Lerik rayonun Peştətük kəndində torpaqların tutulması ilə bağlı şikayətlər səngimir. Rayonun adının çəkilməsini istəməyən bir sakinin deməsinə görə, ən yaxşı torpaqları müxtəlif təşkilatlar, şirkətlər ələ keçiriblər:
“Otlaq yeri olmasa mal saxlamaq olmur”
“Peştətük kəndin örüş yerləri, meşə ərazisi ələ keçirilib. Güya nə isə edirlər. Otlaq yeri olmasa mal saxlamaq olmur. Bunun hesabına yüzlərlə ailə gəlirdən məhrum olur. Elə buna görə də Bakı şəhərinə axın var. Kənddə qalan cavanları barmaqla saymaq olar. Özbaşınalıqdır. Cənub Turizm və İstirahət Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) deyilən bir təşkilat kəndin torpaqlarını zəbt edib.”
Həmsöhbətimin dediyinə görə bununla bağlı kənd sakiniləri ölkə prezidentinə müraciət ediblər :
“Torpaqlarımızı məmurlar Bakıda öz aralarında bölürlər”
“Rayon rəhbərliyi bunun qarşısında acizdir. Torpaqlarımızı məmurlar Bakıda öz aralarında bölürlər. Lənkərançayın üstündə boş yer yoxdur. Meşələri qırıblar, istirahət zonaları, restoranlar tikiblər. Kəndin cavanları isə başqa yerlərdə iş axtarırlar. ”
“Qalmışıq sahibkarla vətəndaş arasında”
Lerik Rayon İcra Hakmiyyəti başcısının müavini Habil Məlikov isə mövzu ilə bağlı bunları deyib:
“Peçtətük kəndində 70 yaşayış evi var, burda 500-dən yuxarı əhali yaşayır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi torpaqları bir sahibkara verib. Meşə zonasıdır, torpaqlardır. Amma kəndin mal-qarası burdan qidalanır. Biz də qalmışıq sahibkarla vətəndaş arasında. Kənd sakinləri narazıdırlar. İndi də bu məsələ çxıb Prezident Administrasiyasına. Sahibkara deyirik ki, işləri dayandır, sahibkar deyir ki, torpaq mənimdir. Əslində sahibkarda da günah yoxdur.”
Yazı sayta hazırlanarkən yenidən Lerik Rayon İcra hakimiyyəti başçısının müavini Habil Məlikovla əlaqə saxlayası olduq. Müavinin dedyinə görə, torpaqların mərkəzə verilməsi barədə hələ qərar yoxdur:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyində hələ qəti qərar qəbul edilməyib. Amma orda iş dayanmayıb. Kənd sakinlərin narahatçılığı davam edir.”
“Hesab edin ki, həmin torpaqlar kəndin içindədir.”
Onun sözlərinə görə vaxt keçsə də problem həll edilməmiş qalır:
“Cənub İstirahət və Turizm Mərkəzi MMC həmin torpaqlarda inşa edilib. Bu mərkəz əlavə olaraq 6 hektar torpaq alıb. Meşə torpaqlarıdır. Hesab edin ki, həmin torpaqlar kəndin içindədir.”
“Biz boş meşə torpaqlarında 7 min ədəd ağac əkmişik”
Cənub Turizm və İstirahət Mərkəzi MMC -nin icraçı direktoru Vüsal Quluzadə isə deyir ki, onların əlində bu torpaqlarla bağlı sənədləri var:
“Böhtan xarakterlidir. Torpağa sənədimiz, müqaviləmiz var. 12 ildir burda fəaliyyət göstəririk. Biz boş meşə torpaqlarında 7 min ədəd ağac əkmişik. O ağacları çıxardırlar, yandırırlar. Kənd sakinləri deyir ki, bizim payıbəlli torpaqlarımızdır. Qanunla meşə torpaqlarıdır, qanunla bizə veriblər. Bu torpağı dövlət verir, sahibkar nə edə bilər? Torpağı verməsələr sahibkar orda əkin əkməz. Hazırda əlmizdə 5 hektar torpağa çıxarışımız var.”
Məsələyə, hələlik, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən münasibət almaq cəhdləri nəticə verməyib./dia.az/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?