Hacıqabul rayon sakini Ramin Əliyev “Gözətçi”yə göndərdiyi şikayətdə bildirib ki, o, 2020-ci il sentyabrın 30-dan könüllü olaraq İkinci Qarabağ müharibəsində iştirak edib. Füzuli, Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə vuruşub, oktyabrın 20-də yaralanıb.
“Yaralandıqdan sonra, ilk olaraq Neftçalada müalicə almışam. Sonra Lənkərana getmişəm, iki gün də orada qalmışam. Daha sonra Mərkəzi Hərbi Klinik Hospitalına gətirilmişəm. Oradan təxris olunduqdan sonra öz hesabıma Şirvanda və Hacıqabul xəstəxanasında müalicə olunmuşam”.
R. Əliyev deyir ki, müalicəsi üçün həm rayonun İcra Hakimiyyətinə, həm də YAŞAT fonduna müraciət edib. Ancaq şikayətçinin iddiasına görə, YAŞAT fondundan onun qarşısına şərtlər qoyulub:
“Mənə dedilər ki, sizə ya ev əşyası verə bilərik, ya iki min beş yüz dəyərində bir şey, ya da pul. Bildirdim ki, mənə bunların heç biri lazımdır deyil, mənə müalicə lazımdır. Adicə həyətdə iş görmək istədim, qolumda damar saraldı, şişdi. Mən sadəcə istəyirəm ki, sağlamlığımı qaytarsınlar”.
Şikayətçi bildirir ki, əlində xəstəliyi haqqında sənədlər olsa da, əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı heç bir müəssisəsəyə müraciət etməyib.
“Məndə kəllə-beyin travmasıdır. İki dəfə başımı rentgendən çıxartmışam, birini Mərkəzi Hərbi Klinik Hospitalda, birini də Şirvan xəstəxanasında. Hər iki xəstəxanadan da deyilib ki, beynimin sol tərəfinə tamamilə qan işləmir, sağ tərəfinə də çox zəif işləyir. Məndə qıc olmalar gedir, epilepsiya tutmalar olur,
getdiyim yerdə ürəyim sıxılır, yaddaş zəifləyir. Sol ayağım topuğumdan çöldədir, axsaya-axsaya gəzirəm”.
R.Əliyevin sözlərinə görə, getdiyi xəstəxanalarda həkimlərin ona münasibət yaxşı olsa da, müalicəsini ancaq öz imkanı daxilində edə bilib.
“Mənim imkanım çatan müalicə nə olacaq? Ancaq sakitləşdirici vurulur. Gecələr isə demək olar ki, yatmıram. Yatdığım yerdə diksinirəm, qorxub ayılıram”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?