"Bir neçə gün öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NYRT) strukturuna daxil olmayan tabeliyindəki qurum “Azərmarka” MMC “Azərpoçt” MMC-yə birləşdirilib. Bir neçə il öncə də "AzEurotel"in təşkilati-hüquqi forması dəyişdirilərək "Baktelecom"un tabeliyinə verilib. Əvvəllər bu qurumun tabeliyindəki çoxsaylı qurumlar da ləğv edilərək "Baktelecom"a birləşdirilmişdi".
Gundemxeber.az "AzPolitika.info"ya istinadla xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz bildirib.
Onun sözlərinə görə, hazırda nəhəng regional dövlət telekommunikasiya operatoru olan "Aztelekom"la Bakı şəhəri və ətraf ərazilər üzrə telekommunikasiya operatoru olan digər inhisarçı qurumun - "Baktelecom"un birləşdirilməsinə hazırlıq görülür.
Mütəxəssisin sözlərinə görə, NRYTN bu qurumları ölkə üzrə vahid "Aztelekom" operatoru olaraq birləşdirməyi nəzərdə tutub: "Bununla bağlı beynəlxalq məsləhətçi şirkət prosesə cəlb olunub. Görünən odur ki, Nazirlik ətrafında ölan, tabeliyində olan və olmayan qurumların təmərküzləşməsi prosesi gedir. Bu qurumların bir çoxu da inhisarçıdır və birləşmədən sonra, müəyyən müddət üçün daha böyük inhisarçı qurumlar formalaşacaq".
O.Gündüz vurğulayıb ki, Nazirlik adı çəkilən inhisarçı qurumların vəziyyətini daha da yaxşılaşdırmaq və bundan sonra özəlləşmə məsələsini gündəmə gətirmək istəyir: "Əlbəttə, Nazirliyin sektorda vəziyyəti yaxşılaşdırmaq, korporativ idarəetməni təkmilləşdirmək, özəlləşdirmədən öncə müəssisələrin start vəziyyətlərini yaxşılaşdırmaq istiqamətidəki addımları anlaşılandır. Xatırlayıram ki, Prezident tərəfindən nazirin təyinatında da sektordakı bu tip problemlərin tez bir zamanda həllinə diqqət yönəldilmişdi.
Amma düşünürəm ki, bu tip birləşmə və təmərküzləşmə addımlarından öncə telekommunikasiya sektorunda müstəqil tənzimləyici qurumu yaratmaq daha doğru olardı. Bu istiqamətdə müəyyən rəsmi mesajlar olsa da, xeyli müddətdir ki, bu sahədə işlər ləngiyir. Əslində 2020-ci ilin sonunda bu proses yekunlaşmalıydı".
Ekspert qeyd edib ki, sözügedən birləşmələr, struktur dəyişiklikləri, inhisarçıların birləşməsi müstəqil tənzimləyici qurum olmadan mövcud rəqabət mühitini daha da pisləşdirə bilər: "Bu baxımdan, fikrimcə, hökumət sektorda müstəqil tənzimləyici qurumun - Milli Telekommunikasiya Qurumunun formalaşdırılmasını sürətləndirməli, telekommunikasiya sektorunda səlahiyyət bölgüsü konkretləşməlidir. Telekommunikasiya sektorunda indiki zamanda kommersiya fəaliyyəti göstərməyən, müstəqil olan, inhisarçılara və özəl sektora bərabər şərait və normal tənzimləyici qaydalar yaratmalı olan dövlət qurumuna ciddi ehtiyac var".
Sorğu
Yeni dizaynımız necədir?