Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər üzrə nümayəndəliyi şəhərdaxili yolların əsaslı təmiri üzrə elan etdiyi tenderin qalibini açıqlayıb.
Qalib şirkət “Birlik-3A” MMC-dir. İcra Hakimiyyəti görüləcək işlərin müqabilində şirkətə 746 201.76 AZN ödəyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Birlik-3A” MMC 23 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnanə kapitalı 50 AZN olan şirkətin hüquqi ünvanı Masallı rayonu Göyçəgöl kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Cəbiyev Mübariz Abdin oğludur.
“Birlik-3A” MMC şübhəli şirkətlərdən hesab olunur. Şirkət əsasən cənub bölgəsinin yerli qurumlarının keçirdiyi tenderlərin qalibi olur. Elə ötən il “Birlik-3A” MMC Masallı İcra Hakimiyyəti başçısının Masallı şəhər üzrə nümayəndəliyi ilə 747 672 manatlıq satınalma müqaviləsi imzalayıb. Müqavilədə şəhərdaxili yollarının asfalt-beton təmiri işlərinin satın alınması nəzərdə tutulub. Maraqlıdır ki, bir ildən sonra yenidən şəhərdaxili yolların təmirinə ehtiyac duyulub.
Bundan başqa, şirkət ötən il Astara rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin də qalibi olub. İcra Hakimiyyəti ilə MMC arasında bağlanan 542 615 manatlıq müqavilədə Astara rayonu ərazisində yolların əsaslı təmirini həyata keçirmək nəzərdə tutulub.
“Birlik-3A” MMC yollarının təmiri ilə bağlı tenderlərin qalibi olsa da, taxta evlərin hazırlanması sahəsində ixtisaslaşıb. Hər halda mediada şirkət məhz bu cür təqdim edilir.
2018-ci ildə mətbuatda yer alan məlumatlarda qeyd olunur ki, Masallı Sənaye Məhəlləsində yenicə fəaliyyətə başlayan “Birlik-3A” MMC taxta evlər istehsal edəcək.
“Birlik-3A” MMC-nin qanuni təmsilçisi Mübariz Cəbiyevə gəlincə, onun adına mülki məhkəmə işində rast gəlinir. Vahid Məhkəmə Portalında göstərilir ki, Mübariz Cəbiyev 2019-cu ildə evə köçürülmə iddiası ilə məhkəməyə müraciət edib. Birinci instansiya onun iddiasını təmin etdiyindən cavabdeh tərəf apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi isə birinci instansiyanın qərarını qüvvədə saxlayıb.
Mübariz Cəbiyev “Birlik-3A” MMC-nin yeni qanuni təmsilçisidir. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğlu olub. Zaur Abıyev “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinin də qanuni təmsilçisidir. Bu şirkət də əsasən cənub rayonlarının yerli qurumları tərəfindən elan edilən tenderlərin qalibi olur.
Zaur Abıyevin adı “MTN işi”ndə də keçir. O, iş üzrə zərəçəkmiş qismində tanınıb.
İddialara görə, Zaur Abıyevlə Mübariz Cəbiyev əslində “proxy fiqurlar”dır. Onların qanuni təmsilçisi olduğu şirkətlər isə yerli məmurlara bağlıdır.
Bəlkə də bu səbəbdəndir ki, 20 noyabr 2019-cu il tarixdən Masallıya rəhbərlik edən Şahin Məmmədov da sözügedən şübhəli şirkətlərlə əməkdaşlığa üstünlük verib. //HİT.az//
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?