Azərbaycan müxalitənin liderlərindən biri, Azərbaycan Liberal Partiyasının lideri, professor Lalə Şövkət bu gün ölkə hökumətinə və yerli ictimaiyyətə ünvanlanan xüsusi müraciətlə çıxış edib.
Lalə Şövkət öz müraciətində hakimiyyəti bütün siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb. Virtualaz.org saytı ALP liderinin həmin müraciətinin mətnini təqdim edir:
“Bütün dünyanın ən məşhur siyasi məhbuslarından olan, adı dünyada hörmətlə anılan azadlıq və bərabərlik uğrunda əfsanəvi mübariz Nelson Mandelanın dəfn olunduğu bu günlərdə mən Azərbaycan hakimiyyətini onun xatirəsini təkcə quru sözdə yox, əməldə də yad etməyə və ÖLKƏDƏKİ BÜTÜN SİYASİ MƏHBUSLARI DƏRHAL AZAD ETMƏYƏ ÇAĞIRIRAM.
Azərbaycan hakimiyyətinin bu addımı təkcə dövlətimizin demokratikləşməsi yolunda tarixi gediş olmaqla kifayətlənməyərək Mandelanın xatirəsinin əziz tutulduğu indiki günlərdə həm də simvolik akt sayılardı.
Çağdaş dünyada dövlətlərin imici enerji ehtiyatları ilə və yaxud başqa iqtisadi göstəricilərlə yox, onun HUMANİST MAHİYYƏTİ VƏ NÜFUZU İLƏ BAĞLIDIR. BU İSƏ BİRİNCİ DƏRƏCƏLİ MƏSƏLƏDİR.
Siyasətin hüquqdan və qanunlardan üstün tutulduğu dövlət demokratik sayıla və ya belə adlana bilməz.
Siyasətin hüquqdan və qanunlardan üstün olduğu dövlət sivil dövlət sayıla bilməz. Çünki sivil dövlətlərdə hökumət qanunları qorumaq üçündür, şəxsiyyəti əzmək üçün yox.
Siyasətin hüquqdan və qanunlardan üstün olduğu dövlət hüquqi dövlət sayıla bilməz. Çünki hüquqi dövlətin ən başlıca postulatı və məğzi insan hüquq və azadlıqlarının mübahisəsiz və qeyd-şərtsiz üstünlüyü, qanunların aliliyidir.
Azərbaycanda siyasi məhbusların olması ölkəmizi sivil, hüquqi və demokratik adlandırmağa imkan vermir.
Ölkəmizdə siyasi məhbusların olması nəinki təkcə dövlətimizin nüfuzuna zərbədir, bu, həm də hökumətin başlıca səhvidir. Unutmaq olmaz ki, istənilən hökumət təkcə xalq qarşısında yox, həm də tarix qarşısında məsuliyyət daşıyır. Buna isə barmaqarası baxmaq olmaz.
Mən hakimiyyəti bir daha BÜTÜN SİYASİ MƏHBUSLARI AZAD ETMƏYƏ, bununla da sivil, azad və demokratik dünyaya tərəf addım atmağa çağırıram”.
Sorğu
Yeni dizaynımız necədir?