya və kommunikasiya texnologiyaları üzrə 12 (on iki) aylıq texniki xidmət” həyata keçirməsi nəzərdə tutulub. Mediada yayılan məlumatlara görə, “ARİS” MMC daha əvvəl də BNA-nın keçirdiyi tender müsabiqəsində qalib olub. Bu ilin fevralında qurum şirkətlə 220 min 248.89 AZN dəyərində müqavilə imzalayıb. “ARİS” MMC BNA üçün “Personal kompyuter, server, şəbəkə, telefoniya infrastrukturu və avtobuslarda ödəniş sistemlərinin yenidənqurulması və aylıq texniki xidmətləri” göstərib. 2019-cu ildə isə BNA ilə ARİS MMC arasında 2 müqavilə imzalanıb. İddialara görə, hər iki müqavilə satınalma proseduru keçirilmədən “ARIS” MMC-yə verilib. Maliyyə dəyəri 1 milyon 201.8 AZN olan birinci müqavilədə foto və video qeydiyyatı aparan xüsusi aşkarlama cihazlarının satın alınması və quraşdırılması nəzərdə tutulur. İkinci müqavilə isə şirkətin BNA-nı bu sistemin fəaliyyətini təmin etmək üçün serverlər və informasiya texnologiyaları avandanlıqları ilə təmin etməsi ilə bağlıdır. Müqavilənin maliyyə dəyəri 1 milyon 595.4 min AZN olub. Göründüyü kimi BNA “ARİS”ə vaxtaşırı müraciət edir. Bu da tenderlərin şəffaf keçirildiyinə şübhələri artırır. Digər tərəfdən, mediada gedən məlumatlara görə, “ARİS” MMC-nin dövlət büdcəsinə 68 min 836.62 manat vergi borcu var. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsi vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir
Sorğu
Yeni dizaynımız necədir?