Fərhad Əhmədova məxsus mülklərdə təmir-tikinti işlərinə cəlb edilən bir qrup işçi piketə hazırlaşır.
Gundemxeber.Az bildirir ki, bu barədə Pravda.az-a işçilərdən biri məlumat verib.
Təmir-tikinti işlərinə cəlb edilərək fəhlə, usta, memar, mühəndis, nəzarətçi və s. kimi işləyən şəxslər müraciətlərində iş adamı Fərhad Əhmədovun 2 il ərzində onlarla insanın haqqını ödəməməsinə görə etirazlarını bildiriblər.
“Ölkəmizdə işsizliyin aradan qaldırılması məqsədilə inşaat sektorunda ixtisaslı fəhlə, usta, təşkilatçı briqadir, təcrübəli mühəndis yetişdirmə və işlə təmin etmə istiqamətində 2008-ci ildə qurulmuş Rezident.Az İnşaat Platforması vasitəsilə müxtəlif vaxtlarda və müxtəlif coğrafiyalarda təmir-tikinti işlərində işləyən Azərbaycan Respublikasının vətəndaşlarıyıq. 2017-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayına qədər növbəti layihəyə – Göyçay rayonu, Potu və İsmayıllı rayonu Kürdmaşı kəndlərində yerləşən, Fərhad Əhmədova məxsus mülklərdə təmir-tikinti işlərinə cəlb edilərək fəhlə, usta, memar, mühəndis, nəzarətçi və s. kimi işləmişik. Tikinti işlərinin təhvil verildiyi 2019-cu ilin aprel ayından Fərhad Əhmədov müxtəlif bəhanələr gətirərək bizə olan borcunu ödəməkdən imtina edir. Müxtəlif bəhanələrlə Fərhad Əhmədov 4 dəfə qeyri-rəsmi yerli audit yoxlama aparan mütəxəssislər, 1 dəfə Rusiya Federasiyasından rəsmi audit yoxlama aparan mütəxəssislər dəvət edərək görülən işləri yoxlatdırıb. Fərhad Əhmədov tərəfindən aparılmış bütün yoxlamaların nəticələri bizim lehimizə olmasına baxmayaraq Əhmədov ədalətsizlik nümayiş etdirərək bizə olan borcu artıq 2 ildir ki, ödəmir.
Onlarla insanın ümumilikdə 510 min manata yaxın pulu ödənməmiş olaraq qalır. Fərhad Əhmədovun onlarla Azərbaycan vətəndaşına qarşı kobud hüquq pozuntu halının qarşısının alınması məqsədilə biz Göyçay və İsmayıllı rayon icra hakimiyyətlərinə müraciət edərək Fərhad Əhmədova məxsus, Göyçaydakı “AZNAR” QSC-nin və İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən “KƏND” MMC-nin qarşısında piket keçirilməsi üçün icazələrin verilməsini istəmişik. Fərhad Əhmədov əcəba eyni davranışı Rusiya vətəndaşlarına qarşı da sərgiləyə bilərmi, çox maraqlıdır…” – müraciətdə qeyd olunub.
Bir aya yaxındır ki, piket keçirmək üçün müraciət etsələr də, rəsmi qurumlardan onların məktubuna cavab verilməyib.
Yazıda adı çəkilən şirkətlərdən mövqe almaq üçün etdiyimiz cəhdlər baş tutmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Xatırlatma: Bir neçə gün öncə də “Teymur Əhmədov adına Aznar QSC”-nin tabeçiliyində olan “Grante trading” şirkətinin işçiləri etiraz etmişdilər. Qeyd olunub ki, dövlətə maddi yardım etdiyi bildirilən şirkətdə işdən çıxan işçilərin belə maaşları verilmir, hətta bəzi işçilərin maaşları onların razılığı olmadan azaldılır. İşçilərin toplaşaraq etiraz etmələrini əks etdirən fotoları da təqdim edirik.
Sorğu
Yeni dizaynımız necədir?