1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin I hissəsində qeyd olunub ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar bir dövlətdir. Bu hüquqi dövlət hüquqla, qanunla idarəetmədə qaydaların hökmranlığı ilə sıx bağlı olan, fəaliyyəti və quruluşu xalqın iradəsinə uyğun gələn, insan hüquq və azadlığının müdafiə olunduğu bir dövlət tipidir. Hüquqi dövlətin sosial əsası özünütənzimləyən vətəndaş cəmiyyətidir və bu dövlət vətəndaş cəmiyyətinin forması kimi çıxış edir. Bu tip dövlətlərin mərkəzində insan və onun maraqlarının müdafiə olunması daim öndə tutulur. Faktdır ki, Azərbaycan dövləti daxili məsələlərin həllində hüquqa, qanuna əsaslanır və hüquqi-demokratik dövlətlərdə konstitusiya qanunları hüquqi baza kimi ictimai həyatın bütün sahələrini əhatə edir.
Bu belə olduğu halda, görəsən bu gün ölkəmizin məhkəmə sistemində hər bir hakim hüququ, onun aliliyini uca tutur, yoxsa tapdaqlar altına atır?. Belə bir məsələlərlə bağlı az-çox məlumat əldə etmək üçün 12 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi ilə keçirilən məhkəmə prosesində (İş № 2(009)-62/2021) çıxarılmış qətnaməyə, həmçinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2021-ci il tarixdə hakim Mərdanova Xumar Afət qızının sədrliyi ilə keçirilən məhkəmə prosesi (İş № 2(103)-4110/2021) zamanı atılan addımlara diqqət yetirmək kifayət edər ki, əsl həqiqətlər haqda müəyyən qədər xəbərdar olasan.
Qeyd edək ki, 2001-ci il tarixdən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 20-ci küçədə yaşayan Səmədov Fikrət Paşa oğlu “tikilidən çıxarılma” tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edir. Bu şəxs iddia tələbində cavabdehlər Məmmədov Fuad Faiq oğlunun və Məmmədova Ülviyyə Fikrət qızının ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, 3-cü y/m, 20-ci küçə ünvanında yerləşən mənzildən çıxarılmaları və həmin mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
Səmədov Fikrət Paşa oğlu iddia tələbini onunla əsaslandırır ki, o, illər öncə Bakı şəhəri, Səbail rayonu, 3-cü y/m, 20-ci küçə ünvanında 6 sot torpaq sahəsi alıb ev tikir və bu gün də orada ailə üzvləri ilə birlikdə yaşamaqdadır. 2011-ci ildə isə o, aldığı torpaq sahəsinin digər hissəsində şəxsi vəsaiti hesabına başqa bir ev tikir və həmin evi Məmmədov Fuad Faiq oğluna və Məmmədova Ülviyyə Fikrət qızına müvəqqəti yaşamaq məqsədilə verir.
Hər iki şəxs müvəqqəti yaşamaq məqsədilə onlara verilmiş evdə bir müddət yaşadıqdan sonra evi tərk edəcəklərini vəd versələr də, hazırda onlar həmin evdə yaşamaqda davam edirlər və bu gün də evi boşaltmaq fikirində deyillər. Keçirilən məhkəmə iclası zamanı cavabdehlərdən biri Məmmədov Fuad Faiq oğlu “Sözügedən mənzili şəxsi vəsaitimlə tikmişəm və Fikrət Səmədov mənzilin tikintisində pul xərcləməmişdir”, digər cavabdeh Məmmədova Ülviyyə Fikrət qızı isə “Sözügedən torpaq sahəsi nə iddiaçının, nə də ki, cavabdehin mülkiyyətində deyil. Mənzil özbaşına tikilidir və 6 sot torpaq sahəsi dövlətin mülkiyyətindədir” desə də, 19 dekabr 2019-cu il tarixdə qonşuları Şirinov Oqtay Fətulla oğlunun, Şirinov Malik Fərhad oğlunun və Şirinov Misir Fərhad oğlunun iştirakı ilə tərtib olunmuş aktda qeyd olunub:
“Səmədov Fikrət Paşa oğlu Bakı şəhəri, Səbail rayonu, 3-cü y/m, 20-ci küçə ünvanında yerləşən və ona məxsus olan torpaq sahəsini mişar daşı ilə hasara alaraq, torpaq sahəsinin yuxarı hissəsində 2001-ci ildə ev tikir və ailə üzvləri ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. Torpaq sahəsinin hasarını Şirinov Misir Fərhad oğlu çəkmişdir. Səmədov Fikrət Paşa oğlu mişar daşı ilə hasara saldığı torpaq sahəsinin içərisində tikdiyi evdə yaşaya-yaşaya, evin ön hissəsində hasardan 50 (əlli) sm içəri ikinci dəfə 2 (iki) otaqlı evi Səmədov Fikrət Paşa oğlu şəxsən özü tikmişdir. İkinci evin tikintisində Şirinov Oqtay Fətulla oğlu usta işləmişdir”. Bundan əlavə, məhkəməyə Səmədov Fikrət Paşa oğlunun 7 (yeddi) nəfərdən ibarət ailə üzvləri ilə birlikdə sənədsiz tikili evdə qeydiyyatsız yaşamaları haqda, 18 noyabr 2019-cu il tarixdə Badamdar bələdiyyəsi tərəfindən verilmiş arayış, eyni zamanda qeyd olunan torpaq sahəsindən istifadəyə dair, 2015-ci ildən əmlak və torpaq vergisi üzrə ödənilmiş şəxsi hesab vərəqi də təqdim olunur. Belə bir sənədlər məhkəməyə təqdim olunsa da, çox təəssüflər olsun ki, hakim İlkin Rüstəmli bunların heç birinin hüquqi əsas vermədiyini bildirir.
Hətta o, Badamdar bələdiyyəsi tərəfindən Səbail Rayon Məhkəməsinə təqdim olunmaq üçün verilmiş arayışı əhəmiyyətsiz sənəd hesab etməkdən də çəkinmir. O halda sual oluna bilər ki, əgər hakim belə bir qənaətə gəlibsə, nə əcəb o, ona verilmiş səlahiyyətindən istifadə etməklə, əhəmiyyətsiz hesab etdiyi arayışın araşdırılması yöndə addımını atmır?. Deməli, bu cür addımların atılmasında hakim İlkin Rüstəmli hansısa maraqlarını öndə tutur ki, məhz belə bir yanaşmasını ortaya qoymaq qərarına gəlir.
Bütün bunlara baxmayaraq, 12 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə hakim İlkin Rüstəmli Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini əsas tutaraq, Səmədov Fikrət Paşa oğlunun cavabdehlər Məmmədov Fuad Faiq oğlunun və Məmmədova Ülviyyə Fikrət qızının ailə üzvləri ilə birlikdə “tikilidən çıxarılma” tələbinin təmin olunmaması yöndə qətnamə qəbul edir.
Məsələnin daha diqqəti cəlb edən tərəfi o olur ki, Səmədov Fikrət Paşa oğlu 12 fevral 2021-ci il tarixdə Səbail Rayon Məhkəməsində çıxarılmış qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti edib, qeyd olunan qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etsə də, son anda o, nəyəsə nail ola bilmir. Yəni, iddiaçı Səmədov Fikrət Paşa oğlu apellyasiya şikayətini onunla əsaslandırır ki, Səbail Rayon Məhkəməsinə bu iş üzrə məhkəmə prosesi keçirilən zaman, məhkəmə qətnamədə tərəflərin hansı hüquq münasibətində olduğunu müəyyən etməmiş, yalnız iddiaçının subyektiv hüququnun olmamasını əsas gətirərək iddianı təmin etməmişdir. Bununla da Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan əlavə, məhkəmə işə 12 fevral 2021-ci il tarixdə baxdığı halda iddiaçıya məlumat verilir ki, iş təxirə salınır və başqa vaxta keçirilir. Bununla da iddiaçının irəli sürdüyü iddia tələbini müdafiə etmək hüququ pozulur. Bundan başqa iddiaçının şahidləri məhkəmədə dindirilmir, təqdim olunan sübutlar araşdırılmır. Ən əsası, məhkəməyə Səmədov Fikrət Paşa oğlunun 7 (yeddi) nəfərdən ibarət ailə üzvləri ilə birlikdə sənədsiz tikili evdə qeydiyyatsız yaşamaları haqda 18 noyabr 2019-cu il tarixdə Badamdar bələdiyyəsi tərəfindən verilmiş arayış, eyni zamanda qeyd olunan torpaq sahəsindən istifadəyə dair, 2015-ci ildən əmlak və torpaq vergisi üzrə ödənilmiş şəxsi hesab vərəqi təqdim olunsa da, məhkəmə həmin sübutları qəbul etməmiş və iddiaçının iştirakı olmadan qətnamə qəbul etmişdir. Bununla da Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Düşündürücü hal ondan ibarətdir ki, bir tərəfdən məhkəmə iddiaçıya iddia qaldırmaq üçün subyektiv hüququnun olmadığını bildirir, digər tərəfdən isə tikinti texniki ekspertizasının keçirilməsini vacib hesab edir. Bu da onu söyləməyə əsas verir ki, belə bir halın qətnaməyə salnmasının yalnız bir səbəbi var, o da iddiaçıdan ekspertiza xərclərini əldə etməyə hesablanmış addımdır.
Sonda onu qeyd etmək istəyirik ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 27 aprel 2021-ci il tarixdə hakim Mərdanova Xumar Afət qızının sədrliyi ilə keçirilən məhkəmə prosesi (İş-2(103)-4110/2021) zamanı da, yuxarıda qeyd olunan hallar lazımınca araşdırılmır. Yəni, iddiaçının şahidləri məhkəmədə dindirilmədən, təqdim olunan sübutlar lazımınca araşdırılmadan, məhkəməyə Səmədov Fikrət Paşa oğlunun 7 (yeddi) nəfərdən ibarət ailə üzvləri ilə birlikdə sənədsiz tikili evdə qeydiyyatsız yaşamaları haqda, 18 noyabr 2019-cu il tarixdə Badamdar bələdiyyəsi tərəfindən verilmiş arayışa, eyni zamanda qeyd olunan torpaq sahəsindən istifadəyə dair 2015-ci ildən əmlak və torpaq vergisi üzrə ödənilmiş şəxsi hesab vərəqinin varlığına əhəmiyyət verilmədən, Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrinin tələblərini əsas tutaraq məhkəmə kollegiyası 12 fevral 2021-ci il tarixdə Səbail Rayon Məhkəməsində (İş № 2(009)-62/2021) çıxarılmış qətnaməni qüvvədə saxlayır. Bütün bunlar onu sübut edir ki, hər iki məhkəmə instansiyası iddiaçı Səmədov Fikrət Paşa oğlunun Konstitusion hüquqlarını müdafiə etmək əvəzinə, məhz onun hüquqlarının tapdaqlar altına atılmasına yollar açırlar. Mövzu diqqətimizdədir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?